"Ən nüfuzlu tədbirlərdə Azərbaycanın iştirakı xüsusi əhəmiyyət daşıyır" - ŞƏRH
“Bugün dünyanın ən nüfuzlu tədbirlərində Azərbaycanın iştirakı xüsusi əhəmiyyət daşıyır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycanın nüfuzunun gündən-günə genişlənməsi, yeni dünya nizamındakı yeri, həmçinin geosiyasi proseslərdə söz sahibinə çevrilməsindən danışıb.
Politoloq bildirib ki, bugün dünyada Azərbaycan balanslaşdırılmış və müstəqil, müdrik xarici siyasəti ilə seçilən, mürəkkəb geosiyasi mövqeyinə baxmayaraq öz hədəflərindən imtina etməyən, eyni zamanda etibarlı iqtisadi tərəfdaş kimi tanınan dövlətdir.
“Azərbaycan bu nüfuzu 1993-cü ildən etibarən həyata keçirilən siyasət nəticəsində qazanıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursuna Prezident İlham Əliyev də daim sadiq qalmış, bütün təzyiqlərə və çətinliklərə baxmayaraq bu xarici siyasət xəttindən heç vaxt imtina etməmişdir.1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən Azərbaycan, Rusiyanın güclü təzyiqlərinə baxmayaraq öz mövqeyində qətiyyətlə dayandı. Sonrakı dövrlərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkəmizə qəbul etdirməyə çalışdıqları ədalətsiz sülh sazişinə qarşı da Azərbaycan sona qədər prinsipial mövqe nümayiş etdirdi.2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına cavab olaraq başladığımız əks-hücum əməliyyatını bütün təzyiqlərə baxmayaraq uğurla sona çatdırdıq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini dövlət olaraq öz gücümüzlə icra etdik.Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edərək təzyiqlərə baxmayaraq, müstəqil qərarlar qəbul edib. Ermənistanla sülh sazişi layihəsinin əsas prinsiplərini təqdim edərək, danışıqları son mərhələyə çatdırdıq və Vaşinqtonda sülh sazişinin paraflanmasına nail olduq. İranın sərhədlərimiz yaxınlığında keçirdiyi hərbi təlimlərə və təxribatçı addımlarına qarşı da cəsarətlə dayandıq”.
A.Səmədov qeyd edib ki, Azərbaycan heç vaxt humanitar dəyərlərdən imtina etməyib və Ukraynaya humanitar yardım göstərməkdə davam edib:
“Bütün bunlar, təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunu xeyli artırıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.Azərbaycan, beynəlxalq öhdəliklərinə sadiq, etibarlı tərəfdaş kimi qəbul olunur.COP29-un uğurla təşkili və iqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım fondunun 300 milyard dollara çatdırılması da Azərbaycanın humanitar və ekoloji məsuliyyətinin göstəricisidir.Atdığımız bütün bu addımlar Azərbaycanın müstəqil dövlət kimi nüfuzunu daha da artırıb, onun beynəlxalq arenada etibarlı tərəfdaş və mühüm qərarverici kimi tanınmasına səbəb olub”.
Politoloqun sözlərinə görə, dünyanın ən nüfuzlu tədbirlərində Azərbaycanın iştirakı xüsusi əhəmiyyət daşıyır:
“Misirdə keçirilən və dünyanın aparıcı dövlətlərinin qatıldığı Sülh Sammitində Azərbaycanın fəal iştirakı da bunun bariz nümunəsidir.Şübhə yoxdur ki, bundan sonra da Azərbaycan, dünya miqyasında ən vacib problemlərin həllində fəal iştirak edəcək və öz dəyərli töhfəsini verəcəkdir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli