Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sahibə Qafarovadan İran parlamentinin Xocalı soyqırımı ilə bağlı tutumuna REAKSİYA

Reklam: Sinerji Pro

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Yenicag.az spikerin çıxışını təqdim edir:

“Hörmətli həmkarlar, bildiyiniz kimi, 3 gün bundan əvvəl, sentyabrın 27-də ölkəmizdə Anım Günü qeyd edildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində keçirilmiş yürüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etdilər.

Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu.

Dövlət başçısı xalqa etdiyi müraciətində ədalət, ləyaqət və milli qürur uğrunda 44 günlük Vətən müharibəsində böyük Qələbəmizi şərtləndirən amillər haqqında geniş məlumat verdi, 30 il ərzində torpaqlarımızı işğal altında saxlamış, həm işğal, həm də müharibə dövründə dinc əhaliyə qarşı qanlı cinayətlər törətmiş erməni faşizminin iç üzünü açıb göstərdi, bundan sonra Azərbaycan dövlətinin qalib dövlət kimi, Azərbaycan xalqının qalib xalq kimi əbədi yaşayacağını bəyan etdi.

Möhtərəm Prezidentimizin bu sözləri hər birimizin ürəyindən xəbər verirdi. O, dedi: “… əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik.
Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

…Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Hörmətli həmkarlar!

Mən bu möhtəşəm Qələbəni xalqımıza bəxş etmiş Müzəffər sərkərdəmiz İlham Əliyevə, Azərbaycanın cəsur əsgər və zabitlərinə bir daha sonsuz minnətdarlığımızı ifadə etmək istəyirəm.

Qazilərimizə möhkəm can sağlığı, döyüşlərdə xəsarət almış hərbçilərimizə şəfa diləyirəm.

Hörmətli deputatlar!

Təəssüf ki, müharibədə itkilərimiz də olmuşdur.

Xahiş edirəm, Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hörmətli deputatlar!

Bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə mən sizə məlumat vermişdim. Qısaca olaraq qeyd edim ki, 3 sessiyada 22 iclas keçirilmiş, 120 qanun və qərar qəbul edilmişdir. Ölkənin ictimai-siyasi və iqtisadi həyatının mühüm məsələlərinə münasibət bildirilmişdir.

Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyadan sonrakı dövrdə də uğurla davam etdirilmişdir. Bir sıra ölkələrə səfərlər həyata keçirilmiş, xarici ölkələrin təmsilçiləri Milli Məclisdə qəbul edilmişlər.

Nümayəndə heyətlərimiz üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Eyni zamanda, pandemiya dövrünün şəraiti nəzərə alınmaqla, xaricdəki həmkarlarımız ilə videokonfrans formatında bir sıra görüşlər keçirilmiş və danışıqlar aparılmışdır.
Milli Məclisin beynəlxalq əlaqələri ilə bağlı ən mühüm hadisələrdən biri iyul ayının sonlarında Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopun və Pakistan Milli Assambleyasının Sədri cənab Əsəd Qeysərin Azərbaycana səfəri və iyulun 27-də Bakıda Azərbaycan,  Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün keçirilməsi olmuşdur.

Üç dost və qardaş ölkənin yeni üçtərəfli parlament əməkdaşlığı formatının əsası qoyulmuşdur. Parlament sədrlərinin birinci görüşünün yekununda Bakı Bəyannaməsi qəbul edilmişdir.

Onu da deyim ki, parlament sədrlərinin işğaldan azad edilmiş Şuşa və Füzuli şəhərlərini birgə ziyarət etməsi üç qardaş ölkənin qanunvericilik orqanları arasında münasibətlərin ən yüksək səviyyəsini ifadə edirdi.

Mən əminəm ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik qarşıdakı illərdə daha da dərinləşəcək və xalqlarımızın milli maraqlarına xidmət edəcəkdir.

Hörmətli həmkarlar!

İyul-avqust aylarında Milli Məclisdə Koreya Milli Assambleyasının Sədri Park Byonq-Soq, Fransa Milli Assambleyasının nümayəndə heyəti, Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev, Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşlərim keçirilmişdir. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti də Milli Məclisin qonağı olmuşdur. Görüşdə qeyd edilmişdir ki, Azərbaycanla Türkiyə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır. Belə bir yekdil fikir ifadə olunmuşdur ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da sanballı töhfə verir.

