Qərbin əsaslandığı “FAKT”: “Azərbaycan diplomatiyası ermənilərin “Laçın yolu” blefinə qarşı zamanında...”
“Avropa dövlətlərinin vaxtında məlumatlandırılması üçün zəruri addımlar atılmalı idi”.
Bu fikirləri bir sıra Qərb dövlətlərinin Ermənistanın yalan təbliğatına əsaslanaraq, Laçın yolunun “bağlanması” ilə bağlı Azərbaycana təzyiq göstərmək cəhdlərinə münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, nəzərdə tutulan dövlətlərin Laçın yolu ilə əlaqədar Azərbaycana çağırışlar etməsi rəsmi Bakının diplomatik çeviklik zərurətini yenidən aktuallaşdırıb:
“Əslində, bəzi ölkələrin Laçın yolunun guya bağlanması və ermənilərin “humanitar fəlakət”lə üzləşmələrinə dair Azərbaycana yönəlik təzyiq cəhdlərini ehtimal üzərində həm də Rusiyaya Qərbin ümumi yanaşması kontekstində dəyərləndirmək bəlkə də mümkündür.
Lakin əvvəllər də bir neçə dəfə toxunduğumuz kimi, belə vəzyyətin yaranmasının səbəbi Azərbaycan diplomatiyasının hadisələri önləyəcək qədər operativ davranmamasıdır. Hesab edirəm ki, həmin dövlətlər məhz Ermənistanın təqdimatı əsasında Azərbaycana qarşı təzyiq xarakterli mövqe bildirirlər. Yəni onlar ermənilərin təqdim etdikləri “fakt”lara əsaslanırlar.
Əslində isə Azərbaycan diplomatiyası proseslərin mümkün inkişafını zamanında müəyyənləşdirərək bu barədə dünya dövlətlərini məlumatlandırmalı idi. Belə olduqda, indi Laçın yolu ilə bağlı Azərbaycana çağırış edən ölkələr onlara çatdırılan məlumatları tutuşdura biləcəkdilər. Bu baş vermədiyi üçün onlar ermənilərin maraqlarına uyğun davranırlar. Ona görə də Azərbaycan diplomatiyası belə həssas dönəmlərdə öz aktivliyini mütləq artırmalıdır.
Azərbaycana yönələn təzyiqlərin Rusiya ilə bağlı olduğuna gəldikdə, aydındır ki, Qərb bu ölkənin Cənubi Qafqazdan çıxmasını istəyir. Eyni zamanda, biz də 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılmasını gözləyirik.
Rusiya hərbi kontingentin ölkədən çıxarılması üçün Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası gerçəkləşməlidir. O baxımdan, konkret kontekstə baxdıqda, bu təzyiqlərin birbaşa Rusiya ilə əlaqəli olmadığını görə bilərik”.
A.Zeynalov