“Qiyməti 5-10 qəpik olsa, insanlar hər gün azı 4 qoruyucu maskadan istifadə edər” – Ekspertdən TƏKLİF

“Maskadan istifadə etməyən insanlara qarşı yüksək məbləğdə cərimənin tətbiqi doğrudur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tibbi maskadan istifadə etməməyə görə cərimə məbləğinin artırılmasını dəyərləndirən tibb eksperti Rasif Bağırov deyib.

Rasif Bağırovun fikrincə, pandemiya ilə mübarizədə tibbi maskalardan istifadə son dərəcə vacibdir və bu tələbin pozulmasına görə cərimə məbləğinin artırılması zəruri idi:

“Gündəlik müşahidələr də göstərir ki, insanların çoxu ictimai yerlərdə qoruyucu maskadan istifadə etmir və ya maskanı düzgün şəkildə taxmır. Bu insanlar asqıranda və ya öskürəndə qaydalara riayət etməməklə, yoluxma hallarının artmasına şərait yaradırlar. Bu səbəbdən də, yoluxma statistikasında artım qeydə alınmaqdadır.

Maskalarla bağlı digər vacib məqam onun qiyməti ilə bağlıdır. Əvvəllər tibbi maskanın qiyməti xeyli ucuz olsa da, hazırda 30 qəpikdir. Əslində, sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, maskanın 5-10 qəpiyə satılması daha məqsədəuyğun olar.

Gün ərzində maksimum 2 maska istifadə edən şəxslər qiymətin ucuzlaşması fonunda artıq hər gün azı 4 maska işlədə bilərlər. Bu amil infeksiyanın qarşısını alınması üçün vacibdir”.

Gülşən Şərif