Reklam

Reklam

Yenicag.az Ramazan ayında baş verən bəzi mühüm dini hadisələri sizə təqdim edir.

1 ramazan

– İmam Həsənin (ə) nəslindən olan Seyyidə Nəfisə vəfat edib (hicri 208 – miladi 824).

O, 30 dəfə piyada həccə getmiş, bütün sərvətini kasıblara paylamışdı. Əri ilə (İmam Sadiqin (ə) oğlu İshaqla) birlikdə Misirə köçmüş və orada vəfat edib dəfn olunub. Şafii məzhəbinin banisi Şafii onun yanına dərsə gəlir və ondan hədis rəvayət edirdi. Seyyidə Nəfisə öz evində özünə qəbir qazmışdı, hər gün qəbrin içində Quran oxuyur, namaz qılırdı. Həyatı boyunca bu qəbrin içində 6 min dəfə Quran xətm edib.

Məşhur müsəlman filosofu və təbib, “Şeyxür-rəis” (rəhbər şeyx) ləqəbli Əbu Əli ibn Sina vəfat edib (hicri 428 – miladi 1037). Onun “Şifa” kitabı elmlərin ensiklopediyası sayılır, “Qanun” əsəri isə orta əsrlərdə Avropada Bibliyadan sonra ən çox tirajla nəşr edilən kitab idi.

2 ramazan

Məşhur fiqh və kəlam alimi Şeyx Müfid vəfat edib (hicri 413 – miladi 1022). Şeyx Müfid cəfəri məzhəbinin inkişafı naminə misilsiz xidmətlər göstərib. Onun müxtəlif dini mövzulara həsr olunmuş 170-dən artıq irili-xırdalı əsəri var. Bu risalələrin bir çoxu ona verilən sualların cavabından ibarətdir. Şeyx Müfid elmi mübahisələr aparmaqda mahir idi və bu mübahisələrdə həmişə qalib gəlirdi.

3 ramazan

Həzrət İbrahim Peyğəmbərə (ə) səhifələr nazil olub. Ümumiyyətlə, Allah-Taala Öz peyğəmbərlərinə 4 səmavi kitab (Tövrat, Zəbur, İncil və Quran) və 100 səhifə nazil eib ki (Həzrət Adəmə 10, Şeysə 50, İdrisə 30 və İbrahimə (ə) 10 səhifə) bunların da hamısı mübarək ramazan ayında nazil olub.

4 ramazan

Kufə valisi qəddar Ziyad ibn Əbihi ölüb (hicri 53 – miladi 673). Ziyad bir müddət Kufə və Bəsrə valisi olmuş, bu illərdə Əhli-beyt dostlarına çox əziyyət vermişdi. İmam Həsənin (ə) qarğışı nəticəsində barmağına yara çıxmış, sonra yara böyüyərək bütün bədəninə yayılmış və bu xəstəlikdən ölmüşdü. Aşura cinayətkarı Übeydullah ibn Ziyadın atasıdır.

6 ramazan

Həzrət Musa Peyğəmbərə (s) Tövrat nazil olmuşdur.

Səkkizinci imam Rzaya (ə) vəliəhd kimi beyət edilib (hicri 201 – miladi 817). İmam Rza (ə) Abbasi xəlifəsi Məmun tərəfindən Mədinədən Xorasana gətirilmiş və vəliəhdliyi qəbul etməyə məcbur olmuşdu.

Məşhur sufi Səriyy Səqəti vəfat etmişdir (hicri 253 – miladi 867). O, böyük sufi Bişr Hafinin və Məruf Kərxinin şagirdi, Cüneyd Bağdadinin ustadı və dayısı idi.

7 ramazan

Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi və himayədarı Əbu Talib vəfat edib (besətin 10-cu ili). Əbu Talib İslamı qəbul edib müsəlman olmuş, amma Peyğəmbəri (s) qoruya bilmək üçün öz imanını gizli saxlamışdı. Onun iki oğlu – Əli və Cəfəri-təyyar da İslamın yayılmasında müstəsna xidmət göstərmişlər.

10 ramazan

Həzrət Mühəmməd Peyğəmbərin (s) həyat yoldaşı, Fatimeyi-Zəhranın (ə) anası, ümmül-möminin Xədicə dünyasnı dəyişib (besətin 10-cu ili). O, Peyğəmbərə (s) iman gətirmiş ilk müsəlmandır. Həzrət Xədicə bütün əmlakı ilə İslamın yayılmasına kömək edib.

Məkkə şəhəri müsəlmanlar tərəfindən fəth olunub (hicri 8 – miladi 630). Həzrət Mühəmməd Peyğəmbər (s) Kəbə evini bütlərdən təmizləmək üçün 10 min nəfərlik qoşunla Məkkə üzərinə yürüş etmiş və şəhər qan-qadasız ələ keçirilərək əhaliyə aman verilmişdi.

