!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rio-2016: Azərbaycan üçün uğurlu yoxsa uğursuz oldu? – Siyasilərimiz şərh edir

!Reklam – Yazi

rio2016brazil20160813Nəhayət Rio-2016 Olimpiadası da başa çatdı. Bu olimpiadada 56 idmançı ilə çıxış edən Azərbaycan ümumi hesabda 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medala sahib çıxa bildi. Halbuki, 4 il öncəki London olimpiadasında idmançılarımızın qazandığı ümumi medalların sayı 10 olsa da, qızıl medalların sayı 2 idi.

Görəsən siyasələr idmançılarımızın Rio olimpiadasındakı çıxışlarını necə dəyərləndirirlər?

ADP sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında  Riodakı nəticələri Azərbaycanın idman siyasətinin iflası kimi dəyərləndirdi: “Azərbaycanda milyardlarla pul qoyulub demək olar ki, bütün rayonlarda olimpiya komitələri yaradılıb. Amma əksər hallarda bu olimpiya komitələri təyinatı üzrə istifadə olunmur. Ölkədə korrupsiya olduğu kimi təəssüf ki, bu bəla idmanda da var.  Hər kəs öz tanış və dostunu komandaya cəlb etməyə çalışır. Müəyyən maddi maraqlar prinsipi əsasında çalışırlar ki, komanda düzəltsinlər. Onun nəticəsidir ki, bəzi yüksək dərəcəli idmançılarımız  ölkəmizi tərk edib başqa dövlətlərin milli komandalarında iştirak edərək qızıl medallara sahib olurlar. Rio olinpiadasının nəticələri göstərdi ki, bu qədər pul qoymağın müqabilində Azərbaycan daha yüksək nəticələr göstərməli idi. Amma bu baş vermədi. Bir tərəfdən də küllü miqdarda pul xərcləyib ayrı-ayrı ölkələrdən legioner idmançıların gətirib Azərbaycan bayrağı adı altında Olimpiadaya göndəriblər. Onların da seçimində yanlışlıqlar olduğundan həmin idmançıların iştirakı ilə xüsusi nailiyyətlər əldə olunmadı. Bu da ölkəmizin idman siyasətinin iflasını göstərir. Külli miqdar xərc çəkilməsinə baxmayaraq  Azərbaycan idman nailiyyətinə görə Gürcüstan və Ermənistandan geridə qalıb”.

KXCP sədri Mirmahmud Mirəlioğlu London olimpiadasına nisbətən Rio-da qızıl medalların sayının azalmasından təəssüf etdiyini söylədi: “İdmançılarımız əllərindən nə gəlirsə, onu edir. Sadəcə olaraq elə məqamlar var ki, ona bizim necə  münasibət bildirməyimizdən asılı olmayaraq komandamız bütövlükdə özümüzünkülərdən olsa idi, daha normal olardı. Bütün hallarda idmançılarımızın uğurları ilə sevinirik və təəssüf edirik ki, qızıl medalların sayı azdır. Amma nə qazanıblarsa, yenə də sağ olsunlar”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı idmançılarımızın nəticələrini yüksək dəyərləndirdi: “Əslində Rio-da idmançılarımızın qazandığı uğurlar çox böyük nəticələrdir. Bu nəticə onu deməyə əsas verir ki, qazanılan uğurlar həqiqətən də Azərbaycan siyasi rəhbərliyinin idmana və idmançılarımıza verdiyi  böyük qayğısının bariz nümunəsidir. 207 ölkə arasında medal sayına görə Azərbaycan 15-ci yeri tutdu. Müsəlman ölkələri arasında isə həmin göstəricilərə görə birinci olduq. MDB ölkələri ilə müqayisə etdikdə isə Rusiyadan sonra ikinci olduq. Bu da böyük nəticədir. İdmançılarımızdan 7-si gümüş medala sahib oldu, yəni onlar qızılın bir addımlığında idilər. Amma bu idmandır, burada hər şey ola bilər. Başqa bir tərəfdən, boks yarışlarında Azərbaycan idmançısına münasibətdə haqsızlıq oldu, o qızıla layiq idi. Hər halda qazanılan nəticələr Azərbaycan olimpiya tarixində gözlənilməz olduğu qədər də tarixi bir hadisə oldu”.

AXP sədri Pənah Hüseyn nəticələrdən razıdır, amma onun legionerlər deyil, milli idmançılar tərəfindən qazanılmasını daha məqbul sayır: “18 medala sahib olmağımız ümumiyyətlə prinsipcə ciddi məsələdir. Bu baxımdan həmin medalları qazanan idmançılarımızı da təbrik edirəm. Əlbəttə ki, keçirilən yarışlar Azərbaycan idmanında müəyyən problemləri də meydana çıxartdı. Daha çox yerli idman məktəbinin yetirmələrindən istifadə olunsa daha yaxşı olardı. Amma prinsipcə nəticələri ölkəmiz üçün ciddi nailiyyət saya bilərik”.

AMİP funksioneri Elşən Mustafayev isə qeyd etdi ki, bu olimpiadada idmançılarımızın uğurları baxımından həm yaxşı, həm də bəzi pis nəticələrin şahidi olduq: “Azərbaycanın ümumi medal sayına görə London olimpiadasına nisbətən bu dəfə daha çox medala sahib olması çox yaxşı haldır. İdmançıların say tərkibinə görə də medalların sayını artıra bildik. Amma təəssüf ki, qızıl medala sahib olmaq baxımından bu dəfə 4 il öncəkinə nisbətən zəif nəticə göstərdik. Ümid bəslədiyimiz bir çox idmançılarımızın ümidləri doğrultmaması elə də yaxşı hal deyil. Hesab edirəm ki, ölkə idman federasiyalarının idmana olan münasibətinə bir daha yenidən baxmağa dəyər. Daha çox yerli idmançılara fikir verməliyik. Bir sıra hallarda bəzi federasiyaların qələbəyə layiq idmançılarımıza qeyri-ciddi münasibət göstərməsinin şahidi olduq. Bunun nəticəsidir ki, bir idmançımız bu olimpiadada Qazaxıstanı təmsil etməklə qızıl medala sahib oldu”.

ELÇİN

www.yenicag.az

1139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv