Bakı Apellyasiya Məhkəməsində 1977-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Rahib Əliyevin CM-nin 120.2.4 (xüsusi amansizlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Qeyd edək ki, bu il yanvarın 28-də Xızı rayonunda Rahib Əliyev “Makarov” markalı tapancadan atəş açmaqla rayon sakini Osman Şirinovu qətlə yetirib və sonra qayınatasının evində olan uşaqları ilə vidalaşıb könüllü RPŞ-nə təslim olub. Hadisə ilə əlaqədar istintaq-əməliyyat qrupu müayinə apararaq gilizləri aşkar edib, qan nümünələri götürülməklə yanaşı şahidlər sorğu-sual edilib. İlkin dindirmə zamanı Əliyev göstərib ki, Şirinovu həyat yoldaşı ilə intim əlaqədə olduğuna görə öldürüb.
Məhkəmə prosesində Rahib Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. O, 90-cı illərdə Cəbrayıl rayonu işğal olunandan sonra ailə üzvləri ilə Nərimanov rayonunda yataqxanada məskünlaşdığını, 2005-ci ildə Xızı rayon sakini Aytən Nəsirova ilə evləndiyini bildirib. Yanvarın 24-də arvadı uşaqlarla ondan xəbərsiz rayona, atasının evinə gedib və bir gündən sonra övladlarını orada qoyaraq Bakıda yaşayan xalasının evinə gələrək, bu barədə heç kimə deməməsini xahiş edib. Həmin gün onun atası qızının axtarışına başlayıb və Rahibə zəng edərək, Aytənin heç nə demədən evdən çıxıb, getməsini bildirib. Bu ərəfədə Rahibin qonşusu Ceyhun Məmmədov ona arvadı ilə bağlı marağlı bir əhvalat danışıb. Belə ki, ötən ilin yayında Rahib neft daşlarında işdə olarkən onların mənzilində naməlum şəxs gəcələyib. Səhər gedəndə isə o, həmin adamın qarşısını kəsərək kimliyi ilə maraqlanıb və bu mənzildə nə elədiyini soruşub. Cavabında sonuncu bunun şəxsi işi olduğunu bildirib, aralarında sözlü mübahisə yaranıb, həmin an digər qonşusu Mənsur həmin şəxsi telefonuna çəkib. Danışıq zamanı həmin şəxs Xızıdan olduğunu deyib, Ceyhun isə onu xəbərdar edib ki, o bir də bu ərazidə görünsə, həmin görüntü qadının ərinə veriləcək. Həmin vaxtdan bu haqda danışmaqdan çəkindiyini deyən qonşu buna görə Rahibdən üzr istəyib. Rahib Əliyevin təkidi ilə Ceyhun Məmmədov telefondaki görüntünü ona göstərib. Həmin gün Rahib Garabağ münaqişəsi vaxtından gətirdiyi və evdə saxladığı tapancanı götürüb, qayınatasının evinə yollanıb. Sonuncuya telefonuna köçürdüyü naməlum şəxsin görüntüsünü göstərməklə, onun namusuna toxunduğunu bildirib. Rahib müəyyən edib ki, həmin şəxs rayon sakini Osman Şirinovdur. Səhərisi gün heç kimə heç nə demədən evdən çıxıb və mərkəzi bazarın yanında ticarətlə məşğul olan Şirinova məxsus marketə gəlib. Rahib içəri daxil olaraq həmin adamdan adının həqiqətənmi Osman olduğunu soruşub. Sonuncu bunu təsdiqləyib, nə baş verdiyini soruşduqda Rahib hazır vəziyyətdə saxladığı tapancanı ona tuşlayaraq 3 dəfə atəş aşıb, sonra isə taksiyə əyləşib qayınatasının evinə gəlib.
Zərərçəkən Hüseyn Şirinov ifadəsində göstərib ki, onun oğlunun təqsirləndirilən şəxsin danışdıqlarına heç bir aidiyyatı yoxdur və bütün bunlar sadəcə şərdir. O, məhkəmədən Rahib Əliyevə ağır cəza təyin edilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib(faktxəbər).
www.yenicag.az