“Qərbin sifarişləri ilə Rusiya və ölkəmiz arasında münasibətlərdə gərginliyə səbəb ola biləcək materiallar yayımlanacağı istisna edilmir”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya tərəfindən təyyarəmizin yalnışlıqla vurulmasının iki ölkə arasında münasibətlərə ehtimal olunan təsirlərindən danışan politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, hadisə ətrafında hələ təhqiqat işləri aparılır.
“Qəzanın səbəbləri barədə müxtəlif mülahizələr var. Lakin araşdırma aparan Qazaxıstan, təyyarənin qəzaya uğramasının səbəbinin təbii amillər olmadığını diqqətə çatdırıb. Yəni hava şəraiti, yaxud quş sürüsü ilə deyil, bərk və iti maddə təyyarədə müəyyən problemlərin yaranmasına səbəb olub”.
Analitik əmindir ki, faktlar danılmazdır, təyyarə Rusiyanın hava məkanında qəzaya uğrayıb:
“Onun qəza yerinə yaxın hava limanlarına deyil, Qazaxıstana yönləndirilməsi ilə bağlı suallara aydınlıq gətirilməlidir. Beynəlxalq hava nəqliyyatı qanunlarına görə, təyyarə qəzasının baş verməsində təqsirli şəxslər məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda qəzanın Rusiya hava hücumundan müdafiə qüvvələrinin qəbul etdiyi qərara əsasən baş verdiyi təsdiq olunarsa Moskva üzr istəyib, zərərçəkənlərə maddi təzminat ödənilməlidir”.
E. Manafov əlavə edib ki, beynəlxalq hava sərnişindaşımaları tarixində, təəssüf ki, belə ağır faciələr tarix boyu baş verib:
“Yəni heç kəs qəzadan sığortalanmayıb. Baş verən hadisə isə Azərbaycan dövləti və xalqına qarşı Rusiya tərəfindən xüsusi məqsədlərlə təşkil edilmiş aksiya olmadığına görə dövlətlərarası münasibətlərə ciddi şəkildə sirayət etməyəcək. 2020-ci ildə Azərbaycan da səhvən Rusiyaya məxsus helikopteri vurub. Lakin Azərbaycan üzr istədi və dəyən ziyan qarşılığında kompensasiya ödədi. Qərbdəki bəlli dairələrlə münasibətlərimizdə yaşanan gərginlik mövcuddur. Bu fonda Qərbin sifarişləri ilə Rusiya və ölkəmiz arasında münasibətlərdə gərginliyə səbəb ola biləcək materiallar yayımlanacağı istisna edilmir. Belə hallarda bulanıq suda balıq tutmaq istəyənlərin sayı adətən artır”.
Nəsimi Ələsgərli
www.yenicag.az