!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Riyakar siyasətin acı sonluğu: Ermənistan böyük güclərin döyüş meydanına çevrilir - TƏHLİL

!Reklam – Yazi

Azərbaycana qarşı riyakar siyasətindən əl çəkməyən Ermənistan Rusiya ilə Qərbin “toqquşma mərkəzi”nə çevrilməkdədir. Belə ki, son vaxtlar Ermənistan hakimiyyəti “Sorosçu”  və antiRusiya mövqeyində olduğunu açıq şəkildə biruzə verir. Ölkəyə Qərb dövlətlərinin daha çox nüfuz etməsinə çalışır. Lakin bu hal Rusiya tərəfindən qəbul olunmur.

Təsadüfi deyil ki, bir müddət əvvəl Ermənistanın timsalında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) Qafqaz regionuna nüfuz etmək və Rusiyanın hüquqi maraqlarına təzyiq göstərmək istəyir. “Qərbin bu cür hərəkətləri onu göstərir ki, NATO-ya üzv ölkələrin və Aİ dövlətlərinin sərhədlərindən uzaqda olan regionlara genişləmək istəyir”, – deyə o vurğulayıb.

Qərb ölkələri isə Ermənistana daha çox yaxınlaşmağa çalışır və ona şirnikləndirici vədlər verir. Hətta NATO-nun Genişlənmə üzrə Avstriya Komitəsinin sədri Günter Fehlinger Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanat verib. ABŞ isə Ermənistanda bu ölkə birlikdə 11-20 sentyabr tarixlərində “EAGLE PARTNER-2023″ hərbi təlimlərini təşkil edir.
Rusiyanın isə Ermənistanda hərbi bazası var. Əlavə olaraq, Ermənistanın hökumətyönümlü “Baqramyan 26” teleqram kanalının bir neçə gün əvvəl yaydığı məlumata görə, Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin sabiq rəhbəri Yevgeni Priqojinin ölümündən əvvəl bu ölkədə 3000-ə yaxın “vaqnerçi” olub. Bir müddət əvvəl onlara 2000-ə yaxın müqaviləli əsgər, əsasən də, Rostovdan olan etnik ermənilər də qoşulub. Ümumilikdə isə hazırda Ermənistanda “vaqnerçi”lərin sayı 12 min nəfərə çatıb. Teleqram kanalının yazdığına görə, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə razılıq verib. Çevrilişdə əsas məqsəd ölkədə mövcud olan “Vaqner” döyüşçülərindən istifadə edərək Paşinyanı və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Təbii ki, bu hal da Qərb dövlətlərinin istəyinə uyğun deyil və onlar buna imkan vermək istəmirlər.

Baş verənlərin fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan isə Rusiyanı strateji tərəfdaş kimi seçməyin səhv olduğunu bildirib. O hətta Rusiyanın Cənubi Qafqazdan çıxa biləcəyini bəyan edib. Rəsmi Moskava isə bu bəyanatları əsassız sayır. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya regiondan getməyə hazırlaşmır və çıxa da bilməz. Bundan başqa, Rusiya ABŞ-Ermənistan hərbi təlimlərini də qəzəblə qarşılayır. Misal üçün, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov rəsmi Moskvanın bu təlimləri narahatlıq kimi qəbul etdiyini deyib: “Ermənistan KTMT-də müttəfiqdir, biz müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət olunmasından çıxış etmişik və çıxış edirik. Əlbəttə, biz buna diqqət yetirdik.  Ermənistandakı müttəfiqlərimizin diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik”.

D.Peskov: “Bu vəziyyətdə, təbii ki, belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. İstənilən halda, bu, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir”, – deyə vurğulayıb. Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov isə bildirib ki, Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxuyub: “O, ABŞ ordusunu Ermənistana dəvət edib. Hələlik təlimlərə… Xüsusilə Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. Fransa indi Ermənistanın əsas müttəfiqidir. O bunun əvəzini ödəyəcək”.

Göründüyü kimi, Ermənistanda böyük güclərin mübarizəsi günü-gündən güclənir. Rusiya bu ölkəni təsirində saxlamaqda davam etmək istəyir. Qərb isə Rusiyanı Ermənistandan çıxararaq öz təsirinə salmaq niyyətindədir. Şübhəsiz ki, nəticədən asılı olmayaraq, bu vəziyyətdən ziyan çəkən əsas tərəf qonşu dövlətlərlə sülh və sabitlik şəraitində yaşamaq istəməyən Ermənistan olacaq.

“Yeni Çağ”ın Analitik Mərkəzi

www.yenicag.az

1307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv