“Rusiya Ukraynaya ağır şərtlər təklif edir ki, masaya ABŞ də otursun”.
Bu sözləri Rusiyanın Ukrayna ilə danışıqlara hər zaman hazır olduğunu, vasitəçi kimi isə Hindistan, Çin və Braziliyanı təklif etməsi barədə danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Rusiyanın danışıqlardan başqa şansı yoxdur:
“Həm Ukrayna, həm də Rusiya tərəfdən danışıqlarla bağlı təkliflər olub. Ancaq tərəflərin fikir ayrılığı var. Putin deyir ki, danışıqları İstanbul platformasından başlamaq istəyir. İstanbulda müəyyən razılığa gəlinmişdi. Ukrayna tərəfi isə danışıqlara yeni səhifədən başlamağı təklif edir. Rusiya Ukraynaya ağır şərtlər təklif edir ki, masaya ABŞ də otursun.
BRİCS-ə daxil olan dövlətlər Rusiyanın yanındadır. İsveçrədəki sülh sammitinə Braziliyə, Cənubi Afrikanın nümayəndəsi qatılmadı. BRİCS-ə daxil olan dövlətlər NATO üzvü deyil. Ona görə də nə Ukraynaya, nə də digər dövlətlərə onların təsiri olacaq. NATO-da əsas söz sahibi olan ölkə ABŞ-dir. Türkiyə isə ikinci güc sayılır.
Yanvar ayının 1-ə kimi “Qazprom”un Ukrayna ərazisindən Avropaya qaz nəqli ilə bağlı müqaviləsinin vaxtı bitir. Ukrayna sanksiyalara məruz qalmasın deyə qazın nəqlinə mane olmurdu. Rusiya və “Qazprom” isə sanksiya altındadır. Danışıqlar getməlidir və nəticə verməlidir. Böyük ehtimalla, danışıqların moderatoru Türkiyə olacaq”.
Səxavət Məmməd
www.yenicag.az