Rusiya-Ermənistan gərginliyi: Azərbaycan əməliyyat keçirəcək? – Səxavət Məmməd yazır

Rusiya növbəli olaraq Azərbaycan və Ermənistanla gərginlik içərisindədir.

Bir müddət öncə Rusiya ilə Azərbaycan arasındakı münasibət elə bir həddə çatmışdı ki, hətta Azərbaycanı hədələyib, təhdid edirdilər. Mətbuat vasitəsilə Ukraynadan sonra növbənin Azərbaycanda olduğunu deyənlər az deyildi.

Ancaq bu gərginlik artıq səngimiş kimi görsənir. Hesab edirəm ki, bu, nisbidir.

Rusiya ilə Ermənistan arasındakı gərginlik daha kəskin görünür. Bu gərginliyin olacağı gözlənilən hal idi. Belə ki, müharibədən dərhal sonra Ermənistan cəmiyyəti rusları lənətləməyə başlamışdı. Onların təsəvvüründəki Rusiya Birinci Qarabağ müharibəsi dövründəki Rusiya kimi qalmışdı. Ancaq ermənilərin unutduğu bir şey var idi, dünya 80-ci illərin sonu, 90-cı illərin əvvəlindəki dünya deyil, maraqlar isə tamam başqadır.

Ermənilər, elə azərbaycanlılar da elə düşünürlər ki, Rusiya Qarabağın işğalında Ermənistana kömək edirdi, onların tərəfini saxlayırdı. Əslində, SSRİ kimi nəhəng bir imperiya dağılır, yerində 15 respublika yaranır, əgər o ölkələr arasında münaqişə ocaqları olmasa və Rusiya moderatorluğu üstlənməsə, təsir gücü qalardı? Yəni Rusiya itirdiyi respublikalarda təsir gücü qalsın deyə bu addımları atırdı. Nə erməni, nə azərbaycanlı, nə bir başqa millət onların maraqlarında idi. Əsas məsələ öz maraqlarının təmin edilməsi idi. Bunu bacardılar da.

Ermənistan müharibədən sonra silkələndi. Erməni cəmiyyəti anladı ki, onlara ruslardan hayan olmaz. Yeri gəlmişkən, müharibədən dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar seçkilər elan etdi, namizədliyini verdi və qazandı. Rəqibləri kim idi? İndiki müxalifət, keçmiş iqtidar nümayəndələri. Ermənistanda da, Rusiyada da, elə Azərbaycanda da hər kəs bilir ki, Ermənistanın keçmiş iqtidar nümayəndələri Rusiyanın adamlarıdır. Təsəvvür edin, Vinston Çörçil, Şarl de Qoll kimi siyasətçilər qalib tərəf olsa da, seçkiyə getdilər və məğlub oldular. Yaxşı o zaman sual yaranır ki, Paşinyan necə oldu, müharibədə məğlub olmasına rəğmən, qələbə əldə etdi? Paşinyan adı çəkilən şəxslərdən daha böyük siyasətçidir? Qətiyyən! Paşinyan ağıllıdır, üstəlik, stiuasiyadan çıxmaq qabiliyyəti var. Paşinyan bu qabiliyyəti də jurnalistliyindən alırdı. Manevrləri bunu deməyə əsas verir. Hazırkı Ermənistanın siyasəti məhz stiuativdir.

Paşinyan cəmiyyəti hazırladı. Təbii ki, buna Qərbin də yardımı kömək oldu. Əsas məsələ isə Ermənistan cəmiyyəti məğlubiyyətin səbəbini Rusiyanın kömək etməməsində gördü. Beləcə Rusiyanın adamları olan keçmiş iqtidar nümayəndələrinə etimad etmədi.

Müxalifət aksiyalar, çox mitinqlər təşkil etdi, ancaq xalqı arxasına ala bilmədi. Bunun da çox sadə səbəbi var: Paşinyan kimi elə cəmiyyət də rusdan qopmaq istəyir.

Rusiya da anladı ki, keçmiş iqtidar nümayəndələri ilə nəticə əldə olunmayacaq. Ən azı sivil formada mümkünsüzdür.

Təkcə Ermənistanda yox, Azərbaycan və Gürcüstanda da Rusiyaya qarşı xalqı formalaşdırmağa gərək yoxdur. Xalq onsuz da Rusiyaya qarşı aqressivdir. Rusiya da bunun fərqindədir. Paşinyan da bilir ki, Rusiya hərbi bazası Ermənistan üçün Demokl qılıncı kimi bir şeydir. Ona görə də onların çıxarılması üçün təşəbbüs göstərir.

Rusiya, təbii ki, Ermənistanı itirmək istəməyəcək. Çünki rus ordusunun Ermənistandan çıxması ilə mütləq şəkildə ordu halında olmasa da, yerini başqa güclər alacaq.

Rusiya Ruben Vardanyanı da Ermənistana transfer edə bilər. Ermənistan nə vaxt Rusiyaya qarşı çıxmağa çalışıbsa, mütləq şəkildə cəzalandırılıb. Rusiya bəzən bunu daxildə edib, ancaq son dönəmlər cəzanı Azərbaycanın əli ilə verib. Misal üçün, 2016-cı ilin aprel döyüşləri. O zaman da Ermənistanda Rusiyaya qarşı baş qaldırma var idi. Aprel döyüşləri ilə cəzalarını aldılar. Yeri gəlmişkən, 12-13 sentyabr sərhəd toqquşması da bu qəbildən idi. Hətta Rusiya münaqişəni Ermənistan ərazisinə də yaymaq niyyətində idi.

İndiki halda ehtimal olunan variantlardan biri Azərbaycanın Ermənistanı hərbi yolla cəzalandırmasıdır. Bunun olma işartıları da mövcuddur. Yəni baş verənlər fonunda lokal da olsa, toqquşma baş versə, buna təəccüblənməməliyik.