!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionların Bakı ilə RƏQABƏT TEMPİ: Bölgələr iqtisadi inkişafın yeni mərhələsində

!Reklam – Yazi

Bu gün Azərbaycan idxal edən ölkədən daha çox ixrac edən ölkəyə çevrilməkdədir.

Son illər Azərbaycanın sosial-iqtisadi inkişafında ciddi dəyişiklik müşahidə olunur. Belə ki, aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edib. Dövlət proqramlarının icra olunduğu bu illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Bununla yanaşı, iqtisadiyyatın digər sahələrini əhatə edən dövlət proqramları da qəbul olunub.

“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018 – 2022-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018 – 2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018 – 2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018 – 2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi regionlarda sosial-iqtisadi inkişafa əhəmiyyətli təsir göstərib və göstərməkdə davam edəcək. Beləliklə, prezident İlham Əliyevin sərəncamlarına əsasən hazırlanmış dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün münbit zəmin yaradıb. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabitliyini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edərkən bildirib ki, beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirilib:

Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək. Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm”.

Həmçinin ölkə başçısı İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir. Azərbaycanda regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard manatdan çox vəsait yönəldilib. Lakin bununla bərabər Prezidentin sərəncamları ilə rayon və şəhərlərin inkişafına da milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması da regionların sosial inkişafında mühüm rol oynayıb.

Mütəxəssislərin fikrincə, Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib. Görülən işlər eyni zamanda sahibkarlığın da tərəqqisinə ciddi təsir göstərib və bütün bunları regionlarda aydın müşahidə etmək mümkündür. Azərbaycan dövlətinin əsas məqsədi paytaxtla yanaşı, regionların inkişafına nail olmaqdır. Regionlarda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Hazırda Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi orta və uzunmüddətli inkişaf prioritetlərinə uyğun olaraq ölkə əhalisinin həyat səviyyəsinin davamlı şəkildə yüksəldilməsindən, yoxsulluğun daha da azaldılmasından, əldə edilmiş iqtisadi artım tempinin dayanıqlığını saxlamaqla respublikamızın dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada yer almasının təmin olunmasından ibarətdir. Ölkədə makroiqtisadi sabitliyi nəzərə alaraq, qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının təmin edilməsində orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcək. Belə ki, büdcə-vergi siyasətində əsas məqsədlərdən biri ölkənin makroiqtisadi sabitliyinin təmin edilməsi, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasıdır. Bu istiqamətdə vergi güzəştlərinin həyata keçirilməsinin labüdlüyü ortaya çıxır. Pul-kredit siyasətində isə manatın rəqabət qabiliyyətinin əlverişli səviyyədə saxlanılması mühüm sərvətlərdən biridir.

Ümumilikdə ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafında investisiyanın rolu böyükdür. Bu sahədə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, investorlar üçün əlverişli investisiya və azad rəqabət mühitinin yaradılması, mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi mühüm rol oynayır. Dövlətin investisiya siyasətinin isə ölkə regionlarında aparılması, öz növbəsində, yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin istismarının təmin edilməsinə, insan kapitalının inkişafına və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.

Onu da qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış ilk öncə bu ərazilərdə iqtisadi aktivliyin bərpasına zəmin yaradır. Çünki işğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malikdir. Məsələn, Ağdamın yerləşdiyi cografi mövqe növbəti illərdə nəinki Qarabağ, bütün regionun ən böyük ticarət zonasının bu rayon ərazisində yaradılmasına imkan yaradır. İqtisadi aktivliyin bərpası zamanı Laçın da digər inzibati rayonlardan öz xüsusiyyətlərinə görə fərqləndirilməlidir. Çünki Laçının kifayət qədər geniş olan rekreasiya imkanlarının və regionun mineral su ehtiyatları mövcudluğu içki sənayesində yeni emal güclərini ortaya çıxaracaq. Rayon ərazisində olan İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirir.

Görünən odur ki, regionlarımızdakı vəziyyət 17 il əvvəllə müqayisədə tamamilə dəyişib və inkişaf edib. Regionların inkişafı istiqamətində görülən işlərin bir göstəricisi də ildən-ilə dövlət büdcəsindən bölgələrin xərclərini ödəmək məqsədilə ayrılan maliyyə yardımının şəhər və rayonların sayı üzrə azalmasıdır. Ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar, güzəştli kreditlər, subsidiyalar və ixrac təşviqi kimi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi yaxın gələcəkdə bölgələrin ölkə iqtisadiyyatında, dövlət büdcəsinin gəlirlərindəki payının da əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin dünyanın siyasi və iqtisadi həyatında xüsusi əhəmiyyətli mövqeyə malik olmasına yol açır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv