!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 74-cü GÜNÜ: Heç nə əvvəlki kimi olmayacaq - TƏHLİL

!Reklam – Yazi

74 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 250 ədəd, avtomobil texnikası – 200 ədəd, səhra artilleriyası və minaatanlar – 450 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 180 ədəd, zenit-raket kompleksləri – 45 ədəd, təyyarələr – 198 ədəd, helikopterlər – 156 ədəd, PUA – 238 ədəd, gəmi-kater – 12 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 650 ədəd, avtomobil texnikası – 2 460 ədəd, səhra artilleriyası və minaatanlar – 1 185 ədəd, YARS – 240 ədəd, zenit-raket kompleksləri – 308 ədəd, təyyarələr – 126 ədəd, helikopterlər – 86 ədəd, PUA – 408 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 74-cü gündə döyüşlər, əsasən, lokal xarakter daşıyıb:

“74-cü gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi. Donetsk, Luqansk, Xerson, Nikolayev , Zaporojets, İzyum, Mariupol istiqamətlərində taktiki səviyyədə tabor taktiki qruplarının döyüşləri davam etdi.

Bu gün Rusiya aviasiyası tərəfindən Beloqorovka qəsəbəsində yerləşən orta məktəb raket zərbəsi ilə vuruldu. 60 nəfərə yaxın mülki şəxsin öldüyü ehtimal olunur. Onlar dağıntılar altında qalıb. Rusiya qüvvələrinin hava hücumu nəticəsində Şipilovo kəndində ikimərtəbəli yaşayış binası dağıdıldı, dağıntılar altında 11 nəfərin qladığı güman edilir. Mülki infrastruktura və əhaliyə vurulan zərərlər nəticəsində humanitar böhran davam edir. Ukrayna bunun qarşısını heç nə ilə ala bilmir.

Rubejnoe və Popasnoe istiqamətində şiddətli döyüşlər davam etdi. Popasnoe şəhəri ərazisi Rusların nəzarətinə keçdi. Əgər bura şəhər demək olarsa. Şəhərdən geriyə yalnız dağıntılar qalıb. Burada Ukrayna qoşunları üçün vəziyyət gərgin olaraq qaldı. Qoşunlar qismən qərbə tərəf geri çəkildi.

Avdeyevka və İzyum istiqamətində ciddi dəyişiklik olmadı. Mariupolda “Azovstal” ərazisindən bütün mülki şəxslərin çıxarılmasına baxmayaraq, “Azov” döyüşçüləri hələ də müqavimət göstərməyə davam edir. Görünən odur ki, onların əsir düşmək kimi bir niyyətləri yoxdur. Bu gün onlar axıra qədər döyüşəcəklərini bəyan etdilər. Hər keçən gün “Azov” döyüşçülərinin sonlarını yaxınlaşdırır. Ukrayna siyasi və hərbi rəhbərliyi bunun fərqindədir. Lakin onlara praktiki olaraq heç nə ilə kömək edə bilmirlər. Bu qədər vaxtı mühasirədə qalaraq döyüşə bilmələri əsil möcüzədir. Onların qida və mərmi ehtiyatlarının hələ də tükənməməsi rusları ciddi düşünməyə vadar edir. Nəticə etibarı ilə ruslar onları dağıntılar altına gömməli olacaqlar. Çünki açıq döyüşdə onlarla bacara bilmirlər. Bu gün “Azovstal” və Mariupoldan daha 173 nəfər mülki şəxs təxliyyə edildi. Mariupolda əksəriyyəti mülki şəxslər olmaqla 25 min insanın həlak olduğu ehtimal edilir.

Xerson istiqamətində də vəziyyət gərgin olaraq qaldı. Taktiki səviyyədə şiddətli döyüşlər davam etdi. Zaporojye istiqamətində tərəflərin qarşılıqlı atışmaları intensivliyini qorudu.