Onu da deyim ki, sadaladığım bütün görüşlərdə 44 günlük Vətən müharibəsinin nəticələri haqqında məlumat verilmişdir. Torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında olması, erməni vandallarının işğal dövründə şəhər və kəndlərimizi viran qoyması, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının heç bir nəticə verməməsi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə təmin etməsi, habelə müharibədən sonrakı dövrdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi, bu səbəbdən hərbi qulluqçularımızın və dinc sakinlərin minalara düşərək həlak olması barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin nəzərinə çatdırılmışdır.

Hörmətli həmkarlar!

Bu dövrdə keçirilmiş görüşlər arasında mən Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan ilə görüşümüzü ayrıca qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, çox tez-tez bu təşkilatda ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz münasibətin, yalan iddialara əsaslanan qərəzli yanaşmanın şahidi olmuşuq. Bu mənada hesab edirəm ki, Azərbaycan həqiqətlərini Avropadakı həmkarlarımıza anladıb qəbul etdirmək üçün hər bir imkandan istifadə edilməlidir.
Görüşdə mən məruzəçi Pol Qavan tərəfindən hazırlanan “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabat haqqında danışaraq, xüsusi vurğuladım ki, Ermənistan işğala məruz qalmayıb, Ermənistan ərazisində nə müharibə olub, nə də orada müharibə dağıntıları var.

Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında isə Ermənistanın işğalçılıq siyasətinin, terrorunun, Ermənistanın müharibə cinayətlərinin izlərinə rast gəlinir. Bu baxımdan hazırlanan hesabat obyektiv faktlara əsaslanmalı və AŞPA ədalətli bir yanaşma ortaya qoymalıdır.

Hörmətli həmkarlar!

Bu dövrdə Milli Məclisdə keçirilmiş mühüm görüşlər arasında Azərbaycanın bir sıra xarici ölkələrdə – Türkiyə, Pakistan, Polşa, Avstriya, Belçika, Latviya, Estoniya, Moldova və Koreyada səfirləri, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, ABŞ-ın Los Anceles şəhərindəki baş konsulu ilə görüşlər qeyd edilməlidir. Həmin görüşlərdə mən Azərbaycan həqiqətlərinin təbliği, dövlət maraqlarımızın qorunması, beynəlxalq əlaqə-lərimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunmasının vacibliyini qeyd etdim.

Qanunvericilik orqanları arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə kömək göstərməyin, beynəlxalq parlament təşkilatları ilə birgə fəaliyyəti gücləndirməyin əhəmiyyətini vurğuladım.

Hörmətli həmkarlar!

Avqustun 6-da mən İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə oldum.

Səfər çərçivəsində İran İslam Şurası Məclisinin Sədri Məhəmmədbaqer Qalibaf və İran parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşümüz keçirildi. Görüşdə vurğulandı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunmuşdur.

Mən qeyd etdim ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub, indi işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir.

Nəzərə çatdırdım ki, Ermənistan işğal dövründə məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv etmiş, müqəddəs ziyarətgahlarımızı təhqir etmişdir.

Görüşdə mən həmçinin, gələn il Xocalı soyqırımının 30-cu ildönümünün tamam olması məsələsinə toxunaraq qeyd etdim ki, bir sıra müsəlman və xristian ölkələrinin icra və qanunvericilik orqanları Xocalıda törədilmiş kütləvi qırğını soyqırımı kimi tanımışlar. Bu məsələyə

İran parlamentinin də münasibət bildirməsinin vacibliyinə toxundum.

İki ölkə arasında parlamentlərarası əlaqələrin vəziyyəti müzakirə edildi.

Səfər zamanı İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşümüz də oldu.

Hörmətli həmkarlar!

Sentyabr ayının əvvəllərində mənim rəhbərliyimlə nümayəndə heyəti parlament spikerlərinin 5-ci dünya konfransında iştirak etmək üçün Avstriyada işgüzar səfərdə olmuşdur. Sentyabrın 8-də keçirilən bu konfransın ümumi müzakirələrində mən də çıxışlar etdim. Bildirdim ki, parlament diplomatiyasının sülh və təhlükəsizliyin təmin olunması naminə fəaliyyəti ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərə hörmətin təşviq edilməsi vasitəsi ilə həyata keçirilməlidir. Birləşmiş Millətlər Təşkilatı ilə milli parlamentlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə dair təkliflərimi səsləndirdim.

