Quranı pulla oxumaq olar, olmaz? – İlahiyyatçı rəyi

media-hightechnic-468x90

namazkuranDinimizdədə müzakirə olunan mövzulardan biri də Quranı pulla oxumaq məsələsidir. Heç kimə sirr deyil ki, yas məclislərində mərhumun ruhu üçün müəyyən pul müqabilində mollaya Quran oxutdurulur. Hətta bəzi yerlərdə bu işin əvəllcədən müəyyənləşdirilmiş konkret qiyməti də var.

 İlahiyyat üzrə fəlsəfə doktoru  Əkrəm Həsənov Yenicag.az-a bildirir ki, Quranı hər hansı maddiyyat müqabilində oxumaq İslam dininin qaydalarına görə günahdır.

“Gözümüzü açandan, xüsusi ilə mən bunu özümə aid edəcəyəm, gözümü açandan bizdə belə bir adət görmüşəm. Məsələn: bizim baba-nənələrimiz bir yerə yığılanda yuxu haqqında, yuxuda ölmüş hansısa yaxın qohumlarını gördüklərini danışırlar. Onlar öz ölən qohumlarını yuxuda gördüklərini deyirlər. Buna görə də tanıdıqları və etibar etdikləri Quran oxuya bilən din adamı axtarır, molla axtarır, yuxuda gördüyü ölüsünə Quran oxutdururlar. Bunun müqabilində isə Quran oxuyan din xadiminə, mollaya müəyyən məbləğ pul verirlər. Bununla da rahatlıq tapır, təskinlik tapır, artıq oxunan Quranın ölüyə gedib çatdığını yəqin bilir, verdiyi pulu da həqiqətən də bir haqq olaraq verdiyinə inanır. Əslində verdiyi pul çox az olur. Demək olar ki, həmin pul din xadiminin cüzi bir ehtiyacını qarşılayır. Din xadimi də, yəni molla da bundan rahatlıq tapır. Çünki heç bir ciddi əziyyət çəkmədən, Allahın ruzisidir deyib pulu rahatlıqla alır. Beləliklə dində bir iş, peşə, gəlir yeri əldə olunur.  Yəni sanki bu müəyyən bir peşədir və bunun müqabilində aldığı da zəhmət haqqıdır. Biz hamımız bu inancda doğulmuşuq, bu cür inanc içərisində olan insanların içərisində yaşamışıq və hələ də yaşayırıq. Gözümüzü açandan nənə-babalarımızın mollaya Quran oxutdurduğunu, bunun qarşılığında zəhmət haqqı, yaxud Quran oxuma haqqı verdiklərini görmüşük. Bu cür gördüyümüz üçün bu məsələyə bizdə güclü iman olub. Yəni bizdə möhkəm inancla bu məsələni mənimsəmiş, tərəddüd etmədən, elmimiz olmadan, zənnə qapılaraq bu inancın daşıyıcısı olmuşuq”.

