!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ Universitetinin əməkdaşları necə seçilir? - Rektorla MÜSAHİBƏ

!Reklam – Yazi

Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsil ocağı ilə bağlı sialları cavablandırıb.

Yenicag.az Şahin Bayramovun AZƏRTAC-a müsahibəsini təqdim edir:

-Şahin müəllim, bu günlərdə Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin olunmusunuz. Sizi təbrik edirik və ilkin fikirlərinizi öyrənmək istərdik.

-Bildiyiniz kimi, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli müvafiq Sərəncamına əsasən yaradılıb. Fürsətdən istifadə edərək, göstərdiyi böyük etimada görə dövlətimizin başçısına bir daha sonsuz minnətdarlığımı ifadə edirəm.

Adını çəkdiyim Sərəncamda qeyd edildiyi kimi, Qarabağ Universitetinin yaradılmasında əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır. Məlumdur ki, Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində həm 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa və abadlıq işləri həyata keçirilir, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra edilir. Təbii ki, belə bir şərait Qarabağda və Şərqi Zəngəzurda yüksək ixtisaslı kadr hazırlığına tələbatı artırır, tarixən mövcud olmuş ali təhsil ənənələrinin bərpasını və inkişafını zəruri edir. Məhz bu kontekstdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaq.

– Qarabağ Universitetində ilk tədris ilinə hazırlıq prosesi necə davam edir?

-Yeni yaradılmış Qarabağ Universitetinin qısa müddət ərzində fəaliyyətə başlaması istiqamətində hazırda Elm və Təhsil Nazirliyinin birbaşa iştirakı ilə sistemli tədbirlər həyata keçirilir. 2024/2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində ali təhsilin bakalavriat səviyyəsində 6 fakültədə 27 ixtisas üzrə kadr hazırlığına start verilməsi nəzərdə tutulub. Cari ilin sentyabrında Qarabağ Universitetində ilk tələbələrimizi qarşılayacağıq. İlk tədris ilində Universitetimizdə 1000 nəfərdən artıq tələbənin təhsil alması gözlənilir. Hazırda Universitetin pedaqoji və inzibati heyətinin formalaşdırılması, tədris infrastrukturunun qurulması, abituriyentlər arasında təbliğat işlərinin aparılması və digər zəruri istiqamətləri əhatə edən kompleks fəaliyyətlər həyata keçirilir.

-Qarabağ Universitetinin qarşısında hansı vəzifələr qoyulub?

-Təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq ilk ali təhsil ocağı olması Qarabağ Universitetinin qarşısında ciddi vəzifələr qoyur. Başlıca vəzifəmiz Qarabağın dirçəldilməsində, orada həyatın bərpasında və hərtərəfli inkişafın təmin olunmasında fəal iştirak edəcək yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Həmin mütəxəssislərin yüksək nəzəri biliklərə, zəruri praktiki səriştələrə, müasir dünyagörüşünə və innovasiya bacarıqlarına sahib olmaları əsas prioritetlərimizdir. Qeyd olunan vəzifənin yerinə yetirilməsinə imkan verəcək müvafiq tədris məzmununun, təhsil texnologiyalarının və idarəetmə mexanizminin yaradılması istiqamətində lazımi addımların atılmasına start vermişik. Eyni zamanda, Qarabağ Universitetinin tədqiqat əsaslı ali təhsil müəssisəsi olması digər mühüm vəzifəmiz kimi müəyyən edilib. Belə ki, ölkəmizin yeni mərhələdəki inkişaf ehtiyaclarına töhfə verən və real tətbiq oluna bilən tədqiqat nəticələrinin əldə olunması, cəmiyyətin və iqtisadiyyatın konkret problemləri üzrə innovativ həllərin hazırlanması əsas məqsədlərimizdəndir. Bu baxımdan, innovativ tədqiqat alətlərinin tətbiqinə imkan verən elmi tədqiqat mühitinin yaradılması, müasir tədqiqat laboratoriyalarının formalaşdırılması, yerli və xarici qabaqcıl elmi tədqiqat mərkəzləri ilə faydalı əməkdaşlığın qurulması diqqət mərkəzində saxlanılacaq. Bu çərçivədə, tələbələrdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların elmi tədqiqat prosesinə və startap fəaliyyətlərinə aktiv cəlb olunması xüsusi önəm kəsb edəcək.