Bu günün əsas hadisəsi G-7 ölkə liderlərinin görüşü oldu. Onlar bəyan etdilər ki, biz Kremlin qalib olmasına imkan verməməliyik. Rusiya iqtisadiyyatına və vətəndaşlarına qarşı əlavə sanksiyaların tətbiqinə qərar verildi. Dünyanın yeddi ən böyük iqtisadiyyatı Rusiyanı konkret hədəfə aldı. Düşünürəm ki, əməliyyat teatrında baş verənləri və sonrasını G-7 liderlərinin bu yol xəritəsi müəyyən edəcək. Baş verənləri artıq bu kontekstdə qiymətləndirməliyik. G-7 ölkələri Rusiya neftindən imtina edəcəklərini bəyan etdilər. Bu, neft ixracatçısı olan ölkə üçün son dərəcə ağır zərbə olacaq.

Kreml rejiminə qarşı kollektiv fəaliyyətin nəticələrinin yaxın və uzaq vədədə arzuolunmaz olacağını gözləməliyik. İqtisadiyyatların müharibəsi orduların müharibəsinə bənzəməz. Ordular müharibəsinin bitməsinin zamanı var. İqtisadi müharibələr isə sonsuza qədər davam edə bilər. Sonsuza qədər iqtisadi müharibə Rusiyanın sonunu gətirə bilər.

Bununla yanaşı ABŞ-nin Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Rusiyadan olan daha 33 fiziki şəxs, 22 şirkət və Rusiya bayrağı altında üzən 69 gəmi sanksiya siyahısına salınıb.

Bu gün ABŞ-nin birinci xanımı Cill Bayden Ukraynanın Ujqorod şəhərində səfərdə oldu. Cill Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zalenskaya ilə görüşdü. Son günlər ABŞ Pezidentinin Ukraynaya səfəri gözlənilirdi. Qarşılığında birinci xanım səfər etdi. Görünən odur ki, artıq Ukraynaya səfər etməyən bir ABŞ Prezidenti qalıb.

Bu gün Kanada Baş naziri Castin Trüdo da Ukraynaya səfər etdi. Castin Trüdo Rusiyanın hücumları nəticəsində dağıntıya məruz qalmış Kiyev vilayətinin İrpin şəhərinə baş çəkib. Ukraynaya bütün bu səfərlərin arxasında müttəfiqlərin sərhədsiz hərbi dəstəkləri durur.

Rusiyanın uzun vədədə bu dəstəklərə və müharibəyə qarşı təkbaşına tab gətirə biləcəyi mümkünsüz görünür. Bir də yedəyində Belarus varsa.

Bu gün Kreml rəhbəri “Qələbə Günü” münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini, eləcə də Gürcüstan və Ukrayna xalqlarını təbrik edib…

Bu arada, sabah artıq 9 maydır (Dünənə nəzərən sabah – red.) Sabah əməliyyatlar teatrında qırılma nöqtəsi ola bilər. Bütün gözləntilər 9 may üzərindəndir. Rusiyanın müharibə elan edib-etməyəcəyi bu tarixlə əlaqələndirilir. Eyni zamanda, səfərbərliyin elan edilib-edilməyəcəyi 9 maydan sonra konkretləşəcək. Sabah bütün gözləntilər sonlamış olacaq. 9 maydan sonra ya yeni mərhələ başlayacaq, ya da sürünən müharibə daha yavaş sürətlə sürünməyə davam edəcək. 9 may arzuolunan və arzuolunmayan istəklərin bitəcəyi tarix kimi müharibə tarixinə keçəcək. Bu tarixin bitməsi ilə gərginliyin səngiyəcəyini də gözləməliyik. Çünki ruslar qələbə eyfariyasının zirvəsini yaşayıb bitirəcəklər. Bundan sonra başqa tarix başlayacaq. Bu tarixdən sonrasını təxmin etmək o qədər də çətin deyil.

İddia olunur ki, 9 may paradında iştirak edən qüvvələrin hamısı öz dislokasiya yerlərinə yox, Ukrayana cəbhəsinə göndəriləcək. Hətta bu barədə şəxsi heyətin məlumatlandırıldığı da deyilir. Bu qüvvələrin hamısı Ukrayana cəbhəsinə göndərilərsə, döyüşlərin gedişinə nisbətən təsir etmək imkanları olacaq. Bunun baş verib-verməyəcəyini qısa zamanda biləcəyik.

Əməliyyatlar teatrı və reallıqlar. Hər iki tərəfin artan itkiləri… Tərəflərin bu reallıqlarla necə davranacaqlarını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv