“Ermənistanla Rusiya arasında problemlər yaşanır və indi münasibətlər son dərəcə soyuqdur. Amma biz Ermənistanın Rusiya istiqamətində xırda demarş addımlarını görürük”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Siyasi təhlilçi Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor-Nork rayonunun administrasiyasının rəhbəri Tiqran Ter-Marqaryanın Kiyev vilayətindəki Buça şəhərinə səfəri ilə bağlı Rusiyanın Ermənistana etiraz notası göndərməsi faktını şərh edib.
T. Abbasov diqqətə çatdırıb ki, bu gün İrəvan administrasiyası tərəfindən KTMT-dən çıxmaq, az qala Rusiyaya müharibə elan etmək, Avrasiya İqtisadi İttifaqını tərk etmək və s. kimi iddialar səslənsə də, əməldə bu addımları görmürük:
“Əksinə, Nikol Paşinyan bəzi hallarda bu kampaniyada yaxından iştirak edir, səsini ucaldır ki, “Rusiya bizi darda qoyub, Rusiya bizə kömək etməyib” və s. Ancaq hərəkətlərə gəldikdə isə görürük ki, ermənilər ehtiyatlı tərpənirlər, hətta etirazlarını xırda addımlarla bildirirlər”.
O, əlavə edib ki, Nikol Paşinyanın xanımı Anna Akopyan da Ukraynaya səfər etmişdi, eləcə də müxtəlif erməni təşkilatları bu gün də Ukraynaya köməklik göstərirlər:
“Digər tərəfdən, Qərbpərəst qüvvələr, Ermənistandakı Avropa Partiyası və bu kimi təşkilatların hamısı deyir ki, Rusiyadan birmənalı uzaqlaşıb Avropaya doğru hərəkət etmək lazımdır. Hələlik bu istiqamətdə ancaq verbal fəallığı – danışıq fəallığını görürük. Çünki hərəkətlər baxımından ermənilər cürət göstərə bilmirlər”.
Siyasi şərhçi xatırladıb ki, Rusiya bütün bu proseslərin hamısını izləyir:
“Bu yaxınlarda Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkini Moskva geri çağırdı ki, məsləhətləşmələr aparsın. Yəni bu, özü-özlüyündə də bir addımdır və Kreml göstərir ki, lazım gələrsə, sərt tədbirlərə keçəcək və bu, özünü gözlətməyəcək”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, bu gün Ermənistanın iqtisadi kompleksi demək olar ki, birmənalı şəkildə və bütövlükdə Rusiya tərəfindən idarə olunur:
“Çünki bütün iri müəssisələrin hamısının səhmləri Rusiya işgüzar dairələrinin əlindədir və onlar istədikləri anda Ermənistanın “oksigen kanalları”nı bağlaya bilirlər. Ermənistan tərəfi isə Rusiya ilə münasibətlərdə qabaqdangəlmişlik edir. İndi onların Buçaya getmələri nəyi dəyişdi? Bunlar kimə nəyi sübut etdilər? Rusiya artıq bu məsələlərin hamısı ilə bağlı öz yanaşmalarını bildirib, bəyanatlarını verib və bütün dünya birliyinə səslənib. Burada ermənilər Rusiya üçün elə bir problem yaratmırlar. Ermənilər çalışırlar ki, özlərinin təpərlərini, müqavimət izlərini, narazılıqlarını bildirsinlər. Hər halda, bunların Ermənistan siyasəti üçün heç bir faydası yoxdur. Sadəcə, indiki hakimiyyət bir addım irəliləyirsə, iki addım da geriləyir”.
Rafi Müslümov
www.yenicag.az