“Moskva başa düşür ki, Ermənistan hakimiyyətinin Qərbyönümlü siyasəti sayəsində oradakı hərbi bazalarını çıxarmaq məcburiyyətində qala bilər”.
Bu fikirlrəi Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun adıçəkilən ölkənin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş sülhməramlı kontingentinin mövcudluq müddəti haqda qeyri-müəyyən mövqeyinə münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinnin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Rusiya indiki şəraitdə inteqrasiya prosesini zəiflətməyə, hətta bunun qarşısını almağa cəhd göstərəcək:
“Bir müddət əvvəl bu barədə fikir bildirmişdim ki, Azərbaycanın inteqrasiya ilə bağlı danışıqları Qarabağın erməni əhalisi ilə yox, Rusiya ilə aparılacaq. Çünki indi Rusiyanın əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan ərazisində öz mövcudluğunu hər hansı formada daha uzun müddətə qoruyub saxlasın və bunun üçün də əllərindən gələni edəcəklər.
Əvvəla, Rusiya indiki şəraitdə inteqrasiya prosesini zəiflətməyə, hətta bunun qarşısını almağa cəhd göstərəcək. O baxımdan, prosesin davamında müəyyən təxribatların baş verməsi istisna deyil. Bu da Rusiya hərbi kontingentinin Azərbaycanda daha uzun müddətə qalması üçün “zəmin” formalaşdırmaq məqsədilə törədiləcək. Yəni Rusiya nümayiş etdirmək istəyəcək ki, hərbçilərini Azərbaycandan çıxarsa, ermənilərlə yeni toqquşmalar ola bilər.
Ümumiyyətlə, Rusiya sülhməramlılarının Azərbaycanda mövcudluq müddətinin iki ildən sonra başa çatacağı Moskvanın da diqqətindədir. Ona görə də bu müddətin uzanması üçün min bir vasitəyə əl atacaqlar. Eyni zamanda, Moskva başa düşür ki, Ermənistan hakimiyyətinin Qərbyönümlü siyasəti sayəsində oradakı hərbi bazalarını çıxarmaq məcburiyyətində qala bilər. Çox mümkündür ki, Ermənistanda vəziyyət sabitləşdikdən sonra Paşinyan açıq formada bu tələbi səsləndirsin. Rusiya da bunu hesablayır və böyük ehtimalla, Ermənistandan çıxaracağı hərbi kontingenti Azərbaycanda yerləşdirməyin yollarını axtardığı üçün belə qeyri-müəyyən mövqe ifadə edirlər”.
A.Zeynalov
www.yenicag.az