"Mehriban Əliyeva Azərbaycanın humanitar gücünü dünyaya nümayiş etdirir" - POLİTOLOQ
“Bu humanitar fəaliyyətlər ölkəmizin beynəlxalq aləmdə tanıdılmasını təmin etməyə yönəlib”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri və Fondun dəstəyi ilə bərpa olunan tarixi abidələrə baxışı ilə bağlı fikirlərini səsləndirərkən deyib.
O bildirib ki, Mehriban Əliyeva Azərbaycanın humanitar gücünü dünyaya nümayiş etdirən şəxsdir:
“2000-ci illərin əvvəlindən başlayaraq Azərbaycanın “nation brending” beynəlxalq imicinin formalaşdırılması da onun adı ilə bağlıdır. Bu humanitar fəaliyyətlər ölkəmizin beynəlxalq aləmdə tanıdılmasını təmin etməyə yönəlib”.
Ə.Əlibəyli qeyd edib ki, Vatikan səfəri də multikultural dəyərlərlə bağlıdır:
“Azərbaycanda belə bir siyasət xətti olması, bu istiqamətdə komitənin yaradılması, həmçinin fənn kimi tədrisi təsadüfi deyil.Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən Azərbaycanın xristianlara qarşı kəskin siyasətinin olduğu ilə bağlı qarayaxma kampaniyalar aparılırdı. Lakin bu mif də bizim siyasət nəticəsində dağıdıldı. Çünki Azərbaycanda bütün dini etiqadlar sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayır. Məhz buna görə də Azərbaycanın multikultural və humanitar dəyərləri dünyaya nümunə kimi təqdim olunur”,- deyə o bildirib”.
Nəsimi Ələsgərli