Qrenlandiyaya görə müntəzəm toplantılar keçiriləcək
ABŞ və Danimarkanın Qrenlandiya üzrə birgə işçi qrupunun görüşləri hər iki-üç həftədən bir keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.
14 yanvar tarixində Vaşinqtonda Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Lars Lekke Rasmussen və Vivian Motsfeldt ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüş keçiriblər.
“Bu, yaxşı görüş oldu. Həmin görüşdə tərəflər, həqiqətən də, Qrenlandiyanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək şəxslərdən ibarət işçi qrupunun yaradılması barədə razılığa gəldilər. Mənə bildirildiyinə görə, bu danışıqlar hər iki-üç həftədən bir keçiriləcək. Beləliklə, administrasiya danimarkalılarla və hörmətli Qrenlandiya nümayəndə heyəti ilə danışıqları davam etdirmək niyyətindədir”, – deyə Levitt bildirib.
“Amma prezident öz prioritetlərini açıq şəkildə ifadə edib. O istəyir ki, Amerika Birləşmiş Ştatları Qrenlandiyanı əldə etsin. O hesab edir ki, bu, milli təhlükəsizliyimizin maraqlarına uyğundur”, – Levitt əlavə edib.