-Qarabağ Universitetində hansı ixtisaslar üzrə kadr hazırlığı aparılacaq?

-İlkin mərhələdə humanitar və sosial elmlər, iqtisadiyyat, mühəndislik, incəsənət, turizm və pedaqoji istiqamətlərdə ali təhsil proqramları həyata keçiriləcək. Növbəti illərdə isə fakültə və ixtisasların sayının artırılması nəzərdə tutulur. Kadr hazırlığı istiqamətində atılacaq önəmli addımlardan biri də Universitetdə 8 ixtisas üzrə SABAH qruplarının yaradılmasıdır. Belə ki, respublikamızın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələri müvafiq seçim prosesində uğurlu nəticələr göstərməklə, 2024/2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili), “Maliyyə”, “Mühasibat”, “Beynəlxalq münasibətlər” və “Hüquqşünaslıq” ixtisasları üzrə təşkil olunacaq SABAH qruplarında təhsillərini davam etdirə biləcəklər.

-Qarabağ Universitetinin əməkdaşları necə seçilir?

-Universitetin akademik və inzibati heyətinin formalaşdırılmasına start vermişik. Əsas məqsəd Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinə imkan verəcək yüksəkixtisaslı peşəkar kadrların seçilməsidir. Qarabağ Universitetində müvafiq vəzifələrin tutulması üzrə elanlar müntəzəm olaraq Elm və Təhsil Nazirliyinin rəsmi saytında və sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılır. Hər bir elanda müvafiq vəzifə üzrə irəli sürülən tələblər konkret göstərilir. İlkin mərhələdə üç fakültənin dekanı təyin edilib. Elan olunan vakansiyalara böyük maraq var.

-Qarabağ Universitetinə qəbul olmaq istəyən gənclərə hansı mesajları vermək istərdiniz?

-Abituriyentlərə, eləcə də müvafiq ixtisaslar üzrə SABAH qruplarına qəbul olmaq istəyən birinci kurs tələbələrinə müraciətimiz odur ki, onlar Qarabağ Universitetini seçməklə, hər şeydən əvvəl, bu ali təhsil müəssisəsinin ilk tələbəsi adını qazanacaqlar. Bununla yanaşı, tələbələrimiz bir çox üstünlüklərdən faydalana biləcəklər. İlk növbədə, vurğulamaq istərdik ki, Universitetimizə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılacaq. Bu, o deməkdir ki, hər bir tələbə təqaüd alacaq. Eyni zamanda, Universitetimizə yüksəl bal toplayaraq qəbul olunan tələbələrə əlavə təqaüd verilməsi nəzərdə tutulur. Bundan əlavə, bütün tələbələr ödənişsiz mənzil tipli müasir yataqxana ilə təmin ediləcək, hər bir tələbəyə kompüter hədiyyə olunacaq. Digər bir üstünlük olaraq, tələbə və işçi heyətimizin yaradıcı, ekoloji təmiz və təhlükəsiz mühitdə təhsil alması, fəaliyyət göstərməsi və yaşaması üçün bütün imkanların yaradılacağını qeyd edə bilərik. Peşəkar mütəxəssis olmaq, layiqli vətəndaş kimi yetişmək, maraqlı tələbə həyatı yaşamaq, eləcə də Qarabağın dirçəldilməsi və sosial-mədəni həyatının inkişafında pay sahibi olmaq istəyən bütün gəncləri Qarabağ Universitetində gözləyirik. Qarabağ Universiteti ailəsinin üzvü olmaq şərəfli və qürurvericidir.

www.yenicag.az

1668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv