Rubionun bəyanatı "siyasi narkozdur": "Müharibə bitməyib, daha ağır mərhələ irəlidədir”
“Rubionun açıqlaması ideoloji xarakter daşıyır”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Taleh Əliyev bildirib.
Politoloq ABŞ Dövlət katibi Marko Rubionun “Epik Qəzəb” əməliyyatının başa çatması ilə bağlı bəyanatını şərh edərkən belə deyib:
“İstər ABŞ, istərsə də İran tərəfindən müharibənin gedişatı və yekunlaşması ilə bağlı verilən rəsmi açıqlamaların reallığı tam əks etdirmədiyinin şahidi oluruq. Hesab edirəm ki, Marko Rubionun bəyanatı da bu qəbildəndir. Əməliyyatların bitdiyini demək çətindir; çünki ABŞ regionda “Azadlığın Müdafiəsi” adlı yeni bir əməliyyata hazırlaşır, bu məqsədlə bölgəyə canlı qüvvə və hərbi texnika cəmləyir. Eyni zamanda, İranın ABŞ-ın addımları fonunda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı təhdid dolu açıqlamaları göstərir ki, müharibə hələ bitməyib. Əksinə, daha ağır fəsadlarla müşayiət olunacaq növbəti mərhələ hələ irəlidədir. Sadəcə olaraq, tərəflərin prosesi zamana yaymaq barədə razılığa gəlməsi ehtimalı var”.
Ekspert qeyd edib ki, İran hazırda neft ehtiyatlarının saxlanması ilə bağlı ciddi çətinliklərlə üzləşib:
“İranın neft saxlama limitləri tükənmək üzrədir. Bir həftə öncə rəsmi Tehran neft ehtiyatlarının saxlanma müddətinin cəmi 2-3 həftəlik qaldığını açıqlamışdı və bu müddət getdikcə daralır. Ola bilsin ki, ABŞ bu vəziyyətdən təzyiq rıçağı kimi istifadə edərək İranı özünün diktə etdiyi formatda danışıqlara məcbur etmək istəyir. İran tərəfi isə yaranmış fasilədən istifadə edərək həm ehtiyatlarını bərpa etməyə, həm də xarici işlər naziri Əraqçı vasitəsilə tərəfdaş ölkələrlə əlaqələri genişləndirib danışıqlarda mövqeyini gücləndirməyə çalışır. Bütün hallarda, istər Rubionun son bəyanatı, istərsə də hər iki ölkə rəsmilərinin çıxışları real vəziyyətdən daha çox, ideoloji təbliğat xarakteri daşıyır”.
Nurlan Cəfəri













