"Rusiya kompromisi zəiflik sayır" – Müharibənin dondurulması ssenarisi REALLAŞIR?

media-hightechnic-468x90

“Kiyev artıq bu müharibədə tək deyil.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

media-1697839441_sekil

Politoloq rəsmi Kremlin sülh üçün Kiyevə ünvanladığı şərtləri yumşaltmaqdan imtina etməsi barədə danışıb:

“Rusiya rəsmilərinin son açıqlamaları, o cümlədən, D. Medvedyevin bəyanatları bir daha göstərir ki, Kreml üçün Kiyev ilə müharibənin dayandırılması sülh deyil, kapitulyasiya anlamı daşıyır. Məhz buna görə Moskvanın tələbləri dəyişmir, yumşalmır. Hesab edirəm ki, bu tələblər diplomatik danışıqlar üçün deyil, hərbi məğlubiyyətin rəsmiləşdirilməsi üçün irəli sürülüb. Ukraynanın neytrallığı, eyni zamanda 4 vilayətin Rusiyaya təhvil verilməsi və Kiyevdə hakimiyyət dəyişikliyi tələbi beynəlxalq hüquqa söykənmir. Bu şərtlər yalnız Rusiyanın diqtə və güc siyasəti ambisiyalarından irəli gəlir.”

Ukrayna nə vaxtsa məcbur qalıb bu şərtləri yerinə yetirə bilərmi? sualına isə E. Abdullayev belə cavab verib:

“Məhz əsas sual da burada yaranır: Ukrayna nə vaxtsa bu şərtləri qəbul etməyə məcbur qala bilərmi? Düşünürəm ki, teorik olaraq müharibələr hər zaman məcburiyyət ehtimalını özündə saxlayır. Praktik olaraq isə vəziyyət tam fərqlidir. Ukrayna, Kremlin də gözəl bildiyi kimi, artıq təkbaşına hərəkət edən dövlət deyil. Kiyev Qərbin siyasi, maliyyə və hərbi dəstəyi ilə regional müharibənin bir parçasına çevrilib. Bu isə Moskvanın istədiyi ‘tez və şərtsiz təslim’ ssenarisini mümkünsüz edir. Digər tərəfdən, Rusiya üçün də zaman faktoru işləyir. Sanksiyalar, iqtisadi təzyiqlər, insan itkisi və Rusiya daxilində yaranma ehtimalı olan narazılıqlar Kremlin manevr imkanlarını daraldır. Buna baxmayaraq, Medvedyev kimilərin ritorikası onu göstərir ki, Moskva geri addım atmayacaq; çünki Kreml kompromisi zəiflik olaraq qəbul edir.”

Politoloq qeyd edib ki, Ukrayna bu şərtləri yerinə yetirərsə, bu, böyük dövlətlərə kiçik ölkələri zəbt etmək üçün əsas vermiş olacaq:

“Əgər Ukrayna bu şərtləri qəbul etsə, bu, təkcə Kremlin qalibiyyəti, Kiyevin məğlubiyyəti olmayacaq, həm də beynəlxalq sistem üçün təhlükəli presedent yaradacaq. Güclü dövlətlər zəif dövlətləri silah gücünə xəritədən silmə istiqamətində addımlar ata bilərlər. Belə olduğu halda, hazırkı mərhələdə Ukraynanın bu tələblərə əməl etməsi real deyil və Ukraynaya hazırda tam dəstək verən Qərb dünyası, həmçinin ABŞ buna razı olmaz. Daha real ssenari uzunmüddətli dondurulmuş münaqişə və tələblər arasında tam olmasa da, qismən yumşaltma mərhələsində qalmaqdır. Hesab edirəm ki, bunlar bir həqiqətdir, həqiqət isə dəyişmir. Eyni zamanda, Ukraynanın da sülh danışıqları adı altında Rusiyanın diqtəsi ilə hər hansı şərti qəbul edib Kremlin təsiri altına düşmək niyyəti yoxdur. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu belə də qalacaq; Rusiyanın irəli sürdüyü tələblər heç bir Ukrayna hakimiyyəti tərəfindən qəbul olunmayacaq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05