“Hazırda iki qardaş ölkənin orduları arasında inteqrasiya prosesi uğurla yekunlaşıb”.
Bu fikirləri Azərbaycan və Türkiyə ordularının birliyi fonunda yaxın perspektivdə müşahidə olunacaq mümkün proseslərdən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, müstəqillik qazandığımız ilk günlərdən etibarən, Azərbaycan və Türkiyənin hərbi sahədəki əməkdaşlığı əhəmiyyətli inkişaf yolu keçib:
“Bu dövr ərzində Azərbaycanla Türkiyə arasında bir sıra əməkdaşlıq müqavilələri imzalanıb, 2010-cu ildən isə iki qardaş ölkənin münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlər çərçivəsində Türkiyənin Vətən müharibəsi zamanı Azərbaycana mənəvi-siyasi dəstəyini hər an hiss etdik.
Həmçinin müharibə zamanı Azərbaycan Türkiyə istehsalı olan “Bayraktar TB-2” PUA-larından yüksək effektivliklə istifadə etdi. Bu PUA-lar sayəsində hər gün 20-ə yaxın düşmən hərbi-texniki vasitələri sıradan çıxarılırdı. 44 günlük müharibə başa çatdıqdan sonra isə Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq münasibətləri daha üst səviyyəyə qaldırıldı.
Hazırda iki qardaş ölkənin orduları arasında inteqrasiya prosesi uğurla yekunlaşıb və Azərbaycanda Türkiyə ordu modelinə keçid tamamlanıb. Hazırda hər iki ordunun birgə vəzifələri icra etmə səviyyəsi əldə olunub.
Hər il Azərbaycan və Türkiyə arasında 10-dan çox birgə hərbi təlim keçirilir. Hətta bəzən bu təlimlərə digər türk dövlətlərinin orduları da qoşularaq əməkdaşlıq formatını genişləndirirlər. Əlavə olaraq, bu ilin sonuna qədər Azərbaycan ərazisində birgə istehsal olunan yeni müdafiə sənayesi məhsullarının da ictimaiyyətə təqdim olunacağı gözlənilir”.
Nəsimi Ələsgərli
www.yenicag.az