Universitetdə oxuduğum illərdə İslamın mükəmməl bir din olduğunu dərk etdim, Allahın bu dininin bizim üçün ən böyük bir nemət olduğunu gördüm. Sonra elə oldu ki, qohumlar mənə müraciət etdilər ki, hansısa bir atamı, yaxud babamı, yaxud nənəmi yuxuda görmüşəm, ona Quran oxu. Məndə bu qədər vaxt ərzində gördüyüm və içərisində yaşadığım bu adəti yerinə yetirməyə başladım..Mən əlbəttə Quran oxuyub qurtardıqdan sonra deyirdim ki, oxuduğum Quranı filankəs tərəfindən filankəsin ruhuna hədiyyə edirdim. Hər dəfə Allah şahiddir ki, dua edərək yalvarırdım ki, ya Rəbb! Əgər sən həqiqətən də oxunan Quranı ölüyə çatdırırsansa onda bu oxuduğuma da filankəs tərəfdən filankəsə çatdır. Mən dəqiq əmin deyiləm ki, doğrudan da bu Quran ölüyə çatır ya yox. Çatırsa necə çatır. Kim çatdırır. Ancaq mən kitablara baxanda və bu barədə olan mövzulara baxanda bütün alimlərin əksəriyyətinin belə dediyini görürdüm ki, islam alimləri Quranın savabının ölüyə çatdığını deyirdilər. Alimlər belə desə də bunun da müəyyən şərtləri var və bunu hər birimiz mütləq öyrənməliyik. Həmçinin alimlər Quranın savabının ölüyə çatıb-çatmaması haqqında ixtilaf da ediblər. Demək olar ki, bir çox böyük İslam alimləri Quran oxuyub savabını ölüyə bağışlanmanın doğru olduğunu deyiblər. Amma heç bir İslam aliminin elə bir sözünü eşitməmişəm ki, desin ki, bunu ya peyğəmbərimiz Məhəmməd (ona və ailəsinə salam olsun), yaxud da onun səhabələrindən biri edib. Axı onlar belə etməyiblər. Allahdan bağışlanmamızı istəyirəm.  Bundan əlavə Quranın savabının ölüyə çatacağını deyən alimlər belə bunun qarşılığında pul almağın haram olduğunu bildiriblər. Amma, tarix boyu İslam dünyası ölülərə Quran oxuyub və oxutdurublar, çox təəssüf ki, bunun qarşılığında pul veriblər. Xüsusi ilə İslam dini digər yerlərə yayılandan sonra bu əməli bir çox xalqlar ediblər. Əsas da türk xalqları bu adət-ənənəni sürdürüblər. Azərbaycanda da tarixən bu adət-ənənə köklü şəkildə qalıb və hələ də qalmaqdadır. Quran oxuduğum zaman Allahın kitabında qarşılaşdığım ayələrdir. Allah təala Qurani Kərimdə bizə xəbərdarlıq edib ki, Mənim ayələrimi ucuz qiymətə satmayın. Qurani Kərimin Bəqərə surəsinin 41-ci ayəsində Allah təala buyurur: “Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!”. Bu ayələr bizə Quran ayələrini ucuz qiymətə satmağı qadağan edir. Bu böyük bir təhlükədir. Adam Yasin surəsini oxuyur, oxutduran adam ona beş manat, yaxud da on manat verir. Bu nə deməkdir, bu Quranı satmaq deyilmi? Allah bizi bilmədən və cahilcə etdiyimiz əməllərə görə bağışlasın, haqqı bildikdən sonra tövbə etməyi və tövbəmizi qəbul edib bizə bir daha o cür böyük günaha girməməyi nəsib etsin. Ey Quran oxutduran insan! Verdiyin pulu Qurana görə vermə. Sən onun bir hərfinə belə bütün dünyanı versən, bir hərf tərəzidə daha ağır gələr. Allahdan qorx. Mollaya verdiyin pulu sədəqə niyyəti ilə ver. Verəndə Allaha dua edib yalvar ki, ya Rəbbi bu mollanın pula ehtiyacı var, məndə Sənin yolunda həmin o mollaya sədəqə verirəm. Yoxsa sən Quran oxuduğu üçün pul verirsənsə həm mollanı günaha batırırsan, həm də özün günahkar olursan. Qiyamət günü Rəbbimiz Allah bunun haqqını bizdən soruşacaq axı. Halbuki Quran oxunanda çəkdiyin dadın və ləzzətin yerini bu dünyanı versən də ala bilməzsən. Quranı belə vasitələrə alət etməyin. Allah bizə elə bir Kitab nazil etmişdir ki, həmin kitabı dağlara nazil etsəydi parça-parça olardı. Ey Quran oxuya bilən qardaşım, Allah bizə xəbər verib ki, O bilmədən və cahilcə etdiyimiz xətaya görə, sonra tövbə etsək bizi bağışlayacaq. Amma bunu bil ki, Quranı pulla oxumaq haramdır və bu əməlindən əl çək. Allah bizi bağışlasın. Amin!  Bəqərə surəsinin 174-175-176-cı ayələrində isə Allah təala belə buyurur: “174 – Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir! 175 – Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər! 176 – Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər”.

Kamran

Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600