Netanyahu orduya Qəzzadakı radikallara qarşı qəti addımlar atmağı əmr etdi - YENİLƏNDİ
İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra orduya Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Baş nazirin kanselyariyası məlumat yayıb.
“HƏMAS-ın atəşkəsi pozmasından sonra baş nazir Netanyahu İsrailin müdafiə naziri İsrael Kats və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımların atılmasına göstəriş verib”, – bəyanatda deyilir.
Bundan əvvəl İsrail ordusu anklavın cənubundakı Rəfah şəhəri yaxınlığında yaraqlıları atəşkəsi kobud şəkildə pozmaqda ittiham edərək onlara hava zərbələri endirib.
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatların dərhal bərpa olunmasını istəyib./Report/
***15:00
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatların dərhal bərpa olunmasını istəyib.
Yenicag.az xəbər verir ki, bu barədə nazir özünün Telegram kanalında yazıb.
“Mən Baş naziri İsrail Müdafiə Qüvvələrinə Zolaqda hərbi əməliyyatları tam şəkildə bərpa etməyi əmr etməyə çağırıram. “HƏMAS”ın mövqeyini dəyişəcəyi, hətta gözlənildiyi kimi imzaladığı razılaşmaya sadiq qalacağına dair yalan illüziyalar bizim təhlükəsizliyimiz üçün təhdiddir”, – Ben-Qvir bildirib.
Nazir həmçinin hərəkatın mümkün qədər tez tam məhv edilməsini istəyib./Report/