!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyalı milyarderlər Ermənistan SİYASİ ARENASINDA: "Bu onu deməyə əsas verir ki..." - ŞƏRH

Reklam: Sinerji Pro

“Ruben Vardanyan da, Samvel Karapetyan da Rusiyanın Ermənistan siyasətində ehtiyat oyunçulardır”.

Bu sözləri erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Ermənistan siyasətinə atılmağa və ölkəyə rəhbərlik etməyə hazır olması ilə bağlı fikirlərini şərh edərkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqamasında deyib.

Politoloq Ruben Vardanyanın Ermənistanda siyasi fəaliyyətə başladığını elan etməsini belə şərh edib:

“Vardanyan məlum bəyanatı Rusiyanın RBK agentliyinə verdiyi müsahibədə səsləndirib və onu da bildirib ki, Ermənistan çox ağır vəziyyətdədir və indi onun müstəqil dövlət kimi qorunub saxlanılması məsələsi çox kəskin dayanıb, ona görə də belə vəziyyətdə dövlət rəhbəri olmaq üçün çox cəsarətli və riskə getməyə hazır adam tələb olunur. R.Vardanyandan əvvəl isə oxşar bəyanatla “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan da çıxış edib və Ermənistanda siyasi fəaliyyətə başladığını elan etmişdi.

Qeyd edim ki, Ruben Vardanyan “Troyka Dialoq” investisiya kampaniyasının keçmiş sahibi, “Avrora” Humanitar Təşəbbüslər Cəmiyyətinin həmtəsisçisi, “Skolkov” biznes idarəetməsi məktəbinin ilk prezidentidir, iş adamıdır və 2020-ci ilin məlumatlarına görə 1 milyard dollar sərvətə malikdir. “Troyka Dialoq” İnvestisiya Kampaniyasının 2011-ci ildə Rusiyanın məşhur “Sberbank”ına satılmasından sonra 2015-ci ilə qədər “Sberbank” prezidentinin müşaviri və bankın İdarə Heyətinin sədri olub. Rusiyanın siyasi və maliyyə dairələri ilə kifayət qədər yaxşı münasibətləri olan Vardanyan məhz keçmiş maliyyə naziri Aleksey Kudrin və “Sberbank”ın sahibi German Qreflə dostluq münasibətləri səbəbi ilə 2011-ci ilə “Troyka Dialoq” kampaniyasını kifayət qədər yaxşı qiymətə “Sberbank”a satmağa müvəffəq olub. O, həmçinin İtaliyanın “Roma” futbol klubunun erməni əsilli oyunçusu və Azərbaycana, ümumiyyətlə, türklərə qarşı nifrəti ilə tanınan Qenrix Mxitaryanın da qayınatasıdır. Hal-hazırda Vardanyan erməni diaspor təşkilatlarının əsas havadarlarından biridir. Onun və eləcə də tibbi-bioloji araşdırmalarla məşğul olan “Flagship Pioneering” kompaniyasının sahibi Nubar Afeyan və Təbriz doğumlu erməni alim, Nyu Yorkdakı Korneqi Fondunun prezidenti Vartan Qriqoryan tərəfindən təsis edilmiş “Avrora” Humanitar Təşəbbüslər cəmiyyəti artıq neçə illərdir ki, “Erməni Genosidi” məsələsinin tanınması üçün aktiv fəaliyyət göstərirlər. Cəmiyyət bu və ya digər ölkə parlametlərində “erməni soyqırımı”nın tanınması təşəbbüsü ilə çıxış edən fiziki və ya hüquqi şəxsə birdəfəlik 1 milyon dollar və qərarın qəbul olunması halında isə əlavə olaraq hər il 200 min dollar həcmində mukafat ödəyirlər.

Bununla yanaşı, onu da qeyd etməliyəm ki, Vardanyan dünya biznes elitasında cinayət yolu ilə əldə olunmuş çirkli pulların yuyulması vasitəsilə böyük sərvətə yiyələnmiş adi bir dələduz olaraq tanınır. Belə ki, 2006-cı ildən “Troyka Dialoq” kampaniyası satılana qədər bu investisiya qrupu şəbəkəsindən 8,8 milyard dollar həcmində çirkli pulların yuyulması ilə bağlı rəsmi məlumatlar mövcuddur. Ümumiyyətlə, qeyd etməliyəm ki, Rusiyadakı çirkli pulların yuyulması və digər cinayətkar qrupların başında əksər hallarda məhz elə ermənilər dayanır.

Onlardan biri də adını çəkdiyim rusiyalı məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyandır. O, Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarlarından və onu istefaya çağıranlardan biri idi. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla isə kifayət qədər yaxşı münasibətləri vardır. Hətta Robert Koçaryanın girov müqabilində azadlığa çıxması zamanı girov olaraq ödənilən 4 milyon ABŞ dolları məbləğğində vəsaitin də ödənilməsində aktiv iştirak edib. Həmin vaxt girov pulunun ödənilməsində Samvel Karapetyanla yanaşı, Rusiyadakı “Monarx” şirkətinin başçısı Sergey Ambarsumyan, “Sistema” Aksioner Maliyyə Şirkətinin başçısı (Robert Koçaryan bu şirkətin Direktorlar Şurasının üzvüdür) Vladimir Yevtuşenko və Rusiyanın erməni sahibkarı “Stinkom qrupu”nun qurucusu və sahibi, Moskvadakı “Yerevan plaza”nın sahiblərindən biri Gennadi Stepanyan ödəmişdi.

