“Qərb vəziyyətdən istifadə etmək istədi. Rusiya ilə Azərbaycan arasına nifaq toxumunu səpməyə çalışdı”.
Bunu Yenicag.az-a açıqlamasında Qərbin təyyarə qəzası fonunda Azərbaycanla Rusiyanın münasibətlərini pisləşdirmək cəhdlərindən danışan siyasi şərhçi Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, riyakar Qərb mediasının Azərbaycan müdafiəçisi olmasına qəti olaraq inanmamalıyıq:
“Biz Qərbin ikili standartlarla yanaşmasını istər Ermənistanın 30 illik işğalı dövründə, istərsə də zəfər qazandığımız 44 günlük Vətən müharibəsində görmüşük. Əlavə olaraq, özünü “demokratiyanın beşiyi” adlandıran Qərb siyasi baxışlarına, jurnalist fəaliyyətinə görə həbs olunanları müdafiə etməyə çalışıb. Bunun üçün durmadan Azərbaycana qarşı qarayaxma kampaniyalarına əl atır. Lakin onların hər birinin fəaliyyətinə baxdıqda cinayət tərkibini görürük”.
Analitikin fikrincə, təyyarə qəzası baş verdikdən sonra nə hikmətdirsə Azərbaycana qarşı hər zaman qarayaxma kampaniyalar aparan Qərb bizim yanımızda olduğunu bildirdi:
“Bunu Türkiyə, yaxud qardaş olan Türk dünyası dövlətləri etsə anlamaq olardı. Ancaq qarayaxma kampaniyalardan sonra qəza hadisəsi ilə Azərbaycanın yanında olduğunu deməsi, media və sosial şəbəkələr vasitəsilə dəstəklədiyini bildirməsi mələk donu geyinən Qərbin bir daha səmimi olmadığını göstərir. Torpaqlarımızın 30 illik işğalı dövründə lal, kar, kor olmuşdular. Dəstək həmin zaman lazım idi, indi yox”.
“Düzdür, Rusiya da Qərbdən geri qalmır, bu günə qədər başımıza gələn faciələrin hər birində onun imzası var. Elə məhz indiki qəzanın səbəbkarı da ruslardır. Qərb vəziyyətdən istifadə etmək istədi. Rusiya ilə Azərbaycan arasına nifaq toxumunu səpməyə çalışdı. Nəzərə almadıqları məqam isə Qərb mediasının iç üzünün nə olduğunu hər kəsin bilməsidir.
İndiyə qədər bütün dünyanın təkəbbürlü, sözündən dönməyən, nəyinki üzr istəmək, səhvini belə boynuna almayan kimi tanıdığı Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə zəng edib üzr istəyir. Bu diplomatik qələbə xalq və dövlət birliyinin nəticəsi idi. Qəzaya səbəb olan hər kəs cəzasını çəkməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az