Rusiyada saxlanılan DEPUTAT: “Əgər belə bir maraq olmasaydı...”
“Güc və ittihamedici yanaşmalar münasibətləri heç də normaya salmır. Dialoq və diplomatiya ən düzgün yoldur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputat Azər Badamov deyib.
O, Çində təşkil edilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanla münasibətlərə toxunmasına münasibət bildirib.
Deputat qeyd edib ki, Çində hərbi paraddan sonra Vladimir Putinin mətbuata verdiyi açıqlamalarda Rusiya-Azərbaycan münasibətlərində baş vermiş gərginliyə geniş şərh vermədən, qısa olaraq “Mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” deməsi ikitərəfli münasibətlərin normallaşdırılmasına marağın olmasından irəli gəlir.
Onun sözlərinə görə, əgər belə bir maraq olmasaydı, ölkələr arasında münasibətlərdə həmişə mövcud və ya hansısa siyasi vəziyyətə əsaslanan bəzi suallar və problemlər var deməzdi:
“Yəni münasibətlərin yenidən normallaşmasına qayıtması üçün bəzi suallar və problemlər ikitərəfli görüşlərlə, diplomatik yollarla həll olunmalıdır. Rusiya Prezidenti yaxşı anlayır ki, ikitərəfli münasibətlərdə gərginliyin yaranmasının səbəbi elə Rusiyanın münasibətlərə ədalətsiz yanaşmasından sonra başlayıb. Ona görə də Rusiya gərginliyi yaradan ilkin nöqtəyə qayıtmalı və həmin yerdən problemin ədalətli həlli üçün hərəkətə keçməlidir”.
Millət vəkili əlavə edib ki, Rusiya və Azərbaycan müstəqil ölkələrdir:
“Bizim münasibətlərimiz də qarşılıqlı hörmət və fayda əsasında davam etməlidir. Bir tərəfin bu prinsiplərə düzgün yanaşmaması münasibətlərə gərginlik gətirir. Bu baxımdan hər iki tərəf münasibətləri qorumaq üçün çalışmalıdır. Azərbaycan və Rusiya yaxın qonşudurlar. Biz ilk növbədə qonşuluq münasibətlərini qorumalıyıq. Hərəkətlərimiz də gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində olmalıdır. Həm də gərginliyin dərinləşməsinin bir nöqtəsi olmalıdır”.
“Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlər indi həmin nöqtədədir. İkitərəfli münasibətlərin daha da dərinləşməsi heç bir tərəfə fayda gətirmir. Bu baxımdan Rusiyanın özünün qaynatdığı gərginliyi özünün də azaltması üçün hərəkətə keçməsi zamanının gəldiyini hesab edirəm. Güc və ittihamedici yanaşmalar münasibətləri heç də normaya salmır. Dialoq və diplomatiya ən düzgün yoldur”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Milli Məclisin deputatı Azər Badamov cari ilin may ayında Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulmuşdu.
Nəsimi Ələsgərli