“Əgər sorğu keçirsək, böyük əksəriyyət Şuşada Türkiyə konsulluğunun açılmasına sevinər”.
Bunu Yenicag.az-a açıqlamasında Qarabağda Türkiyənin və Rusiyanın konsulluq açmasının siyasi nəticələrindən danışan politoloq Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, Rusiyanın Xankəndində konsulluğundan öncə Türkiyə konsulluğunun Şuşada açılması daha sürətli baş verə bilər.
“Bir sıra amillər bunu deməyə əsas verir. İlk öncə nəzərə almaq lazımdır ki, bu proses daha öncədən başlanıb. Ancaq əvvəlcə konsulluğun nə üçün vacib olduğunu və nəyə xidmət etdiyini anlamaq mütləqdir. Belə ki, konsulluğun mahiyyəti aid olduğu ölkənin vətəndaşlarına xidmət etməkdir.
Bildiyimiz kimi, Qarabağda bərpa-quruculuq işləri gedir. Həmin böyük layihələrin həyata keçirilməsində Türkiyə şirkətləri aktiv iştirak edirlər. Yəni həmin Türkiyə vətəndaşlarının həm sosial, həm də iqtisadi məsələləri ilə bağlı müraciət edəcəkləri yer konsulluqdur.
Əlavə olaraq ictimai rəy də burada xüsusi rola sahibdir. Əgər sorğu keçirsək, böyük əksəriyyət Şuşada Türkiyə konsulluğunun açılmasını nəinki təsdiqləyər, hətta buna sevinər. Çünki qardaş ölkə Vətən müharibəsində Azərbaycanın hər zaman hər mənada dəstəyində durdu. Nəticədə Türk konsulluğunun Şuşada açılması həm vətəndaş, həm xalq, həm də dövlət olaraq məqbul sayılır”, – deyə politoloq bildirib.
Əlavə olaraq siyasi şərhçi qeyd edib ki, Rusiya ilə münasibətlərdə Azərbaycan daim öz ehtiyatını saxlayıb:
“Düzdür, Rusiya ilə davamlı və balanslı siyasət hər zaman yürüdülüb. Ancaq tarixi proseslərə nəzər yetirərək öz ehtiyatımızı saxlamışıq. Bu isə heç də səbəbsiz deyil. Qısa keçmişə göz gəzdirsək, cəmi 4 il öncə, yəni Vətən müharibəsinə qədər Rusiyanın Qarabağla bağlı mövqeyinin ermənilərdən yana olduğunu görərik. Eyni zamanda, sonrakı dövrdə də bəzi nüanslar diqqətimizdən yayınmayıb. Misal üçün elə Vətən müharibəsində Ermənistana silahların göndərilməsi, sonrakı dövrdə rus sülhməramlı kontingentinin ermənipərəst mövqeyi və s.
Yanaşı olaraq müsbət məqamlar da yaddaşımızdadır. Sülhməramlı kontingentin Qarabağın minalardan təmizlənməsində fəaliyyəti, anti-terror əməliyyatları zamanı passivliyi Rusiya-Azərbaycan münasibətlərinin müəyyən müsbət çalarlarıdır. Həmçinin rus kontingentinin vaxtından öncə Qarabağı tərk etməsi təqdirəlayiq addım idi. Son olaraq, belə nəticəyə gəlmək olar ki, həm Azərbaycan, həm də Rusiya ikitərəfli maraqlara uyğun əməkdaşlığa daim hazırdır”.
Nazim Cəfərsoy bildirib ki, Qarabağın beynəlxalqlaşdırılmasına çalışmaq çox da məqsədəuyğun proses deyil:
“Çünki Türkiyədən sonra Rusiya konsulluğunun açılması müəyyən risklər ehtiva edir. Niyə? Bu dəfə ABŞ-də Qarabağda konsulluq açmaq istəyi ilə çıxış edəcək. Ardınca Fransa, daha sonra Almaniya və s. Bu siyahı get-gedə uzanacaq. Yaranacaq problemlər isə müxtəlifdir. Ancaq ən başlıcası həmin qüvvələrin Qarabağdan köçən ermənilərin geri qayıtması kampaniyasına başlaması prosesi ola bilər. Yekun nəticəyə gəldikdə isə Qarabağla bağlı məsələlərdə mühafizəkar davranmağa ehtiyac var”.
Nəsimi Ələsgərli
www.yenicag.az