Mövsümi xəstəliklərdə ARTIŞ: "Bu qaydalara ciddi əməl etmək vacibdir"
“Mövsümi xəstəliklərdən yayınmaq üçün köhnəlmiş məhsullardan uzaq durmaq, yuxu rejiminə ciddi əməl etmək vacibdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Mütəxəssis son zamanlar əhali arasında geniş yayılan qrip virusundan qorunmaq və sağlam qalmaq üçün vacib olan əsas amilləri sadalayıb:
“Hər zaman mövsüm dəyişikliyi zamanı immun sistemi zəif olan insanlarda virusa yoluxma halları daha çox baş verir. Bəzən sağalma prosesi də uzun müddət çəkir. Bütün bunların qarşısını almaq üçün təkcə virusa yoluxduqda deyil, hər zaman immun sistemini gücləndirmək üçün doğru qidalanma və düzgün həyat tərzi ən önəmli faktorlardan biridir. İlk növbədə gündəlik keyfiyyətli qidalardan istifadə etmək əsas məsələ olsa da, yuxu da ən güclü qoruyucu vasitədir. Gecə saat 23:00-dan sonra yatılan yuxu daha sağlam hesab olunur, çünki bu zaman immun hüceyrələr aktivləşir ki, bu da immunitetin güclənməsinə səbəb olur.
Eləcə də gündəlik qidalarımızda şəkərli, qazlı, rəngli içkilərdən və rəf ömrü uzun olan paketlənmiş qidalardan imtina etmək lazımdır. Bu qidalar orqanizmin immun sistemini aşağı salmaqla yanaşı, həm də mədə-bağırsaq sisteminin pozulmasına, maddələr mübadiləsinin zəifləməsinə gətirib çıxarır. Mütləq şəkildə bilmək lazımdır ki, şəkər və şəkərli qidalar immunitetin zəifləməsinə təsir göstərən əsas amillərdən biridir. Bütün bunlarla yanaşı, immunitetimizin güclü olması üçün bağırsaqlarımızın sağlam olması vacibdir. Bunun üçün də gündəlik mövsümi meyvə-tərəvəzlərlə qidalanma, təzə hazırlanmış təamlar və yetəri miqdarda su içmək ən önəmli şərtlərdəndir. Su miqdarı hər kiloqram bədən çəkisinə görə 30 ml nəzərdə tutulub. Bu miqdarda su qəbul edən şəxslərdə orqanizm toksik maddələrdən təmizlənir, qidalar doğru şəkildə parçalanır və maddələr mübadiləsinin sürəti normal olur. Bundan əlavə, hər bir insanın günün birinci yarısında bir ovuc çərəz istifadə etməsi məsləhət görülür”.
M. Hüseynova yuxu rejiminə və fiziki aktivliyə xüsusi diqqət ayrılmasının önəmini vurğulayıb:
“Qida və yuxu rejimi ilə yanaşı, fiziki aktivliyi də unutmamaq lazımdır. Fiziki aktivlik qan dövranını yaxşılaşdırır, əzələlərin formalaşmasında əsas rol oynayır. Müasir həyat tərzində stresə məruz qaldıqda onu idarə edə bilməmək immun hüceyrələrinin sayını 40%-ə qədər azaldır. Xroniki stres digər faktorlara əməl olunduğu halda belə, viruslara qarşı müqaviməti azaldır və xəstəliklərə yoluxma riskini artırır.
Son olaraq, sağlamlıq üçün sanitar-gigiyena qaydalarına əməl etmək vacibdir. Əllərin mütəmadi yuyulması, davamlı duş almaq, qidaların təmiz yuyulması əsas şərtlərdəndir. Ən əsası, keyfiyyətli qidalarla yanaşı, köhnə qidalardan istifadə olunmamalıdır. Soyuducuda uzun müddət qalmış məhsullardan, kolbasa və sosis kimi emal olunmuş ət məhsullarından çox istifadə edilməsi immun sistemini zəiflədən əsas amillərdən biri hesab olunur”.
Nurlan Cəfəri












