“Rusiyanın tək seçimi var: təyyarə qəzasına səbəb olduğunu etiraf etməli və ölkəmizdən üzr istəməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında təyyarənin yanlışlıqla vurulmasına görə Rusiyaya qarşı başladılan üzr istəmə kampaniyasının mümkün nəticələrindən danışan politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun hadisə ilə bağlı münasibəti birmənalı deyil:
“O, istintaqın nəticəsi məlum olmayana qədər Rusiyanın təyyarə qəzası ilə bağlı üzr istəməyəcəyini bildirdi. Eyni zamanda, onun bəyanatında daha bir diqqətçəkən məqam var. Belə ki, Kreml sözçüsü yalnız öz mütəxəssislərinin fikrini əsas götürmək niyyətində olduğu mesajını verdi. Yanaşı olaraq, xüsusi diqqətçəkən digər məqam Rusiyanın istintaqın nəticələrinə təsir etmək cəhdləridir. Açıq-aşkar görünür ki, Kremlin nə üzr istəmək, nə də qəza səbəbkarlarını cəzalandırmaq istəyi var”.
“Rəsmi Bakı hadisənin baş verməsinə dair təfərrüatların düzgün araşdırılması üçün “qara qutu”nun beynəlxalq ekspertlər və “Embraer” mütəxəssisləri tərəfindən analiz edilməsini tələb edəcək. Bu isə Rusiyanı fakt qarşısında qoyacaq. Bir sözlə, Rusiyanın tək seçimi var: təyyarə qəzasına səbəb olduğunu etiraf etməli və ölkəmizdən üzr istəməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az