!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qələbəmizin görünməyən qəhrəmanları…

!Reklam – Yazi

Bu yazı Vətən Müharibəsində Füzuli Diaqnostika Mərkəzində yaşanan olaylara, göstərilən qəhrəmanlıqlara həsr olunub…

Qələbəmizin görünməyən qəhrəmanları…

Yaralılara gələn iki yumurta, oğlunu “morq”da tapan şəhid anası, əsgərə hədiyyə edilən “bəylik” kostyumu – Füzuli Diaqnostika Mərkəzindən reportaj

2020-ci il sentyabrın 27-si səhər bütün ölkə müharibə xəbəri ilə oyandı. Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatına başlamışdı. Ölkənin bütün rayonlarının hərbi komissarlıqlarının qarşısı qələbəlik idi. Hamı müqəddəs savaşa getmək üçün ora axışırdı.

Azərbaycan Ordusu ilk saatlardan düşməni pərən-pərən salmışdı. İlk qələbə xəbərləri bütün ölkəyə yayılırdı. Ölkə ayaq üstü idi. Ölkə yatmırdı. Hamı – uşaqdan böyüyə cəbhəyə əlindən gələni edirdi. Həmin günlər, ümumiyyətlə 44 günlük savaş dönəmində onlar da gecə-gündüz ayaqda oldular. Qəhrəmanlıq salnaməsi yazdılar. Söhbət Azərbaycan həkimindən gedir. Həmin dövrdə, 44 günlük müqəddəs Vətən Müharibəsində onların üzərinə ağır yük düşmüşdü – Füzuli Diaqnostika Mərkəzinin əməkdaşlarının üzərinə.

– Açığını deyim, ilk saatlarda bir qədər çaşqınlıq içindəydik. Çünki müharibənin ilk saatlarından yaralılar gəlməyə başladı. Təbii ki, bizim Mərkəzin personalıyla bu işin öhdəsindən gələ bilməzdik. Tədricən bu və ya digər rayon xəstəxanalarından həkimlər, tibb bacıları göndərildi.

Bunu bizimlə söhbətində Mərkəzin əməkdaşı Vüqar Abbasəli deyir. Vüqarın dediyinə görə, Mərkəz həmin günlərdə sanki episentrə çevrilmişdi.

– Mərkəzin yerləşdiyi Böyük Bəhmənlidə, ona yaxın kəndlərdə insanlar bizimlə nəfəs alırdı, inanın. Camaat yollarda yatırdı gecələr. Film kimi səhnələr idi, gələn əsgərlərə evlərində yeməli, içməli nə var idisə dasıyıb verirdilər. Yaralılar var idi ki, əməliyyatdan sonra əynindəki uniforma artıq yaramırdı. Ən təzə paltarları gətirirdi camaat. Yadımdadı, biri hətta “bəylik” kostyumunu gətirmişdi. Dedi, müharibə bitsin, özünə təzəsini alacaq. Çox dəhşətli günlər idi. İş rejimi yox idi. Hamı hər şeyi unudub, ancaq yaralılarla məşğul olmağa çalışırdı. Hətta evimiz də yadımızdan çıxmışdı.

Nicat danışır ki, insanlar Mərkəzdən əl çəkmirdilər.

– İnanın, kiminsə yardımını götürməyəndə inciyirdi. Uşaqlar vardı, deyirdi ki, qurban olum, mənim əlimdən başqa bir iş gəlmir, icazə verin, əsgərin yatağını təmizləyim, paltarını yuyum. Deyirdik, bunun üçün tibb personalı var. Yenə də dinc durmurdular. Həmin vaxt Mərkəzin hər yeri, hətta doğum şöbəsi belə cərrahiyəyə otağına çevrilmişdi.

Nicat deyir ki, bəzən o qədər yaralı olurdu, sistem qoymağa ştativ tapılmırdı. Kəndin cavanları qolları açıb sistem balonunu sallayırdılar.

Bu yerdə İlqar söhbətə qoşulur.

– Siz yəqin Əbülfət həkim barədə eşitmisiniz. Onun haqqında əfsanələr dolanır. Düzdür, o, Gəncə Xəstəxanasında çalışırdı. Bakıdan gəlmişdi. 2-ci Qarabağ müharibəsi başlayan gündən Əbülfət həkim könüllü olaraq cəbhə xəttinə gedib və döyüşlərdə yaralanan 300-dən çox əsgərimizi əməliyyat edib. Əsas məsələ isə bundan ibarətdir ki, tanınmış həkim ən pis hallarda belə əsgərlərin əl və ayağını amputasiya etmədi. Eyni ilə bizdə də yaşandı. Həkimlərimiz ən çətin anda belə, maksimum çalışırdılar ki, əsgərə qarşı diqqətli olsunlar. Hamıya qayğı ilə yanaşırdılar. Bir azca inildəyən kimi tibb bacısı yanın kəsdirirdi. Necə deyərlər, “qa” deyəndə su, “qu” deyəndə yemək verirdilər.

Vüqar deyir ki, ayın 27-dən sonra nəinki saatı, günü belə unudublar.

– Nə zaman yatıb, nə zaman durduğumuzu bilmirdik.

Əsgərlər isə azca sağaldıqdan sora yenidən cəbhəyə dönmək istəyirmişlər, özü də israrla. Həmsöhbətlərimiz deyir ki, onları saxlamaq olmurdu.

