!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın hücumla bağlı İranı məlumatlandırmaması suallar doğurur” – İranlı politoloq

!Reklam – Yazi

Sabiq diplomat ABŞ-ın yaxın zamanlarda Suriyaya yenidən hücum edəcəyinin gözlənilmədiyini deyib.

Yeniçağ.Ru-ya müsahibə verən İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ABŞ-ın Suriyadakı Şaytar aviabazasını bombalamasını Rusiya, İran və Əsəd rejiminin reaksiyasını yoxlamaq niyyəti ilə əlaqələndirib:

“Tramp özünün seçkiqabağı kampaniyasında diqqəti daha çox ABŞ-ın daxili siyasətinə yönəldəcəyini bildirsə də, respublikaçıların ümumi mövqeyi baxımından, onun Suriyaya hücum edəcəyi gözlənilən idi. Digər tərəfdən, Bəşər Əsədin kimyəvi silahlarla hücumu şübhəli görünür və ola bilsin ki, bu, sonra istifadə ediləcək bir provakasiya idi”.

Sabiq diplomatın sözlərinə görə, Hələbi nəzarətinə keçirtdikdən və müxalifətlə İŞİD-in ardıcıl məğlubiyyətindən sonra mövqeləri güclənən Əsədə kimyəvi hücum həyata keçirtmək sərf etmirdi:

“Danışıqlar prosesinin davamında bu hücumun təşkili Əsədin maraqlarına uyğun deyildi. Çünki kimyəvi hücuma qədər Qərb Əsədə yönələn ritorikasını dəyişmişdi və onun devrilməsinə çağırış etmirdi. Ancaq o hücumdan sonra vəziyyət köklü surətdə dəyişdi. Bu baxımdan, kimyəvi hücumun Əsəd tərəfindən həyata keçirildiyi inandırıcı görünmür. Hücumların nə qədər davamlı olacağı hələ ki, məlum deyil. Bu, ABŞ, Rusiya və İranın mövqeyindən, onların mümkün anlaşmalarından asılı olacaq. Fikrimcə, yaxın vaxtlarda ABŞ-ın Suriyaya növbəti hücumu gözlənilmir – çünki ilk hücum daha çox Rusiya, İran və Əsədin reaksiyasını yoxlamaq məqsədi daşıyırdı. Onlar bundan sonra hücumu davam etdirib-etdirməmək məsələsinə hələ baxacaqlar”.

Politoloq qeyd edib ki, amerikalılar bu müharibədə özlərinin maliyyə itkilərini hesablamalıdırlar, eyni zamanda, Səudiyyə Ərəbistanının iqtisadiyyatı da xeyli zəifləyib:

“Ərəb ölkələri ilə ABŞ arasında birincilərin Suriyaya hücumu maliyyələşdirmələrinə dair müzakirələr aparılmışdı – çünki Tramp maliyyə məsələlərinə olduqca həssas yanaşır. O, istənilən biznesmen kimi az xərc çəkib, böyük qazanc götürmək istəyir. Onu da qeyd edim ki, Münhen konfransında ABŞ və ərəb ölkələri İrana qarşı birgə planları razılaşdırmışdılar. Bu baxımdan, ABŞ-ın Suriyaya hücumu həmin planların tərkib hissəsi də ola bilər”.

O, əlavə edib ki, belə təşəbbüslər Barak Obama dönəmində də irəli sürülürdü, ancaq ABŞ-ın sabiq prezidenti buna getmədi. Lakin görünür, Trampın hakimiyyətə gəlişindən sonra bu planın icrasına imkan tapıblar:

“Son dövrlərin hadisələri göstərir ki, Misir prezidenti Sisi, İordaniya kralı, Səudiyyə Ərəbistanının müdafiə naziri ABŞ-a səfər ediblər. Görünür, Tramp ərəb ölkələrinin İranla bağlı planlarına “yaşıl işıq” yandırıb. Bütün hallarda hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. Hazırda İran diplomatik fəallığını artırmalı və region ölkələri ilə dialoqa başlamalıdır”.

Politoloq hesab edir ki, Suriyaya hücumun Çin liderinin ABŞ-a səfəri ilə eyni vaxta təsadüf etməsi Vaşinqtonun Pekinə güc nümayişi kimi də qiymətləndirilə bilər:

“Amerika Çini məcbur etmək istəyir ki, o, nüvə sınaqlarını azaltması üçün Pxenyana təzyiq göstərsin. Bu, həm də İrana verilən bir mesajdır – baxmayaraq ki, İrana hücum o qədər də asan deyil. ABŞ hərbi-iqtisadi planda İrandan xeyli güclüdür. Ancaq burada əsas məsələ İrana hücumun geopolitik və iqtisadi planda ABŞ üçün nə qədər faydalı olacağındadır”.

Süleymaninin fikrincə, Trampın Suriyaya hücum qərarına onun Rusiya ilə əlaqələrdə və o ölkədəki biznes maraqlarının olmasında ittiham edilməsi də təsir göstərib. Trampın Rusiyanın dəstəyi ilə prezident seçilməsi də səslənən ittihamlar sırasındadır:

“Bununla da Tramp Amerika ictimaiyyətinə göstərmək istədi ki, onun üçün ABŞ-ın maraqları hər şeydən üstündür. ABŞ Suriyaya hücumdan əvvəl Rusiya, Türkiyə, Avropa və ərəb ölkələrini məlumatlandırıb. İstisna deyil ki, İsrail və ərəb ölkələri Suriyaya hücum məsələsində ABŞ-a dəstək veriblər. Ona görə də hər hansı rəsmi açıqlama olmadan o hücum həyata keçirilib. Bundan əvvəl ABŞ hücumdan əvvəl heç olmasa o barədə dünya ictimaiyyətini məlumatlandırırdı. Ancaq bu dəfə belə olmadı”.

Hücumun vaxtının seçilməsindən danışan Süleymani bildirib ki, bombardmanın cümə axşamından cümə gününə keçən gecə, yəni İranda istirahət günü olanda gerçəkləşməsi də maraqlı məqamdır:

“Rusiyanın o hücumla bağlı məlumatı İranla bölüşməməsi, o cümlədən İrana qeyri-səmimi münasibəti ortaya xeyli suallar çıxarır. Rusiya əvvəllər də İranı neçə dəfə yarıyolda qoyub. Ona görə də hazırda Rusiyanın İranı yenə tək qoyacağı istisna edilmir”. Rusiya hücum haqqında məlumatlı olsa da, özünün Suriyadakı hava hücumundan müdafiə sistemlərini işə salmayıb və ertəsi gün ABŞ-ı tənqid edib. Ona görə də bu fikirdəyəm ki, Rusiya ABŞ-la toqquşmaq niyyətində deyil, onlar öz mənfəətləri üçün Amerika ilə sövdələşmələr aparacaqlar. Burada məsələ İranın tək qalmaq ehtimalının olmasındadır. Ona görə də İranın Suriya münaqişəsinin həlli üçün region ölkələri, o cümlədən ABŞ-la dialoq qurması lazımdır”.

Nicat Hacıyev

Yeniçağ.Ru

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv