Qarabağın məqsədi bəlli olmayan RUS SÜLHMƏRAMLILARI: “Onların indiki rolu qaneedici deyil” – Partiya sədri

“Paşinyanın “sülh” bəyanatı növbəti hiylədən və manipulyasiyadan başqa bir şey deyil”.

Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın “danışıqlara hazırıq” mesajını dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri hesab edir ki, Paşinyan əslində sülh danışıqlarına nə hazır, nə də razı deyil. Çünki onun sözlərinin hələ mürəkkəbi qurumamış, Ermənistanın silahlı qüvvələri həm sərhədlərimizdə, həm də Şuşa ətrafında növbəti dəfə atəşkəsi pozub:

“Erməni təxribatları səngimək bilmir. Baş verənlər onu göstərir ki, Ermənistan nə bölgəyə əminamanlığın və sülhün gəlməsində maraqlı deyil, nə də bu ölkənin hərbi-siyasi rəhbərliyinin 10 noyabr və 11 yanvar razılaşmalarının şərtlərini yerinə yetirmək fikri yoxdur. Azərbaycan isə ilk növbədə 10 noyabr Bəyanatının 4-cü maddəsinə istinad edərək Ermənistan hərbçilərinin qalıqlarının Qarabağ ərazisindən çıxarılmasında və sərhədlərin demarkasiyanının başa çatdırılmasında israrlıdır. Lakin hazırda hər iki məsələ “dalan”a dirənib. Çünki Ermənistan bütün vasitə və bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Rusiya isə əfsuslar olsun ki, vasitəçi və sülhməramlı kimi etimadı doğrultmur, görəvini yerinə yetirə bilmir”.

Əlisahib Hüseynov qeyd edib ki, belə olan halda Azərbaycan anti-terror və ya məcburetmə əməliyyatı həyata keçirməyə məcburdur:

“Biz belə bir əməliyyat keçirməklə torpaqlarımızın qalan hissəsini də Ermənistanın silahlı birləşmələrindən və separatçılardan təmizləmək imkanı əldə edəcəyik. Beləliklə, sülhməramlıların yerinə yetirməli olduğu işi də özümüz görəcəyik. Əgər sülhməramlılar vəziyyətin belə bir kritik həddə gəlib çatmasını istəmirlərsə, o zaman dərhal hərəkətə keçməli və 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsini operativ şəkildə təmin etməlidir. Əks halda sülhməramlıların indiki “fəaliyyəti” və rolu bizi əsla qane etmir. Çünki yarımçıq sülhməramlılıq olmur”.

Gülşən Şərif