Rusiya və Çinin yalnız buraxdığı İran – Hökumətyönlü yürüşlər rəsmi Tehranı xilas edə biləcək? - TƏHLİL
İranda son günlər müşahidə olunan hökumətyönlü nümayişlər, qismən Qərbin Tehran rejiminin süqutunu qabaqcadan və tələsik şəkildə proqnozlaşdırmasına verilən reaksiya kimi dəyərləndirilir. Yüz minlərlə insan, ölkənin dərin iqtisadi böhranına, siyasi çıxılmazlığa və rejimin onilliklər ərzində böyük sərmayə qoyduğu ideoloji miflərin dağılmasına baxmayaraq, mövcud hakimiyyətə dəstək məqsədilə küçələrə çıxır.
Bu proses, ABŞ Prezidenti Donald Trumpın İranla ticarət edən ölkələrə tətbiq edilən gömrük rüsumlarını 25 faiz artıracağını elan etməsindən sonra daha da sürətlənib. Ardınca Almaniya kansleri Fridrix Merts bir addım da irəli gedərək Tehran rejiminin sonuna yaxınlaşdığını və “İran rəhbərliyinin son günlərini yaşadığını” bəyan edib. Mertsin bu açıqlaması Qərb paytaxtlarında təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı artan güc tətbiqinə etiraz olaraq İran səfirlərinin XİN-lərə çağırıldığı bir vaxta təsadüf edir. İsraildə isə ictimai və siyasi müzakirələrin mərkəzində artıq yalnız təhdid dili, hərbi planlaşdırma və mümkün hava hücumları üçün hədəflərin müəyyənləşdirilməsi dayanır.
Mövcud vəziyyət iki əsas müşahidəni ön plana çıxarır. Birinci müşahidə ondan ibarətdir ki, hazırkı etirazlar əvvəlki dalğalardan fərqli olaraq yalnız sosial narazılıqlarla məhdudlaşmır. Xroniki iqtisadi uğursuzluq, onun idarə oluna bilməməsi və “müqavimət oxu” kimi təqdim edilən regional imperial layihənin eyni vaxtda çökməsi prosesi daha dərin və sistemli xarakter alıb. Bu oxun əsas məqsədi İranı xarici təhdidlərdən qorumaq üçün ətrafında bufer zonalar yaratmaq idi. İraq, Livan, Suriya və Yəməndə qurulan bu mexanizm 1980–1988-ci illərdəki İran–İraq müharibəsində olduğu kimi, hərbi qarşıdurmaların birbaşa İran ərazisinə daşınmasının qarşısını almağa xidmət edirdi.
Bu mənzərədə İran riyalının rekord səviyyədə dəyər itirməsi ilə üzə çıxan iqtisadi çöküşün səbəblərinin struktur problemlərdənmi, yoxsa onilliklərdir davam edən ağır sanksiya və embarqolardanmı qaynaqlandığı artıq ikinci plana keçir. Əsas məsələ əhalinin gündəlik həyatında özünü göstərən dərin sosial böhrandır: vətəndaşlar ən fundamental ehtiyaclarını belə qarşılamaq imkanlarını sürətlə itirirlər.
Bu fonda Tehran rəsmiləri nə Çinin, nə də Rusiyanın, vaxtilə Bəşşar Əsədə və ya Livandakı Hizbullaha göstərdikləri kimi, İrana ciddi və həlledici dəstək verəcəyinə real ümid bəsləyir. Regional və qlobal balanslar Tehranı getdikcə daha tənha vəziyyətə sürükləyir.
İkinci əsas müşahidə isə ABŞ və İsrailin mövcud etirazları 1979-cu ildən bəri hakimiyyətdə olan rejimin sonuna çevirmək niyyətində qətiyyətli olmasıdır. Qərbli müttəfiqlərlə koordinasiyalı şəkildə, istər daxili təzyiqlərin artırılması, istərsə də xarici müdaxilə alətləri vasitəsilə Tehran rejimini zəiflətmək üçün bütün siyasi, iqtisadi və hərbi imkanların səfərbər edilməsi gözlənilir. Keçən ilin iyun ayında İsrail hücumları zamanı İran ordusu və İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərinin böyük hissəsinin həlak olması, eləcə də prezident Məsud Pezeşkianın həyatının təhlükə altına düşməsi ilə üzə çıxan ciddi kəşfiyyat boşluqları fonunda “Venesuela modeli” İranda tətbiq oluna biləcək cəlbedici ssenari kimi müzakirə edilir.
“Şarku’l-Avsat” qəzetinin təhlilinə görə, son şah Məhəmməd Rzanın oğlu Rza Pəhləvinin alternativ hakimiyyət mərkəzi kimi ön plana çıxarılması da bu kontekstdə təsadüfi deyil. Bu yanaşma, xüsusilə 2009-cu il “Yaşıl Hərəkat”ından sonra daxili müxalifətin hazırkı hadisələrə dair aydın və vahid mövqe ortaya qoya bilmədiyi bir şəraitdə, xaricdən “alternativ fiqur” təqdim etmək ehtiyacından qaynaqlanır. Daxili müxalifətin qeyri-müəyyənliyinin arxasında isə devirməyə çalışdıqları rejimlə mövcud və ya keçmiş əlaqələrin dayandığı ehtimal olunur.
Bu səbəbdən əsas sual açıq qalır: İran cəmiyyəti mövcud rejimi nəyin bahasına olursa-olsun devirməyə hazırdırmı, yoxsa 2022-ci ildə başörtüyü və fərdi azadlıqlara qoyulan məhdudiyyətlərə karşı başlayan “Qadın, Azadlıq, Həyat” etirazlarında olduğu kimi, məhdud güzəştlər və şərti uzlaşmalarla kifayətlənməyə üstünlük verəcəkmi?
Donald Trumpın İranla ticarət edənlərə qarşı gömrük tarifləri tətbiq etməsi və etirazçılar öldürülməyə davam edərsə, Tehrana hücum üçün “çox güclü planlar”ın hazırlandığını açıq şəkildə dilə gətirməsi, Vaşinqtonun ali dini lider Əli Xamenei və onun rəhbərlik etdiyi sistemi devirmək üçün mövcud fürsəti əldən vermək istəmədiyini göstərir. Lakin bu yanaşma, həm tarixi, həm də müasir dövrdə son dərəcə mühüm geostrateji mövqeyə malik, 1,6 milyon kvadratkilometr ərazisi və 90 milyondan artıq əhalisi olan İran üçün real və dayanıqlı gələcək ssenarisi yaratmaq baxımından hələlik yetərli görünmür.
“Yeni Çağ” Təhlil Qrupu












