!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quşların “həmdəmi” Cabbarlı, yağış suyuna möhtac Vurğun, parıldayan Puşkin... – FOTOLAR

!Reklam – Yazi

Ötən həftə görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı büstünün dağılması ilə yadda qaldı. İşə dövlət səviyyəsində münasibət bildirildi, Müşfiqə hörmətsizlik edənlər cəzalandı. Maraqlıdır, görəsən şəhərimizdəki digər heykəllərin vəziyyəti necədir? Onlara qulluq, diqqət yetərincədirmi?

Yeniçağ.az olaraq heykəllərin təmizlənməsi ilə bağlı araşdırmalara başladıq və paytaxtımızdakı heykəllərdə olan qüsurları gözlə görmək üçün yolumuzu həmin ərazilərdən saldıq. Araşdırmalarımız zamanı məlum oldu ki, paytaxtımızda ən çox laqeydliyin qurbanı olan iki heykəl var: Cəfər Cabbarlı və Səməd Vurğun… Quşların “həmdəmi” olan bu iki dahinin “üst-başı” adamı ancaq utandırır. Hətta biranlıq insana elə gəlir ki, bizim laqeydliyimizdən sarsılan Cabbarlı bəlkə də illərlə yuyulmayan başından xəcalət çəkərək, gözlərini ənginliklərə zilləyib.

Digər heykəllərin bəxti daha çox gətirib, onların üst-başı quş ifrazatı deyil, toz-torpaq içində idi. Bircə Puşkindən başqa… Hətta heykəl məsələsində belə xalqımız qonaqpərvərliyini nümayiş etdirir. Azərbaycanın şair və ədiblərindən, ziyalılarından fərqli olaraq, rus ədəbiyyatının banisi A.S. Puşkinin heykəli o qədər parıldayır ki, adam orda əksini görür. Bu məqamda düşünürsən ki, kaş bu cür diqqət Xurşidbanu Natəvanın, Nəsiminin, Nizaminin, Mehdi Hüseynzadənin, Sabirin, Üzeyirin də bəxtinə düşəydi… Görəsən bu laqeydliyin səbəbi nədir? Mərkəzi küçələri az qala şampunla yuyulan Bakıda heykəllər niyə ancaq yağış suyuna möhtacdır? Ya da heykəllərin təmizlənməsində niyə ayrıseçkilik qoyulur?

Məsələ ilə bağlı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. İdarənin rəis müavini Nazim Xeyirxəbərov bildirdi ki, heykəllər həftədə bir dəfə maşınla yuyulur:

“Heykələ qonan quşları qovmaq mümkün deyil. Həmin qeyd etdiyiniz heykələ al çatmır deyə, bizim əməkdaşlar xüsusi təyinatlı maşınlarda olan səbətlərə minir və heykəlləri kimyəvi maddə ilə yuyub təmizləyirlər. Yenə də iki gündən sonra həmin vəziyyət yaranır. Əslində, heykəllər bizim balansımızda deyil, Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Ancaq biz əraziyə xidmət göstərdiyimiz üçün həftədə bir dəfə (qar, çovğun olanda 10 gündənbir) yuyulur. Ancaq bu dəqiqdir ki, bizim ərazidə yerləşən heykəllər yuyulub təmizlənir”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədov isə dedi ki, nazirlik heykəllərin təmizlənməsi prosesini qanunvericiliyə uyğun olaraq, ümumiyyətlə həyata keçirtmir:

“Nazirliyin heykəlləri təmizləmək üçün texnikası yoxdur. Bu iş birbaşa olaraq şəhərin təmizliyi ilə məşğul olan Mənzil-Kommunal Təsərrüfat Birliyi və İcra Hakimiyyəti orqanlarının səlahiyyətindədir”.

Məsələyə özünəməxsus fikir bildirən kulturoloq, “İctimai Nəzarət Koalisiyası” adlı QHT-nin sədr müavini Aydınxan Əbilovun sözlərinə görə, heykəllərin hamısı təmizlənməlidir, ayrıseçkilik qoyulmamalıdır:

“Biz hər dəfə eyni mövqe ortaya qoyuruq. İnanmıram ki, hansısa heykəlin təmiz və ya baxımsız olmasında kiminsə, nəsə məqsədi olsun. Bu, daha çox şəhərin kommunal problemlərinin həllinin həvalə olunduğu qurumların öz işlərinə məsuliyyətsiz yanaşmalarından irəli gəlir. Çünki Azərbaycanın müxtəlif yerlərində və paytaxtda XX əsrin sonları – XXI əsrin əvvəlləri çoxsaylı heykəl və abidə kompleksləri qoyulub. Və dövlət onların vaxtlı-vaxtında təmizlənməsi üçün kifayət qədər vəsait də ayırır. Sözsüz ki, heykəllər o qədər təmiz olmalıdır ki, xaricdən gələn qonaqlar və şəhər sakinlərinin gözündə sözün həqiqi mənasında nüfuzlu bir insana qoyulmuş heykəl və abidə kimi ucalsın. Əgər kimsə bu işdə məsuliyyətsizlik göstərirsə, o heykəlləri vaxtında təmizləmirsə, dövlət qurumları həmin insanlara qarşı sərt münasibət göstərməlidir. Xaricdə şəhər mərkəzindəki bütün heykəllər o qədər təmiz və səliqəli olur ki… Düşünürəm ki, yalnız kommunal işlərə baxan əməkdaşlar deyil, şəhərin sakinləri də bu işdə maraqlı olmalıdırlar. Sovetin vaxtında iməcilik keçirilərdi, insanlar da şəhərin mərkəzini, küçələrini, müxtəlif yerləri təmizləmək üçün özlərinin ictimai-sosial fəallığını nümayiş etdirərdilər. Bəlkə də bunu yenidən ənənə halına salmaq lazımdır. Bilirsiniz ki, dünyada gedən iqtisadi böhran Azərbaycandan da yan keçmədi. Dövlət hər şeyə vəsait ayırmaq iqtidarında olmaya bilər. İstərdim ki, bəzi məsələlərdə cəmiyyət də öz fəallığını nümayiş etdirsin. Məsələn, Naxçıvanda, Mingəçevirdə, Gəncədə bir sıra ictimai işlərdə müəllim və həkimlərin köməyindən istifadə olunur, iməciliklər keçirilir. Nəzərə alsaq ki, qarşıdan Novruz bayramı gəlir, bu kimi problemləri ümumxalq iməciliyi ilə də aradan qaldırmaq olar”.

P.S. Son olaraq Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Nazim Xeyirxəbərovun nəzərinə çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan heykəllərdən bir çoxu nəinki həftədə bir dəfə, heç aylarla da yuyulmur. Bunu həmin ərazidə yerləşən köşk sahibləri də təsdiqləyir. Demək, yenə ümid qalır yağışa… Və nəzərə alsaq ki, qarşıdan isti yay gəlir, demək, Cabbarlı hələ nəzərlərini çox uzaqlara dikəcək… Quş ifrazatından rəngi bilinməyən üst-başından utanıb, ona baxan turistlərdən və şəhər sakinlərindən baxışlarını “qaçıraraq” uzaqlara baxacaq… baxacaq…

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv