!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda ABŞ-Rusiya QARŞIDURMASI: "Azərbaycan-Ermənistan münasibətlərində sülhə qovuşmaq üçün..."

!Reklam – Yazi

Əksər ekspertlərin qənaətinə görə, Qarabağdakı erməni separatçıların Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə humanitar yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə daşınması ilə razılaşması, Ermənistanla-Azərbaycan arasında sülh sazişinin imzalanma tarixini yaxınlaşdırır. Hətta, Bakı və İrəvanın bu ilin sonuna qədər böyük sülh sazişini imzalayacağını düşünənlər də az deyil.

Əlbəttə, istər Qarabağdakı separatçıların, istərsə də Ermənistan rəsmilərinin Azərbaycan qanunvericiliyinin tələblərini qəbul etməsi uzun illərin düşmənçiliyinin aradan qaldırılması baxımından böyük addım hesab oluna bilər. Bu cür yanaşmalar danışıqlar prosesinin intensivləşməsinə və konstruktiv dialoq çərçivəsində qapıların açılmasına rəvac verir.
Ancaq məsələ bundadır ki, Qarabağ münaqişəsinin tezliklə sülhə qovuşması üçün nə Ermənistanın, nə də Qarabağdakı separatçıların iradəsi əsas deyil. Əsas olan bu gün Ermənistana və Qarabağdakı separatçı qüvvələrə hamilik edən, onlara dəstək verən güclərin məsələyə baxışıdır.

Əsasən də Qarabağ, Azərbaycan-Ermənistan münasibətlərinin normal məcraya düşüb-düşməməsində Rusiyanın yanaşması mühüm rol oynayır. Çünki Rusiya üçün bu məsələ strateji əhəmiyyət kəsb edir. Xüsusən də son aylarda Qərbin Ermənistan üzərindən Qafqazda fəallaşması və bu fəallığın fonunda İrəvan, Moskva münasibətlərindəki yaranan gərginlik Kremli dərindən üzüntüyə soxdu. Ehtimal ki, Paşinyanın Rusiyanın Ermənistandakı hökmranlığına qarşı Qərbin güc mərkəzlərini regiona dəvət etməsi və ölkəsində antirus meyillərini alovlandırması, Putini, Nikola qarşı hərtərəfli mübarizə üsullarından istifadə etməyə sövq edəcək.

Yəni Putin və Kreml elitası üçün bu ölkənin ayağını tapdalayanlara qarşı adekvat addım atmaq heç də yad siyasət deyil. O cümlədən, Ermənistanın suverenliyinin müdafiəsini Qərbə həvalə etməyə hazırlaşan Paşinyan və onun komandası artıq Moskva üçün düşmən obrazında göründüyündən, məhz Putinin nişangahındadır demək olar. Bu isə o deməkdir ki, Paşinyan və komandasını yaramaz uşaq gözündə görən Putin, Qərbin tam nəzarətinə düşməməsi üçün Ermənistan siyasətində radikal addımlar ata bilər. Ehtimal ki, İlk növbədə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həllinə maneçilik törədəcək.

Putin sülh müqaviləsinə imza atılmaması üçün Qarabağ separatçılarını və Ermənistan daxilindəki rusiyameyilli qüvvələri hərəkətə gətirə bilər. Moskvanın bu ssenarisi öz bəhrəsini verməzsə, o zaman “B” planını, yəni qanundankənar addımlar atmaqla Paşinyanın fiziki məhvini irəli sürməsi istisna olunmur.

Bir sözlə, Rusiyaya qarşı təkəbbürlü və istehzalı münasibətin cavabını Gürcüstan və Ukraynanın timsalında anlamaq o qədər də çətin deyil. Baxmayaraq ki, Qərb Moskvanı Ukrayna bataqlığına çəkməklə böyük itkilərlə baş-başa buraxıb. Qərb tərəfindən əsdirilən külək hər ötən gün Rusiyanı uçurumun kənarına yaxınlaşdırır. Digər yandan da Putin rejiminə qarşı Ukraynada işə salınan “müharibə dəzgahı”nın mühərriki, şimal qonşumuzun “əzasından parça-parça ət” qoparır və Rusiyanın özünün müdafiə xəttini zəiflədir. Bu isə o anlama gəlir ki, Rusiyanın hegemoniya siyasəti təhlükəli və əzici olsa da, heç də dayanıqlı deyil.

Buna baxmayaraq, Kreml hələ də özünü ətraf regionların, o cümlədən, Qafqazın, əsasən də Ermənistanın təminatçısı gözündə görür və müdaxilə edir. Bu səbəbdən Qarabağ məsələsinin sülhə qovuşması üçün ilk növbədə Rusiyanın prosesdən kənarlaşdırılması lazımdır. Hal-hazırda isə Rusiya hadisələrin episentrində durduğunu görə, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı inandırıcı görünmür. Amma mümkünsüz də deyil. Sadəcə zamana və Rusiyanın tamamən taqətdən düşərək, zərbələrinin təsirsiz hala gətrilməsi lazımdır ki, bu istiqamətdə də ABŞ başda olmaqla kollektiv Qərb Ukrayna meydanlarında, elə Qafqazda da ciddi iş aparır.

Elçin Abdullayev

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv