!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşında “win-win” TEZİSİ – Trampın “24 saat”ı niyə İFLASA UĞRADI?

!Reklam – Yazi

“Əgər müharibə “win-win” (yəni qalib-qalib) tezisi üzrə başa çatacaqsa, fərqli reallıqlar formalaşacaq”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya-Ukrayna müharibəsi həll olunarsa, Cənubi Qafqazın necə təsirlənəcəyindən danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu müharibəni bitirmək üçün düzgün hesablanmış konkret addımlar atılmalıdır:

“Rusiya bir neçə günə istəyinə nail olacağını düşündüyü kimi Tramp da müharibəni 24 saatda dayandıra biləcəyini bəyan edirdi. Lakin hər iki tərəf yanıldı. Hazırda isə Rusiya siyasi hakimiyyəti üçün həyati əhəmiyyət daşıyan əsas məsələ sülhdən daha çox müharibədən necə çıxmaqdır. İndiki məqamda bu konflikti həll etməyə çalışan istənilən qüvvə, birinci növbədə, müharibədən necə çıxmağın yollarını axtarmalıdır”.

Millət vəkili söyləyib ki, verilən itkilər və xərclənən resurs Rusiya üçün kifayət qədər böyükdür, bu səbəbdən məğlub olmaq istəmir:

“Çünki nəticəsiz müharibə müəyyən problemlərin ortaya çıxmasına zəmin yarada bilər. Eyni zamanda, Ukraynaya da müharibənin dayandırılması və Rusiyanın şərtləri ilə razılaşması üçün Avropa ölkələrindən təzyiqlər var. Hələ müharibə başladığı zaman düşünülürdü ki, Kiyevə zərbələr endirildikdən sonra qısa müddətdə hakimiyyət dəyişikliyi baş verəcək. Yəni Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəni tərk edəcəyi ehtimal olunurdu. Bu da baş vermədi”.

E. Mirzəbəyli əmindir ki, hazırkı dövr üçün Zelenski ya hakimiyyətdən getməli və Rusiya ilə danışıqlara, həmçinin müəyyən güzəştlərə razı olacaq şəxs gəlməli, ya da müharibədən məğlub çıxmamağa görə ortaq məxrəc tapmalıdır:

“Bir sözlə, Rusiya-Ukrayna müharibəsi dövlətlərarası qarşıdurmadan çox fərdlərin ziddiyyətlərinə çevrilib. Sanksiyalar müharibədən çıxış üçün vasitə ola bilər. Eyni zamanda, Ukraynaya qarşı da adekvat addımların atılması mümkündür. Xüsusilə Aİ liderlərinin ziddiyyətli açıqlamalarından sonra bu, daha qabarıq şəkildə özünü büruzə verir. İstər Cənubi Qafqaza, istərsə də digər regionlara təsiri müharibənin yalnız necə bitəcəyindən asılıdır. Əgər müharibə “win-win” (yəni qalib-qalib) tezisi üzrə başa çatacaqsa, fərqli reallıqlar formalaşacaq. Eyni zamanda, həm Rusiyanın, həm də Ukraynanın məğlub olacağı fərqli ssenarilər üzrə yenə də fərqli reallıqlar ortaya çıxacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv