Qərbin Rza Pəhləvi "kartı" niyə batır? – Siyasi oyunun pərdəarxası
“İran xalqının gözündə imperializm fiquru olan Pəhləvinin nə ölkənin demokratik gələcəyinə, nə də inkişafına töhfə verə biləcək potensialı var”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.
Politoloq İranda hakimiyyətə gəlmək istəyən Pəhləvinin Ukraynada “Qara Dəniz Təhlükəsizlik Forumu”-a dəvət alması və onun Ukraynada rəsmi qarşılanması haqqında danışaraq Pəhləvinin boş ümidlərə qapıldığını bildirib:
“İrandakı mövcud proseslər, habelə ABŞ-İsrail tandemi ilə müharibənin yaratdığı nəticələr diqqətlə izlənildikdə aydın olur ki, Pəhləvilərin İranda yenidən hakimiyyətə gəlmək şansı yoxdur. Rza Pəhləvinin ölkə daxilində hər hansı təsir imkanına və ya dəstəyə malik olması sadəcə xəyaldan ibarətdir. İran xalqı müharibə bitdikdən sonra müəyyən dəyişikliklər istəyə bilər, lakin bu dəyişikliyin Pəhləvilər vasitəsilə olacağı inandırıcı deyil”.
T. Nüsrətoğlunun sözlərinə görə, beynəlxalq dairələrin Pəhləvini forumlara dəvət etməsi reallığı dəyişmir:
“Müxtəlif beynəlxalq dairələr Pəhləvini tədbirlərə dəvət etməyə çalışsalar da, bu, əbəs cəhddir. Onun İran xalqı nəzdində heç bir dəstəyinin olmadığı bəllidir”.
Nurlan Cəfəri













