“Regionda gənclərin və medianın sülhə dəstəyi”: Beynəlxalq forum öz işinə başladı - FOTOLAR
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gürcüstanda keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı beynəlxalq forum öz işinə başlayıb.
Foruma qatılmaq üçün Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyaraq dualar oxuyublar.
Daha sonra forum Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində öz işinə başlayıb.
Daha sonra Gürcüstandakı səfirliyimizin katibi Tamerlan Tağıyev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdiri Vüsal Məmmədov, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya məsələnim aktuallığı ilə bağlı çıxışlar ediblər.
Rəsmi çıxışlardan sonra “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin moderatorluğu ilə Birinci Panel – “Medianın sülhə dəstəyi” işə başlayıb. Paneldə “Real” TV-nin əməkdaşı, Qarabağ qazisi İsmayıl Hüseynov, “Oxu.az” saytının köşə yazarı Kübra Məhərrəmova, Report.ge saytının əməkdaşı Anano Nikoladze və Gürcüstan Orta Şərq və Qafqaz Araşdırmalar İnstitutunun direktoru Vasily Papava Azərbaycan-Gürcüstan media əlaqələrindən, görülən və görülməsi vacib olan işlərdən danışıblar. Qarabağ zəfərinin regiona müsbət təsiri və informasiya savaşı da panelçilərin əsas müzakirə mövzusu olub.
İkinci – “Gənclərin sülhə dəstəyi” paneli “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının moderatorluğu ilə keçib.
1 kanalın (dövlət televiziyası) əməkdaşı və “Qırmızıkörpü”təşkilatının həmtəsisçisi Natali Jalağonia, təhsil məsələləri üzrə ekspert, jurnalist Roland Xocanaşvili, Azərbaycan Gənclər Fondunun rəsmisi Zaur Osmanov və ASAP-ın baş katibi Ülkər Qurbanova Azərbaycan-Gürcüstan gənclərinin əməkdaşlıq perspektivlərini və bununla bağlı aktual məsələləri müzakirə ediblər.