– Müharibənin ilk günləri idi. Ortayaşlı bir oğlanın üzündə, bədənində yanıqlar var idi. Onun yaralarını sarıdıq. Özü demək olar ki, şokda idi. Bir gündən sonra özünə gəldi. Ayıldıqdan sonra üstündəki cihazları çıxarmaq istədi, qışqırmağa başladı. “Mən hardayam?” deyə soruşdu. Onun səsini unuda bilmirik. Çıxıb getmək istəyirdi. “Mənim əsgərlərim şəhid olub. Burda nə işim var” deyə qışqırırdı. Sən demə, komandir imiş. Onun o səsi, ağlamağı dəhşət idi, hələ də qulağımızdadı.

Vüqar deyir ki, Mərkəzdə hər şey artıqlamasıyla vardı. Dövlət hər şeyi təmin etmişdi.

– Heç nəyə ehtiyacımız yox idi. Yaralılara ancaq mənəvi dəstək gərək idi. Onların buna daha çox ehtiyacı var idi. Hər saniyəmizi onlara qurban vermişdik. Tibbi personalımızın hamısı bir ailə idi. Aramızda qəti ayrı-seçkilik olmurdu. Orda demirdilər, sən hansı bölgədən gəlmisən, ya da hansı müəssisədə işləyirsən. Hamımız həmrəy idik, O ki qaldı həmrəyliyə, məhz o həmrəylik qoydu qələbənin təməlini.

Bir epizod danışırlar bizə. Kənd camaatı əsgərlərə yemək, sovqat gətirəndə azyaşlı bacı-qardaş da yaxınlaşıb Mərkəzin qapısına. Təbii ki, onları içəri buraxmayıblar. Onlar isə əllərindəki bükülünü uzadıblar ki, yardım gətirmişik. Salfeti açanda mühafizəçi qəfildən hönkürüb ağlamağa başlayıb. Məlum olub ki, iki dənə soyutma yumurtadır. Səhər yeməklərini gətirib uşaqlar. İndi siz deyin, bu xalq necə qalib gəlməyəydi?

Nicat deyir ki, “Ambulans” sürücüləri demək olar, yatmırdılar.

– Elə olub, bir gündə üç dəfə Bakıya göndərmişəm sürücünü. Dördüncü dəfə yollayanda deyirdi ki, mən artıq ölürəm, gözüm yolu seçmir. On nəfər kənd sakini yalvardı ki, nə olar, qurban olum, qoy mən sürüm maşını. Öz maşınlarıyla gəlirdilər ki, təcili yardım kimi istifadə edin. Uzaqdan görürdük ki, “Ambulans” gəlir. Həyətə girəndə ya “morq”a dönəcəkdi, ya da qəbul şöbəsinə. Qəbul şöbəsinə dönəndə hamı sevincdən qışqırırdı ki, çox şükür, şəhid deyil.

Mərkəzin direktoru Şaiq Şükürovun dediyinə görə, 44 gün ərzində 900-ə yaxın personal gecə-gündüz qəhrəmancasına çalışıb.

– Bu günlər ərzində həkimlərimiz 500-ə yaxın cərrahi əməliyyat etdi. Onlardan 60-ı beyin əməliyyatı idi. Gətirilən əsgərlərin əksəriyyəti qəlpə yarası alanlar idi. Minaya düşən, snayper yaraları da olurdu, amma ən çox minaatan mərmisi, qəlpə yaraları. Bayaq qeyd etdiyimiz kimi təcili-təxirəsalınmaz beyin əməliyyatları belə Füzuli Diaqnostika Mərkəzində aparıldı. Bəhmən Yadigarov, Emin Səfərov gecikdirmədən həyata keçirdikləri beyin əməliyyatları ilə bir çox əsgəri həyata qaytardılar. Reanimatoloqlar, Rəşad Nuriyev, Ərəstun Məmmədov gecə-gündüz yatmadılar. Ordumuzun cənubdan hücumları davam etdiyindən Mərkəz daha ağır nöqtə sayılırdı. Ən dəhşətli məqam isə Mərkəzin həyətindəki çadırlarda yaşanırdı. Məhz həmin çadırlardan şəhid valideynləri öz övladlarını götürürdülər. Ucar rayonundan oğulları itkin düşən valideynlər də gəlibmiş bura. Burda tapıblarmış oğullarını. Əvvəl ata şəhidlərin nəşi olan təşrihxanaya (morq) girib. Ana inanmaq istəmirmiş oğlunun yoxluğuna. Onun “Burda yoxdu, hə?” sualına ata elə beləcə də cavab verib: “Heç hara baxma. Sağdan dördüncü sənin oğlundur”. Amma inanın ananın gözündən yaş gəlmədi. Özünü sındırmadı. Çox soyuqqanlı idi. Elə bu soyuqqanlılıq adamın qanını dondururdu.

Müharibə Azərbaycan inasanın həyatında ağrı-acı dolu izlər qoydu. Xatırlanması acı verən xatirələr bağışladı. Ayaqları, qolları kəsilmiş, gözləri kor olmuş oğlanların gözlərdən çəkilməyən şəkillərini çəkdi yaddaşımızda… Hamilə yoldaşı qapıda ərinin sağalacağını gözləyən, amma özü içəridə şəhid olan oğlanların ruhunu əmanət verdi bizə müharibə… Övlad üzü görmədən ölənlər, övladsız qalanlar. Amma nə qədər ağrlı olsa da, xalq Zəfər çaldı. O şəhidlərin, qazilərin hesabına.

Bir il əvvəl bu gün müharibə başladı. 44 günlük müqəddəs Savaş – Zəfərlə bitən Savaş…

AY Partiyanın Mətbuat Xidməti

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv