Vaşinqton-Ankara-Moskva üçbucağında gizli diplomatiya: Müharibənin taleyi Türkiyənin hansı addımlarından asılıdır?

media-hightechnic-468x90

“Prezident Ərdoğanın Donald Trampla münasibətlərinin yaxın olması Rusiya-Ukrayna müharibəsində müəyyən diplomatik imkanlar yaradır.”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq Türkiyənin xarici işlər naziri Hakan Fidanın tərəflərə müharibəni bitirmək çağırışı etməsini şərh edərək, bunu diplomatik müsbət amil olaraq dəyərləndirib:

“Hakan Fidanın Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatması ilə bağlı çağırışı Ankaranın münaqişəyə yanaşmasında uzun müddətdir davam etdirdiyi diplomatik xəttin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Türkiyə müharibənin ilk günlərindən etibarən həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, həm də Rusiya ilə siyasi və iqtisadi əlaqələrini qoruyub saxlayıb. Bu balanslaşdırılmış siyasət Ankaraya müharibə tərəfləri ilə eyni vaxtda dialoq qura bilən nadir aktorlardan biri statusunu qazandırıb. Məhz bu statusun nəticəsində Rusiya və Ukrayna arasında bir sıra razılaşmalar məhz Ankaranın vasitəçiliyi ilə əldə edilib.

Ərdoğan-Tramp münasibətlərinə gəldikdə isə, bəli, Prezident Ərdoğanın Donald Trampla münasibətlərinin yaxın olması müəyyən diplomatik imkanlar yaradır. Amma bu, müharibənin taleyini müəyyən edəcək əsas faktor kimi qiymətləndirilməməlidir. Çünki Rusiya-Ukrayna münaqişəsi artıq ikitərəfli müharibə çərçivəsini aşaraq qlobal geosiyasi rəqabətin əsas cəbhələrindən birinə çevrilib. Burada Moskva, Kiyev, Vaşinqton, Avropa ölkələri və NATO-nun təhlükəsizlik maraqları bir-biri ilə sıx şəkildə bağlıdır. Buna görə də hər hansı bir liderin şəxsi münasibətləri müəyyən kommunikasiya kanalları açsa da, münaqişənin həlli üçün təkbaşına həlledici amil rolunu oynaya bilməz.

Bununla belə, yaxın perspektivdə Türkiyənin sözlü çağırışlardan daha irəli gedən addımlar atması ehtimalı tamamilə istisna edilmir.”

Politoloq qeyd edib ki, Ankara indiyə qədər üzərinə düşəni artıqlaması ilə edib:

“Ankara artıq bir neçə dəfə vasitəçilik təşəbbüsləri ilə çıxış edib və tərəfləri eyni masa arxasına gətirməyə nail olub. İstanbul danışıqları və Qara dəniz taxıl təşəbbüsü Türkiyənin diplomatik imkanlarının ən uğurlu nümunələri hesab olunur. Xüsusilə taxıl sazişi göstərdi ki, Ankara həm Moskva, həm də Kiyevlə işləyə bilən və əldə olunan razılaşmaların icrasına nəzarət edə bilən praktik vasitəçi roluna malikdir.

Düşünürəm ki, Türkiyə tərəfinin yaxın dövrdə atacağı mümkün əməli addımlar daha çox yeni danışıqlar platformalarının təşkili, tərəflər arasında birbaşa təmasların genişləndirilməsi və humanitar məsələlər üzrə razılaşmaların əldə olunmasına yönələ bilər. Türkiyənin etimad yaradan vasitəçi kimi çıxış etmək potensialı var və bu potensialdan da istifadə edə bilər.

Müharibənin bitməsində Türkiyənin önəmli aktor olub-olmaması məsələsinə gəldikdə isə, cavab böyük ölçüdə müsbətdir. Ankara münaqişənin həllini təkbaşına təmin edə bilməsə də, mümkün sülh prosesinin əsas platformalarından birinə çevrilə bilər. Türkiyənin NATO üzvü olması, eyni zamanda Rusiya ilə əlaqələrini qoruyub saxlaması, Ukraynanın suverenliyini dəstəkləməklə paralel olaraq Moskva ilə dialoqdan imtina etməməsi, eləcə də Qara dəniz regionunun əsas güclərindən biri və müharibənin nəticələrindən birbaşa təsirlənən tərəf olması ona prosesi irəli aparan tərəf olmaq imkanları tanıyır.”

R. Bayramov Türkiyənin gələcəkdə də bu münaqişənin bitməsi üçün addımlar atacağını düşündüyünü dilə gətirib:

“Yaxın gələcəkdə Türkiyədən müharibəni birbaşa dayandıracaq radikal addımlar gözləmək real olmasa da, ancaq tərəflər arasında dialoqun bərpası, məhdud razılaşmaların əldə olunması və gələcək sülh prosesinin hazırlanması baxımından ən vacib vasitəçilərdən biri olacağı şübhəsizdir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05