!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"QKÇP" Qorbaçovla sovet "KQB"sinin SSRİ-ni dağıtmaq planı idi" – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Putini SSRİ-nin bərpası yox, bacardığı qədər çox pul toplamaq maraqlandırır”.

Bu fikirləri Moskvada 1991-ci il avqustun 19-da baş verən və tarixə “saray çevrilişi” cəhdi kimi düşən “QKÇP” olayının pərdəarxası məqamlarını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadənin fikrincə, “QKÇP” avantürasının arxasında sovet lideri Mixail Qorbaçovun özü dayanırdı:

“O ərəfədə mən prezidentliyə namizəd kimi öz çıxışlarımda SSRİ-nin maksimum ilyarıma dağılacağını bildirmişdim. Lakin hadisələr o qədər sürətlə inkişaf etdi ki, “QKÇP” hadisəsi Sovetlərin süqutunu xeyli əvvəl yetişdirdi.

Bu gün həmin proseslərlə bağlı daha detallı informasiyalar üzə çıxır, iştirakçılar əvvəl danışmadıqları məlumatları açıqlayırlar. Amma reallıq bundan ibarətdir ki, “QKÇP” Qorbaçovla sovet “KQB”sinin SSRİ-ni dağıtmaq planı idi və buna da nail olundu.

Amma çox maraqlıdır ki, “QKÇP”nin mövcud olduğu üç gün ərzində SSRİ-də maraqlı gedişat oldu. Məsələn, Baltik respublikaları bəyan etdilər ki, onlar müstəqillik məsələsində təkid etmirlər. Qamsaxurdiya kimi millətçi prezident Zaqafqaziya Hərbi Dairəsinin komandanına zəng etmişdi ki, onların məqsədi müstəqillik deyil və sair.

Azərbaycanda isə ilk günlərdə hökumətin və Xalq Cəbhəsinin sanki heç nədən xəbərləri yox idi, o qədər ciddi hadisəyə münasibət bildirmirdilər. Hətta rəhmətlik Hikmət Hacızadəyə bu barədə sual veriləndə soruşmuşdu ki, Moskvada nə baş verib?

Əlbəttə, “QKÇP” məğlubiyyətə düçar idi. Çünki SSRİ-ni qoruyub saxlamalı olan partiya-dövlət sistemi çürümüşdü. Belə bir vəziyyətdə nəhəng dövləti xilas etmək mümkün deyildi.

İndi Putinin SSRİ-ni bərpa etmək niyyəti haqda çox danışılır. Mən bunu da ciddi qəbul etmirəm. Ona görə ki, Putini SSRİ-nin bərpası yox, bacardığı qədər çox pul toplamaq maraqlandırır”.

A.Zeynalov

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv