Sabir Rüstəmxanlı: “Erməni burada bir oyuncaqdır”
“Qərbi Azərbaycan: etnik təmizləmənin sonu”
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresi (DAK), Beynəlxalq Diaspor Mərkəzi və Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) birgə təşkilatçılığı ilə qərbi azərbaycanlıların sonuncu deportasiyasının 26-cı ildönümü münasibətilə “Qərbi Azərbaycan: etnik təmizləmənin sonu” adlı tədbir keçirilib.
Tədbiri Beynəlxalq Diaspora Təşkilatının sədri İsmayıl Ağayev açaraq, konfransın mövzusu və planı haqqında qısa məlumat verib: “Mən geniş çıxış etməyəcəyəm. Qonaqlarımız var. DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı da burdadır. Çıxış edənlər mövzu və aktuallığı ilə bağlı öz fikirlərini bölüşəcəklər. Çıxışlara başlamazdan öncə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına həsr olunan film izləyək”.
Azərbaycanlıların deportasiyası və erməni işğalına dair tarixi faktların yer aldığı film tədbir iştirakçıları tərəfindən maraqla izləndi.
Filmin nümayişindən sonra İ.Ağayev filmlə bağlı da fikirlərini bölüşdü: “Bizim üçün belə filmlərə baxmaq olduqca çətindir. Hər dəfə doğulduğumuz bölgəni izləyirik. Hər zaman yadımızdadır, ürəyimizdədir. Bu gün Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi altında güclü orduya malikdir. Ordumuz o qədər güclüdür ki, sanki bir neçə gün ərzində həsrət qaldığımız o yerlərə, Göyçəyə gedib çata bilərik. Təəssüflər olsun ki, Rusiyada, Amerikada, Avropada yaşayan ermənilər bu arzumuzu həyata keçirməyə imkan vermirlər. ATƏT-in Minsk qrupu ikili standartlarla oyun oynayır. Amma biz dövlətimizin gücünə inanırıq. İnşallah Azərbaycan ermənilərin layiqli cavabını verəcəkdir. Yaxın günlərdə Ermənistana məxsus hərbi vertalyotun vurulması hamımızın sevincinə səbəb oldu. Bu hadisə həm orduda, həm də xalqımızda ruh yüksəkliyi yaradıb. Təklif ediərm ki, bu hadisəni, Müdafiə Nazirliyimizi alqışlayaq”.
Millət vəkili Sabir Rüstəmxanlı söhbətə nümayiş olunan filmlə başladı: “ İndiki Ermənistan ərazilərindən Azərbaycan türklərinin deportasiyasına həsr olunan filmlər çəkilir. Bu gün izlədiyimiz filmdə faciənin yalnız bir hissəsinə baxdıq. Bu tarixi əks etdirən silsilə filmlər çəkilməlidir. Yeni nəsil tariximizi öyrənməli, həqiqətləri bilməlidir. Zori Balayan kitabında yazıb ki, Göyçədə, Zəngəzurda 1 dənə də erməni abidəsi qalmayıb, türklər hamısını dağıdıblar. Mən də ona cavab yazmışdım ki, sizin abidəniz olub ki, dağıtsınlar? Nə zaman orada yaşayıbsınız ki, abidəniz olsun? Bilirsiniz, bu tək Azərbaycan söhbəti deyil. Bəlkə də Səlib yürüşlərindən başlayaraq, dünyada türklərə qarşı insanlığa yaraşmayan hücum var. Dilinə, əlifbasına, kimliyinə qarşı saldırı var. Türkləri yox etmək, Yer üzündən silmək siyasəti gedir. Balkanlardan 5 milyon türk çıxarıldı. Böyük bir siyasətdir. Erməni burada bir oyuncaqdır”.
S.Rüstəmxanlı əlavə etdi ki, tariximiz, türklərə qarşı edilən haqsızlıqlar orta məktəblərdə aşağı siniflərdən uşaqlarımıza tədris edilməlidir: “Türklərə qarşı böyük br savaş başlayıblar. Biz bu məsələləri uşaqlara öyrətməliyik. Deportasiya tarixi ətraflı tədqiq edilməlidir. Köçürülən soydaşlarımız, kəndlər, ailələr, onlara məxsus mülklər haqqında məlumat toplanmalıdır. Dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda görüşlərimiz olur. Hara getsək, əlimizdə sənədlərlə gedirik. Tariximiz haqqında məlumat veririk”.
