Kipr sülh prosesini, adadakı son vəziyyəti Yenicag.ru-ya Kipr Elm Universiteti Qəyyumlar Heyəti sədri Salman Arslanbaş şərh edib.
– Kipr probleminin həlli üçün demək olar, hər şey edilib. Buna baxmayaraq, adada hələ də qalıcı sülh əldə edilməyib. Hər şey ortadadır – Türkiyənin hərbi varlığı, İngiltərənin müstəmləkə siyasəti və Afinanın bu məsələdəki siyasi iradəsizliyi. Bəs məsələnin həlli yolundakı əsl problem nədir?
– Məsələnin həlli yolundakı problemlər bunlardır: 1) ABŞ konqresindəki yunan lobbisinin adanın tək hakiminin rumların olması yönündəki ABŞ hökuməti üzərindəki təzyiqləri; 2) Provaslav olan rum və yunanların adaya təkbaşına sahib olacaqları təqdirdə provaslav olan Rusiya ilə ortaq olub Şərqi Aralıq dənizində rus varlığının artması ehtimalı; 3) ABŞ və İngiltərənin Şərqi Aralıq dənizində hidrokarbon yataqlarının ve Kipr adasının Türkiyə-Kipr arasında və Cənub-Şərqi Aralıq dənizi içində yerləşən Xüsusi İqtisadi Zonanın Anqlo-saks hakimiyyəti altında olması istəyi.
– Bir vaxtlar Amerika və İngiltərənin adanı bölüşdürə bilmədiyi və nəticədə də müharibənin başladığı faktı bəzi tarixçilərin kitablarında yer alıb. Kiprdəki Türk-Rum müharibəsinin başlamasının əsl səbəbi nə idi?
– İngiltərə müstəmləkəçilik vaxtlarında 1957-ci ildən etibarən adanı iki hissəyə parçalamağı və iki xalqdan ibarət bir dövləti 16.08.1960 tarixində Kipr Cumhuriyyəti adı altında, Konstitusiyanı özü diqtə etdirərək qurdurmağı bacarmışdı. Kiprdəki türk-rum müharibəsinin yeganə səbəbi 1794-cü ildə elan edilən Meqali İdea (Böyük ideya) olub “Böyük Helen İmperatorluğu”nu qurma səyləri və Kiprli Türklərin Yunanıstan hegemonluğu altında azlıq olmağı qəbul etməmələridir.
– Kipr Rum tərəfinin dəstəkçisi İngiltərədir. Bütün sülh görüşmələrinin tezis və şərtləri “Foreign office”də hazırlanır. Cənubi Kipr kraliçanın hakimiyyəti altındadır. Bəs, “Brexit”dən sonra Avropa Şurasının Kipr məsələsindəki mövqeyi dəyişə bilərmi?
– İngiltərənin Kipr adasına marağı 1834-cü ildə Kapitan Benjamin Dizraelinin Yaxın Şərq ilə bağlı yazdığı hesabatdan qaynaqlanır. Hesabatda yer alan “yaxın Şərqə hakim olmaq istəyən dövlət Kipr adasına da sahib olmalıdır” cümləsi İngiltərənin illər sonra Kiprə yiyələnməsinə səbəb olub və məsələyə belə baxış hələ də davam edir. Kraliça Elizabetin Edinburq Hersoqu olan həyat yoldaşı Filipp Mounbatten Afinada doğulub və kökü yunandır. Doğulan zaman ona Yunanıstan və Danimarka şahzadəsi titulu verilmişdi. Soyadını da anasından götürüb. Gerbində hələ də Yunanıstan bayrağı və Danimarka kral bayrağı yer alır. Bu səbəbdən də İngiltərə dərin dövləti yunanlara və kiprli rumlara qarşı xüsusi sempatiya bəsləyirlər və hər zaman İngilis hökuməti kiprli rumların yanındadır. “Brexit”dən sonra Avropa Şurası Cənub-Şərqi Aralıq dənizindəki hidrokarbon enerjisinə ehtiyac duyması və 1 May 2004-cü il tarixli “Protokol 10”a görə Kipr adasının Avropa Şurası torpağı elan edilməsi səbəbindən Kipr adası ilə heç bir vaxt əlaqə və diqqətini kəsməyəcək.
– İngiltərə adada iki hərbi bazaya sahibdir və bu bazaların rumların təhlükəsizliyi üçün orada olduğu iddia edilir. Bəs ingilislər adada olmasaydı indi Kiprdə vəziyyət necə olardı?
– Kipr adasında iki fərqli yerdə yerləşdirilmiş bir ədəd ingilis hərbi bazası mövcuddur. Kipr Cumhuriyyətinin 1960-cı ildə qəbul edilmiş Konstitusiyasında bazaların yerləri, koordinatları və onların tabe olacaqları qaydalar yer alıb. Bazaların özlərinin limanı, Poçt servisi və elektrik xətləri var. İngilis hərbi bazası dövlət statusundadır (Akrotiri dövləti) və onun başçısı da adadakı ən yüksək rütbəli ingilis Generaldır. İngilis hərbi bazasının adadakı varlığının səbəbi 1834-cü ildə Kapitan Benjamin Dizraelinin Yaxın Şərqlə bağlı yazdığı hesabat və İngiltərənin güddüyü bölgəsəl mənafedir. Adada ingilis hərbi bazasının olub-olmamasının “Kipr problemi” ilə heç bir əlaqəsi yoxdur. Adada ingilis hərbi bazaları olmasaydı, Akrotiri bu gün Cənubi Kipr Rum idarəsi altında, Dikeliya ərazisi isə Şimali Kipr Türk Cumhuriyyətinin hüdudları altında olacaqdı.
– Şimali Kiprə qarşı təzyiqlər gücləndikdə Türkiyə açıq şəkildə dəqiq bir dillə Şimali Kiprlə birləşəcəyini bildirib. Sizcə, Türkiyə bu addımı hansı vəziyyətdə atar?
– Türkiyə Cənub sahillərinin və Cənubi Anadolu bölgəsinin təhlükəsizliyi baxımından Kipr adasının Şimal hissəsinə hakim olmaq məcburiyyətindədir. Bu təhlükəsizliyin yox olmağa başladığı, Türkiyə ilə Kipr adası arasındakı dənizdə və Beynəlxalq Dəniz Hüququna görə (I (1958) və II (1960)) Türkiyənin bəyan etdiyi, ancaq qonşu dövlətlərin imzalamadığı Xüsusi İqtisadi Zona daxilində yer alan hidrokarbon ehtiyatları üzərindəki haqları təhlükəylə üz-üzə gəldiyində Şimali Kipr Türk Cumhuriyyəti ilə birləşmək yolunda addımlar ata bilər.
Söhbətləşdi: Qafqaz Ömərov
Tərcümə etdi: Aqil Bəkir
www.yenicag.az