Azərbaycanda 11 radio kanalında monitorinq aparılıb.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Radioların dili monitorinq aynasında” adlı tədbirdə deyib.
O bildirib ki, monitorinq zamanı təhlil edilən 4500 dil faktından 3484-ü hesabata daxil edilib: “Monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvi müəyyənləşdirilib. Radio aparıcılarının nitqində vurğunun düzgün işlədilməməsini, ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların, abreviaturların yanlış tələffüzünü, qarşılığı olduğu halda əcnəbi sözlərdən istifadəni, söz sırasının pozulmasını, üslub və ifadə səhvlərini ciddi nitq nöqsanları kimi qeyd etmək olar”.
Onun sözlərinə görə, indiyədək 60 sayt, 12 televiziya və 11 radio kanalı, eləcə də televiziyalarda nümayiş olunan dublyaj filmlərinin monitorinqi nəticəsində 15 minə yaxın dil faktı geniş təhlil edilməklə ictimaiyyətə açıqlanıb.
www.yenicag.az