Qulu Məhərrəmli də Abid Şərifova qarşı çıxdı
“Təəssüf ki, Abid Şərifov medianın qarşısına çıxanda bəzən düşünülməmiş, qıcıqdan yaranan yanlışlıqlara yol verir”
Son zamanlar mətbuatda və sosial şəbəkələrdə baş nazirin birinci müavini Abid Şərifovun jurnalistlərin Azadlıq prospektindəki yanan bina ilə bağlı ona ünvanlanan sualına kobud cavab verməsi məsələsi geniş müzakirə olunur. Bu hal hələ də ölkəmizdə bəzi məmurların ictimaiyyət, media ilə davranış kodeksinə yiyələnə bilmədiklərinin göstəricisidir.
Yenicag.az-a açıqlamasında əməkdaş jurnalist Qulu Məhərrəmli təəssüf hissi ilə qeyd etdi ki, A.Şərifov bir sıra hallarda düşünülməmiş hərəkətlərə yol verir: “Abid Şərifov vəzifə tutur, amma o istesalatçıdır. O müəyyən tapşırıqları yerinə yetirən və özü də yarıdan məmurdur. Yəni o iş adamıdır. Lakin təəssüf ki, medianın qarşısına çıxanda bəzən düşünülməmiş, qıcıqdan yaranan yanlışlıqlara da yol verir. Bu arzuolunmazdır. Məmur ya gərək jurnalistin qarşısına çıxmasın. Bu baş verirsə, ünvanlanan suallara çox təmkinlə, dəqiq, obyektiv cavablar verməlidir. Məmurlar bilməlidir ki, heç bir halda jurnalistlə mübahisəyə girişmək olmaz. Jurnalistlə polemikaya girmək heç bir halda məmurun xeyrinə deyil. Verilən sualın cavabını verməlidir. Sualın cavabı həmin məmura aid deyilsə, buna da cavab verməyin yolları var. Hesab edirəm ki, məmurlarımızın sadəcə olaraq, media, jurnalistlərlə, piar işi ilə bağlı bilgiləri yox dərəcəsindədir. Bunun olmamasının nəticəsidir ki, çətinlik çəkirlər. Bunun üçün medianı tanımaq, jurnalistikanın mahiyyətini, məqsədini bilmək lazımdır. Təəssüf ki, məmurlarımız ümumiyyətlə səviyyəcə yüksək olmurlar. Onların çoxunun mütaliyəsi yoxdur, ümumu dünyagörüşü yüksək olmur. Bu halda da yanlışlıqlara yol verirlər”.
ELÇİN