Qarabağın iqtisadi REİNTEQRASİYASI: “Bölgədə hüquqi, iqtisadi, infrastruktur, bankçılıq və s. məsələlər…”
Aslan Əzimzadə: “Xüsusilə, bu gün kənd təsərrüfatı sektorunda bio və nano texnologiyanın tətbiqi ilə daha yüksək məhsuldarlıq əldə etmək mümkündür”.
Natiq Cəfərli: “Bölgəyə tam nəzarət bərpa olunmalı, idarəetmə mexanizmi təşkil edilməli, mülkiyyət problemləri həllini tapmalı və s. məqamlara nəzər yetirilməlidir. Bunlar iqtisadiyyata təsir göstərə bilən amillərdir”.
Bu fikirləri Qarabağ iqtisadi rayonunun Azərbaycan iqtisadiyyatına reinteqrasiya prosesiylə bağlı münasibət bildirən iqtisadçı-ekspertlər Aslan Əzimzadə və Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd ediblər.
Aslan Əzimzadə mövzuyla bağlı fikirlərini belə bildirib:
“İşğaldan azad edilmiş ərazilər kimi Qarabağ iqtisadi rayonunun da yüksək kənd təsərrüfatı potensialı mövcuddur. Yaşıl enerjinin əldə edilməsini bu ərazilərdə də təşkil etmək mümkündür. Adı çəkilən ərazilərin iqtisadiyyatımıza inteqrasiya edilməsi həm də ölkənin təbii su ehtiyatlarının da artımı deməkdir. Lakin qeyd etmək lazımdır ki, burada yeni bir iqtisadi inkişaf modelinin yaradılmasını görə bilərik. Bunun sayəsində ən azından yalnız xammal ixracatçısı kimi deyil, hazır məhsullar və emal sənayesinin də inkişaf edəcəyini görə biləcəyik.
Xüsusilə, bu gün kənd təsərrüfatı sektorunda bio və nanotexnologiyanın tətbiqi ilə daha yüksək məhsuldarlıq əldə etmək mümkündür. Düşünürəm ki, bu istiqamətdə işğaldan azad edilmiş ərazilərə birbaşa xarici investisiyaların cəlb edilməsi əhəmiyyətli bir məsələdir. Çünki investisiya o zaman önəmli olur ki, özü ilə birbaşa texnologiya transfer etsin. Sözügedən istiqamətdə bio və nanotexnologiyaların inkişafı çərçivəsində Qarabağda kənd təsərrüfatı və emal sənayesində ciddi uğurlar əldə etmək mümkündür”.
Mövzuyla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli də fikirlərini səsləndirib:
“Qarabağ iqtisadi rayonunun perspektivlərindən danışmaq üçün gərək bir çox hüquqi prosedurların da yerinə yetirilməsi lazımdır. Bölgəyə tam nəzarət bərpa olunmalı, idarəetmə mexanizmi təşkil edilməli, mülkiyyət problemləri həllini tapmalı və s. məqamlara nəzər yetirilməlidir. Bunlar iqtisadiyyata təsir göstərə bilən amillərdir. Məsələyə qərarvermə mexanizmləri ilə bağlı aydınlıq gəlməlidir. Sözügedən bölgə Azərbaycana hüquqi cəhətdən tam inteqrasiya olunmalıdır. Çünki bank sektoru orada fəaliyyət göstərməlidir. Eyni zamanda həmin ərazilərdə infrastruktur yaradılmalıdır. Yalnız bundan sonra bölgənin iqtisadi potensialından tam istifadə etmək mümkündür.
Təbii ki, Qarabağ su resurslarına görə ölkənin ən yaxşı bölgəsi hesab edilir. Bu resursları və münbit torpaqları nəzərə alsaq, aqrar sektor üçün orada əlverişli şərait yaradıla bilər. Həmçinin adı çəkilən ərazidə qızıl, filiz, molibden və s.mədənlər var ki, istifadəyə yararlı vəziyyətdədir. Bundan əlavə, ekoturizmin formalaşdırılması üçün əlverişli imkanlar da mövcuddur.
Bir sözlə, ərazinin kifayət qədər böyük potensialı var. Lakin öncə də dediyim kimi hüquqi, iqtisadi, infrastruktur, bankçılıq və s. məsələlər öz həllini tapmalıdır ki, bölgənin reinteqrasiyası daha rahat və effektiv şəkildə başa çatsın”.
Yusif Səmədzadə