12 ramazan

Üxüvvət (qardaşlıq) əhli bağlanıb (hicri 1 – miladi 622). Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə hicrət etdikdən dərhal sonra müsəlmanlar arasında qardaşlıq əhdi bağladı. Onun göstərişi ilə hər mühacir (Məkkədən köçüb-gələn müsəlman) ənsardan (Mədinənin yerli əhalisindən) bir nəfərlə qardaş oldu. Peyğəmbər (s) özü ilə İmam Əli (ə) arasında qardaşlıq əhdi bağladı.

13 ramazan

Həzrət İsa Peyğəmbərə (ə) İncil nazil olub. Əsl İncil günümüzə kimi gəlib-çatmamışdır. Bu gün xristian aləmində Həzrət İsanın (ə) şagirdləi tərəfindən qələmə alınmış 4 fərqli İncil mötəbər sayılır.

Zalımlığı ilə ad qazanmış Həccac ibn Yusif Səqəfi ölüb (hicri 95 – miladi 714). Həccac Əməvilər zamanında İraq valisi olmuş, 20 il ərzində 120 min nəfəri vəhşicəsinə qətlə yetirmişdi.

– Görkəmli filosof Cahangir xan Qoşqayi vəfat edib (hicri 1328 – miladi 1910). İsfahan məktəbinin yetirməsi olan bu alimi fərqləndirən əsas xüsusiyyət başına əmmamə deyil, papaq qoymasıdır. Ayətullah Birucerdi, İsfahani, Naini, Ağa Ziya Əraqi, Ərbab, Şahabadi, Müdərris kimi böyük alimlər ondan dərs almışlar.

14 ramazan

– Əhli-Beytin müdafiəçisi Muxtar Səqəfi vəfat edib (hicri 67 – miladi 687). Muxtar Yezidin ölümündən sonra Mədinədə qiyam qaldıraraq, İmam Hüseynin (ə) qatillərindən intiqam almağa başladı. Qısa müddət ərzində Kərbəla faciəsində əli olan bütün canilər Muxtar tərəfindən ələ keçirilib cəhənnəmə vasil edildi.

15 ramazan

– İkinci imam Həsən Müctəba (ə) doğulub (hicri 3 – miladi 625). O, Həzrət Mühəmməd Peyğəmbərin (s) ilk nəvəsi, İmam Əli (ə) ilə Həzrət Fatimənin (ə) böyük oğlu idi. 10 il imamlıq etmiş, hicri 50 – miladi 670-ci ildə Müaviyənin əmri ilə zəhərlədilib şəhid olub.

– İmam Hüseyn (ə) kufəlilərin dəvət məktublarına cavab olaraq, öz əmisi oğlu Müslim ibn Əqili Kufəyə yollayıb (hicri 60 – miladi 680). Kufəlilər əvvəlcə Müslimə beyət etsələr də, sonra ona arxa çevirib tənha buraxdılar.

– Hicri 145-ci il ramazan ayının ortalarında (miladi 762) İmam Həsənin (ə) nəslindən olan Mühəmməd Nəfsüz-zəkiyyə şəhid olub. O, Abbasilərə qarşı Mədinədə qiyam qaldırdı, lakin tərəfdarlarının xəyanəti nəticəsində məğlubiyyətə uğrayıb döyüşdə həlak olub.

– Məşhur alim, “şəhidi-sani” (ikinci şəhid) ləqəbi ilə tanınan Şeyx Zeynəddin Cəbəi Amili qəddarlıqla şəhid edilib (hicri 965 – miladi 1558). O, fərqli elm sahələ¬rində 70-dən artıq əsər qələmə almışdı. Şəhidi-sani beş məzhəbin (cəfəri, hənəfi, şafii, maliki və hənbəli) hökmlərini mükəmməl şəkildə bilirdi.

17 ramazan

– Həzrət Mühəmməd Peyğəmbər (s) meraca gedib (besətin 13-cü ili).

– Müsəlmanlarla Məkkə müşrikləri arasında ilk ciddi döyüş – Bədr savaşı baş verib (hicri 2 – miladi 624). Bu, həm də İslam tarixində ilk böyük qələbə sayılır. Bədr savaşında müsəlmanlar sayca özlərindən üç dəfə artıq və güclü olan düşmənə qalib gəldilər.

– Həzrət Mühəmməd Peyğəmbərin (s) həyat yoldaşı, Əbu Bəkrin qızı Aişə vəfat edib (hicri 58 – miladi 678).

– Məşhur filosof, təbib və astronom Qütbəddin Şirazi vəfat edib (hicri 710 – miladi 1311).

– Böyük müctəhid Ayətullahül-üzma Fazil Şərabiyani vəfat edib (hicri 1322 – miladi 1904).

18 ramazan

Həzrət Davud Peyğəmbərə (ə) Zəbur nazil olub. Zəbur 4 səmavi kitabdan biridir. Onun əsas məzmunu əxlaqi nəsihətlərdən və dualardan ibarət idi. Həzrət Davud (ə) məlahətli səsə malik idi və Zəburu gözəl avazla oxuyurdu.

Hazırladı: Zaur H.

Yenicag.Az - www.yenicag.az

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."