Millət vəkili ermənilərin qondarma soyqırım iddialarına qarşı birgə mübarizənin əhəmiyyətini də qeyd etdi: “Türkiyədə bu fəaliyyətlə məşğul olan dostlarımıza təşəkkür edirik! Çox iş görürlər. Biz də DAK olaraq bu işlərə davam etdirik. Ermənilərin cavabını verməliyik”.
Daha sonra çıxış üçün söz Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəyə verildi. O çıxışında təəssüflə bildirdi ki, hazırda Türkiyədə ən güclü diaspor erməni diasporudur: “Türkiyədə ermənilərin ən güclü olduğu yer İstanbuldur. Bu gün İran da İğdır, Qars bölgəsindən türklərin köçürülməsini istəyir. Biz bir millətik. Bir millətin 2 diasporu olmaz. Birlik olub ciddi çalışmalıyıq. Çiyin-çiyinə mübarizə aparıb, erməni təcavüzünü dünyaya ifşa etməli, həqiqətləri hər kəsə çatdırmalıyıq. Başqa cür ermənilərin öhdəsindən gəlmək olmaz”.
Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, Azərbaycan Pedoqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev, professor Ənvər Əhməd, tanınmış hüquqşünas Əli Eyvazov, Milli QHT Forumunun idarə heyətinin üzvü İradə Rizazadə, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Rusiya Federasiyasının Komi vilayətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Mikayılov, BDM-in Rusiya təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyev, BDM –in Bavariya nümayəndəliyinin rəhbəri Akif Məmmədov və başqaları öz çıxışlarında qərbi azərbaycanlıların sonuncu deportasiyası zaman-zaman xalqımıza qarşı ermənilərin həyata keçirdiyi qanlı cinayətlər haqqında danışaraq, bu istiqamətdə erməni diasporu ilə mübarizə aparmaq və dünya ictimaiyyətini əsl həqiqətlərə inandırmaq üçün görüləcək işlər haqqında fikir və təkliflərini bildirdilər.
AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu çıxışında bildirdi ki, ermənilər 2015-ci ildə erməni “soyqırımının” 100 illiyinə hazırlaşırlar: “Məqsəd Qarabag danışıqlarının Ermənistanın xeyrinə getməsinə nail olmaq, Naxçıvan və Qars-İqdır bölgəsinin Ermənistana birləşdirilməsinin beynəlxalq ictimai rəydə alt yapısını hazırlamaq və bu ərazilərin gələcəkdə işgal edilməsi üçün ikinci cəbhəni açmaqdır. Ermənilərin bu siyasətinə alternativ siyasət müəyyənləşdirmək məqsədilə Ermənistandan etnik təmizləməyə məruz qalmış türklərin Ermənistana qayıdış hərəkatını gücləndirmək, Qərbi Azərbaycan problemini gündəmə gətirmək vacibdir”.
Y.Qaraqoyunlu 11 bənddən ibarət təklif də irəli sürdü: “ .Hökümətin Qərbi Azərbaycan probleminin həlli ilə baglı siyasi-hərbi-strateji proqramı olmalıdır. Bu proqramda – Qərbi Azərbaycanın tarixi türk torpagı olması; yerli türklərin rus-erməni birləşməsi tərəfindən etnik təmizləmə və soyqırıma ugradılması nəticəsində Ermənistan dövlətinin qurulması; bu torpaqların yenidən Azərbaycana birləşdirilməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıdışı öz əksini tapmalıdır.Qərbi Azərbaycanın erməni işgalından azad edilməsi və Azərbaycana birləşdirilməsi zərurəti dünya ictimai rəyində qəbul etdirilməlidir.Bu məqsədlə AMEA, DAK, Diaspor Komitəsi, media, QHT strukturları səfərbər olunmalıdır. AMEA bu mübarizənin elmi təbliğat-təşviqat işini yerinə yetirməlidir.
