Rəsmi Tehran İsrail və HƏMAS arasındakı mümkün razılaşmaya qarşıdır - ŞƏRH
“İranın İsrail və HƏMAS arasındakı mümkün razılaşmadan razı olduğunu demək olmaz. Düşünürəm ki, rəsmi Tehran buna qarşıdır və onların maraqlarına uyğun deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik planına HƏMAS-ın müsbət reaksiya verməsində İranın təsiri yoxdur:
“Sözügedən təşkilata rəsmi Tehranın yardımları olsa da, HƏMAS İranın tam nəzarətində olan proksi qüvvə deyil. Onlar “Hizbullah” kimi Tehrandan asılı deyillər. Onu da qeyd etmək yerinə düşər ki, əgər HƏMAS 20 maddəlik plana razı olacaqsa, İran müxtəlif vasitələrlə proseslərdəki rolunu qabardacaq. Amma rəsmi Tehranın İsrail, ABŞ və Qərblə müəyyən açılımlara gedəcəyini gözləmək olmaz. Həmin ölkələrin İranın hazırkı rəhbərliyi ilə barışmaz mövqeyi var. Bu rejim hakimiyyətə gəldikdən sonra Qərbə müharibə elan etdi, 777 gün ABŞ səfirliyinin nümayəndələrini əsarətdə saxladı. Bu, rəsmi Vaşinqton üçün qəbuledilməzdir. Ola bilər ki, ölkələr bəzi məsələlərdə ortaq məxrəcə gəlsinlər. Məsələn, bu ilin iyununda İran-İsrail qarşıdurmasında ABŞ və İran Pakistan vasitəsilə razılaşmışdılar ki, Vaşinqton rəsmi Tehranın nüvə obyektlərinə zərbə endirəcək, bunun əvəzində isə İslam dövləti Qətərdə ABŞ bazasını vuracaq”.
Ekspert vurğulayıb ki, sözügedən razılıqlar yalnız texniki məsələlər çərçivəsində ola bilər:
“İran hazırkı situasiyada vaxt qazanmağa çalışır. Həmçinin onu da qeyd etmək lazımdır ki, tez-tez İsrailin İrana hücum edəcəyi ilə bağlı fikirlər səsləndirilir. HƏMAS-İsrail razılaşması həm də o anlama gəlir ki, artıq rəsmi Təl-Əvivin önündə İrana hücum etmək üçün heç bir əngəl qalmayacaq. Ona görə də, İran sözügedən razılığın baş tutmasını istəmir. Həmçinin ABŞ-nin də diqqəti Qəzzadan sonra qonşu ölkəyə yönələcək. Qeyd etdiyim kimi, bu danışıqlar İranın maraqlarına uyğun deyil. Son günlər hökumətin ölkə daxilində geyimlə bağlı qəbul etdiyi qərarlar isə sadəcə vətəndaşların narazılığının qarşısını almaq, həmçinin qarşıdakı vaxtlarda baş verə biləcək qarşıdurma zamanı onların dəstəyini qazanmaqdır”.
Məlik Məlikov