"Rusiya geri addım atacaq" – Paşinyanın "mütləq qələbəsi" bölgəni dəyişəcək?
“Paşinyan mütləq qələbə qazanarsa, Moskva xalqın dəstəyini anlayıb geri addım ata bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib.

Politoloq Ermənistanda keçiriləcək seçkiləri və post-seçki dövründə Moskvanın ata biləcəyi addımları şərh edib. Onun sözlərinə görə, Paşinyanın mütləq çoxluqla qələbəsi Moskvanı geri çəkilməyə məcbur edə bilər:
“Ermənistanda seçkilərə bir neçə gün qalıb. Seçki ərəfəsindəki gərginliklərin seçkilərə təsir etmək ehtimalı var. Ermənistanda, xüsusilə Paşinyana yaxın mətbuat qurumları, millət vəkilləri və partiya yoldaşları vaxtaşırı vurğulayırlar ki, Rusiya Ermənistandakı seçkilərə müdaxilə edir, keçmiş xuntaçıları və oliqarx namizədləri dəstəkləyir. Belə olan təqdirdə, Paşinyan da özünün Qərblə yaxınlaşma siyasətində müəyyən dividentlər qazandığını xalqa göstərməyə çalışır. Qərb bir tərəfdən Paşinyana, həm onun seçicilərinə, həm də Moskvaya dəstək mesajı verir.
Ən əsas mərhələ seçkidən sonra başlayacaq. Rəy sorğularında da Paşinyanın rəqiblərindən qat-qat öndə olduğu görünür. Əgər yaxın günlərdə ciddi dəyişiklik olmazsa, Paşinyan yenidən qalib gələcək. Burada əsas məsələ parlamentdə vahid hökumət qura bilib-bilməyəcəkləri, yoxsa koalisiya məcburiyyəti ilə üzləşəcəkləridir. Səslərdəki ehtimal olunan oynamalar onları koalisiyaya da məcbur edə bilər. Əgər koalisiya qaçılmaz olarsa, Ermənistanda vəziyyət gərginləşə bilər. Unutmayaq ki, Paşinyan mütləq qələbə qazanarsa, böyük bir təzyiqlə qarşılaşmayacaq. Xalqın dəstəyini anlayan digər qüvvələr də anlayacaqlar ki, xalq onun yanındadır”.
Nurlan Cəfəri