2.Qərbi Azərbaycan problem ilə baglı xüsusi informasiya siyasəti hazırlanmalı,tədqiqatçılar, jurnalistlər səfərbər olaraq bu siyasəti həyata keçirməlidirlər.
3.Qərbi Azərbaycan probleminin beynəlxalq problemə çevrilməsinə nail olmaq lazımdır. Bu məqsədlə dövlət səviyyəsində ABŞ,Avropa,Rusiya, Yaponiya, Hindistan və s. ölkələrdə beynəlxalq elmi-siyasi konfranslar keçirilməli, alimlərin, tədqiqatçıların, jurnalistlərin, diplomatların,millət vəkillərinin,yazarların,rəssamların konfransa qatılmaları təmin olunmalı, ermənilərin Qərbi Azərbaycanı işgal etdikləri sübut olunmalıdır.
4.Beynəlxalq təşkilatlarda, müxtəlif ölkələrin parlamentlərində, ABŞ Konqresində Qərbi Azərbaycanla baglı dinləmələr, müzakirələr təşkil edilməlidir.
5.Qərbi Azərbaycan Mühacir Höküməti yaradılmalı, bu hökümət problemlə baglı beynəlxalq müzakirələr aparmalı, Qərbi Azərbaycana Qayıdış hərəkatına rəhbərlik etməlidir.
6.Qərbi Azərbaycanlılar təşkilatlanmalı,bu təşkilatlar arasında əlaqələndirmə şurası yaranmalı,vahid strateji xətt müəyyən olunmalıdır.
7.Qərbi Azərbaycanın informasiya agentliyi və TV-si fəaliyyət göstərməlidir.
8.Əslən Qərbi Azərbaycandan olan Ermənistan vətəndaşları siyahıya alınmalı və onların Ermənistana qarşı ərazi iddiası irəli sürmələri təmin edilməlidir.
9.Ermənistan vətəndaşları olan türklər Ermənistana qayıtmalı,Ermənistanda öz partiyalarını,parlament fraksiyalarını,mediasını qurmalıdırlar.Ermənistan iki dilli (türk-erməni), iki xalqlı dövlətə çevrilməlidir.
10.Qarabagla baglı beynəlxalq danışıqlarda Qərbi azərbaycanlılar tərəf kimi iştirak etməli,Qarabagda ermənilərə hansı status veriləcəksə, Ermənistanda azərbaycanlılara da həmin statusun verilməsi təmin edilməlidir.
11.Qərbi Azərbaycan probleminin həllində 1919-cu ildə Paris Sülh konfransında Əlimərdan bəy Topçubaşovun təqdim etdiyi MOMERANDUM hüquqi sənəd kimi əsas götürülməlidir. Tarixdə bir cox xalqlar müharibədə uduzmuş torpaqlarını dövlətlərini itirmişlər.Lakin yenidən güclənərək, işgal olunmuş torpaqları geri qaytarmışlar. Ardıcıl,məqsədyönlü,planlı fəaliyyət göstərsək əmin olun ki,Qərbi Azərbaycan Bütöv Azərbaycana birləşəcək bir gün.Əsas odur ki, orada, otorpaqlarda bu birləşməni təmin edən türk olsun, türk yaşasın”.
Tədbirdə BDM tərəfindən hazırlanmış “Qərbi Azərbaycan: Unudulması mümkün olmayan tarix” adlı film nümayiş etdirildi. Eyni zamanda BDM və DAK tərəfindən hazırlanmış “Ermənilərin Qafqaza yerləşdirilməsi və qərbi azərbaycanlıların deportasiyası” adlı kitab təqdim olunub. Tədbirdə AMEA-nın aparıcı elmi işçiləri, diaspor və QHT nümayəndələri, tanınmış ziyalılar və KİV nümayəndələri də iştirak edib.
Tədbirin sonunda Qərbi Azərbaycanla bağlı məqalə və araşdırmalarına görə, ASİMDER sədri Göksəl Gülbəy, DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və digərləri diplomla təltif edildilər.