Rəşad Bayramov: Qarşılıqlı zərbələr nəzarətdən çıxarsa, region müharibəyə sürüklənə bilər
“Küveyt, Bəhreyn və İraq ərazisində ABŞ hərbi mövcudluğunun hədəf alınması regionda onsuz da gərgin olan vəziyyəti daha təhlükəli hala gətirir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq dünən gecə saatlarında İranın bir neçə ölkədə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirməsinə münasibət bildirib:
“Dünən ABŞ hərbi qüvvələrinin Xarq adasının blokadasına qarşı çıxmağa çalışan neft tankerini zərərsizləşdirməsi vəziyyəti yenidən gərginləşdirib. Məlum olduğu kimi, Botsvana bayrağı altında üzən “Lexie” tankeri İranın əsas neft ixrac terminalı olan Xarq adasına doğru hərəkət etməyə çalışıb. Ekipaj ABŞ hərbi qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra gəminin mühərrikinə “Hellfire” raketi ilə zərbə endirilib.
SEPAH isə ABŞ-ın bu addımına cavab olaraq Yaxın Şərqdəki ticarət gəmisinə və ABŞ hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. İran qüvvələri ABŞ-la əlaqəli “Panaya” gəmisinə gəmi əleyhinə raket zərbəsi endirib, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandanlıq mərkəzini hədəfə alıb. Ardınca Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına ballistik raket və dron zərbələri endirilib. Buna cavab olaraq ABŞ Mərkəzi Komandanlığı Qəşm adasında İranın atəş açdığı mövqelərə zərbələr endirməyə başlayıb.
Baş verənlər bir daha göstərir ki, ABŞ bu mərhələdə İranın iqtisadi arteriyası hesab olunan dəniz ticarətini bloklamaqda israrlıdır. İran isə raket və dron hücumları ilə cavabsız qalmayacağını və hər addıma qarşılıq verəcəyini nümayiş etdirməyə çalışır. Təbii ki, belə vəziyyət regionda təhlükəsizlik risklərini artırır və qarşılıqlı cavab zəncirini gücləndirir. Xüsusilə Küveyt, Bəhreyn və İraq ərazisində ABŞ hərbi mövcudluğunun hədəf alınması regionda onsuz da gərgin olan vəziyyəti daha təhlükəli hala gətirir.”
Politoloq qeyd edib ki, ötən gecə baş verənləri yeni müharibə kimi qiymətləndirmək hələ tezdir:
“Lakin baş verənləri hələlik yeni müharibə və ya atəşkəsin pozulması kimi qiymətləndirmək düzgün olmazdı. Tərəflərin heç biri yeni hərbi əməliyyatlarda maraqlı deyil və genişmiqyaslı müharibədən çəkinirlər. Ona görə də indiki qarşılıqlı zərbələri daha çox tərəflərin bir-birinin strateji davranışlarını dəyişməyə məcbur etmək cəhdi kimi dəyərləndirə bilərik.
Ümumiyyətlə, ortada müvafiq razılaşma olmadığı müddətdə bu cür qarşılıqlı zərbələrin vaxtaşırı baş verməsi tamamilə təbiidir. Zənnimcə, əsas məsələ belə insidentlərin genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır. Vəziyyət olduqca həssasdır və təsadüfi hadisələrin nəzarətdən çıxaraq daha geniş regional müharibəyə səbəb olması ehtimalı hər zaman mövcuddur.”
Nurlan Cəfəri













