RƏSMİ: Dünyada qətlə yetirilən qadınların 60 faizi öz partnyoru tərəfindən öldürülür
Dünyada qətlə yetirilən qadınların 60 faizi öz partnyoru tərəfindən öldürülür.
Yenicag.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu rəqəm ciddi çağırışlara zəmin yaradır: “Bir çox yerlərdə qadınların yaşayış məskənləri ilə təmin olunması adekvat olmayan şəkildə baş verir. Onların təhlükəsizliyi, sağlamlığı haqq və hüquqları nəzərə alınmır”.
İcraçı direktor onu da əlavə edib ki, mənzil təminatının zəif olması qadınların təhsil haqlarını da əllərindən alır: “Onlar təhsil hüququndan məhrum olmaqla yanaşı, torpaq sahibi olmaq haqqından da geridə qalırlar. Bütün bu hüquqsuzluq onları zəif göstərə bilər və başqalarına qadın cinayətləri törətməyə cəsarət verir”.
A.Rossbax vurğulayıb təhlükəsiz mənzilin olmaması gender əsaslı zorakılığın başlanğıcıdır: “Çünki əgər qadınların təhlükəsiz mənzillə təminatı yoxdursa, o ya zorakılıq mühitində qalır, ya da yoxsulluq və evsizlik riskini gözə alıb başqa bir həyatı seçir. Bu, bir daha onu göstərir ki, mənzil siyasəti təkcə yaşayış sahəsinin təmin olunması deyil, həm də insan təhlükəsizliyi, sosial müdafiə məsələsidir”./Report/