Karapetyanın rəhbəri olduğu “Taşir” Şirkətlər Qrupu özündə Rusiya iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 200-dən çox şirkəti birləşdirir. 2020-ci ilin məlumatlarına görə, onun sərvəti 4,1 milyard dolları keçir. Samvel Karapetyanın qardaşı Karen Karapetyan isə uzun müddət Ermənistan parlamentinin üzvü olub və Sarkisyanın dönəmində Ermənistanda Prezident Aparatına rəhbərlik edib. Samvel Karapetyan 2019-cu ildə erməni apostol kilsəsinə xidmətlərinə görə “Müqəddəs Eçmiədzin Sərkərdəsi” tutiluna layiq görülüb.

Samvel Karapetyanın iş ortaqlarından biri isə Rusiya Daxili İşlər Naziri Kolesnikovla qudadır. Başqa sözlə, “Taşir” Şirkətlərinin Qrupunun hakimiyyət dayaqlarından biri Kolesnikov digəri isə S.Karapetyanla olduqca yaxşı əlaqələrə malik olan Rusiya Prezident Adminstrasiyası rəhbərinin birinci müavini Serqey Kirienkodur. Məhz bu əlaqələrin nəticəsidir ki, Karapetyan ildə orta hesabla 50-60 milyard rus rublu dəyərində dövlət sifarişləri alır və bunların da hesabına varidatını hər keçən gün artırır.

Yusif Bağırzadə bildirib ki, adını çəkdiyi hər iki şəxs öz varidatını tamamını Rusiyada qazanıb və Rusiyanın hakim dairələri ilə sıx əlaqələrə malikdirlər:

“Hər ikisi də hələ də separatçıların nəzarətində olan ərazilərimizdə aktiv fəaliyyətləri ilə tanınırlar. Məhz onların vasitəsi ilə həmin ərazilərdə məskunlaşmış ermənilər üçün sosial obyektlər açılır, məktəblər, evlər təmir olunur, onların işlə təmin olunması üçün sexlər və s. istifadəyə verilir. Ermənistanın özündə də bu iki şəxsə aid çoxlu sayda şirkətlər mövcuddur. Vardanyanın Köçəryana, Karapetyanın isə Sarkisyana yaxın olması zamanında onlar üçün yaşıl işıq yandırılmasına imkan verib.

Ümumilikdə götürdükdə isə Ermənistan iqtisadiyyatının mövcud vəziyyəti bu ölkəni onsuz da xarici kapitaldan asılı vəziyyətə salıb. Ermənistanın regionda oynadığı pozuculuq fəaliyyəti, Cənubi Qafqazda müharibənin, gərginliyin olmasının səbəbkarı, ölkədə siyasi qruplar arasında xarici maraqların təmini ilə müşayiət edilən qarşıdurma, qonşu ölkələrə ərazi iddiası, təbii sərvətlərin hasilatında yaranan çoxsaylı problemlər, hər an gözlənilən vətəndaş qarşıdurması, daha çox xarici maraqların girovuna çevrilmə, iqtisadiyyatın xarici yardımdan asılılığı və s. isə bu ölkəyə investisiya qoyuluşunu çətinləşdirir, riskli edir. Belə olan halda Ermənistan erməni diasporunun marafonlardan topladığı ianəyə, lobbisinin dəstəyi ilə edilən maliyyə yardımlarına, Rusiyadakı erməni iş adamlarının insafına ümid edir. Bu mənada əslində, ölkə iqtisadiyyatı daha çox Rusiyadan və dolayısı ilə Rusiyadakı erməni milyarderlərindən asılıdır.

“Taşir” vasitəsilə Ermənistanın havadarları işğal altında olmuş Azərbaycan torpaqlarındakı erməni separatçılarına da ötən ilin oktyabrında 3 milyon dollar məbləğində “humanitar” yardım etmişdi. Bundan əvvəl Samvel Karapetyan Xankəndində müxtəlif layihələr həyata keçirmişdi. O, Qarabağda olan hər erməni ailəsinə 4 min dollar məbləğində yardım etmişdi.

Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan araşdırma nəticəsində müəyyən olunub ki,“Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan, Ermənistanda “boz biznesmen” kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının silahlı qüvvələrinin qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli yük daşıma təyinatlı təyyarə ilə ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğular, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil ediblər. Faktla bağlı 2021-ci il aprelin 28-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Azərbaycan onlar barəsində axtarış elan edib.

Son olaraq qeyd edim ki, hər iki şəxsin Rusiyaya bağlılığı və eləcə də antiPaşinyançı mövqeyi onu deməyə əsas verir ki, onlar Rusiyanın Ermənistan siyasətində ehtiyat oyunçulardır. Rusiyanın ənənəvi müttəfiqi olan Köçəryan Sarkisyan cütlüyünün xalq arasında olan reytinqnin aşağı olması onları istənilən vaxt yeni qüvvələrlə əvəzləmək üçün ehtiyat qüvvələrə ehtiyac yaradır. Hər iki şəxsin imkanları, indiyə qədər Ermənistanda hər hansı dövlət vəzifəsi daşımamaları onların alternativ qüvvə kimi ortaya çıxmasını təmin edə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

402
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100