Ermənistan spikerinin irəli sürdüyü əsassız iddialara cavab verərək dedim ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.

Konfrans çərçivəsində parlament sədrlərinin iştirakı ilə bir sıra digər müzakirələr, o cümlədən Qadın parlament sədrlərinin 13-cü Sammiti, “COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir” mövzusunda toplantı, Terrorizmlə mübarizə üzrə birinci qlobal parlament Sammiti də keçirildi.

Bu tədbirlərdə etdiyim çıxışlarda mən Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin uğurları, qaçqın və məcburi köçkün olan qadınların üzləşdiyi problemlər, qlobal pandemiyaya qarşı mübarizədə qadınların rolu barədə danışdım, pandemiyanın qarşısının alınması ilə bağlı ölkəmizin irəli sürdüyü beynəlxalq təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verdim, eləcə də Azərbaycanın bütün formalarda və təzahürlərdə terrorçuluğa qarşı mübarizəyə ardıcıl dəstək göstərdiyini qeyd etdim.

Hörmətli həmkarlar!

Avstriyaya işgüzar səfər gedişində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər də keçirmişdir.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq, Yaponiya Parlamentinin Müşavirlər Palatasının Sədri Akiko Santo, Belçika Federal Assambleyası Nümayəndələr Palatasının Sədri Elian Tilyö və Senatın Sədri Stefani d’Oz, Polşa Senatının Sədri Tomas Qrodzki, Estoniya parlamentinin Sədri Yuri Ratas, Latviya parlamentinin Sədri İnara Murniyetse, Gürcüstan parlamentinin Sədri Kaxa Kuçava, Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulin ilə aparılan danışıqlar səmərəli olmuşdur. Görüşlərdə parlamentlərarası əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur. 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatlar barədə məlumat verilmişdir.

Hörmətli həmkarlar!

Sentyabrın 13-də mən ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdüm.

Xalqlarımız arasında çox qədim tarixə malik münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Aygul Kuspan Azərbaycanın işğaldan azad olunmuş Şuşa və Füzuli şəhərlərinə səfərləri haqqında təəssüratlarını bölüşdü. Qeyd edim ki, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da bu səfərlərdə onunla birlikdə olmuşlar.

Hörmətli həmkarlar!

Sentyabrın 15-də mən İslam Əməkdaşlığı Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşdüm. Qeyd edim ki, Assosiasiyanın sədri, Türkiyənin baş ombudsmanı Şeref Malkoç, Türkiyə ombudsmanı Celile Özlem Tuncak və Pakistan ombudsmanının müşaviri Məhəmməd Cavid Qani Azərbaycana çox gərəkli bir missiya ilə gəlmişdilər.

Onların məqsədi işğaldan azad olunmuş Azərbaycan ərazilərində insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının və prinsiplərinin pozulması faktlarını araşdırmaq idi. Görüşdə həm bu məsələ, həm də digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır. Bu qonaqlar Milli Məclisin komitə sədri Zahid Orucla da görüşmüşlər.

Hörmətli həmkarlar!

Sentyabrın 27-dən 29-dək mənim rəhbərliyimlə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərlərdə olmuşdur.

Səfərin birinci günü nümayəndə heyətimiz Qazaxıstanın Türküstan şəhərində “Farab Library” kitabxanasında 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak etdi.

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi.

Mən tədbirdə çıxış edərək bildirdim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərləri öz canları, qanları bahasına torpaqlarımızı işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişlər. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim yaşadır və qəhrəman övladlarımızın adları dövlətçilik tariximizə əbədi həkk olunmuşdur.

Tədbirin sonunda Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsindən ibarət kitabın təqdimat mərasimi də keçirildi.

Hörmətli həmkarlar!

Onu da deyim ki, Milli Məclisin nümayəndə heyətinin Qazaxıstana işgüzar səfərində məqsəd Türküstan şəhərində TürkPA-nın 10-cu plenar sessiyasında iştirak etmək idi. Bildiyiniz kimi, türkdilli ölkələrin əməkdaşlıq təşkilatları arasında öz yeri olan Türkdilli Ölkələrin Parlament Assambleyası 12 ildir ki, uğurla fəaliyyət göstərir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ortaq parlament məclisi çərçivəsində iş birliyi ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır.

Bildiyiniz kimi, Azərbaycan Milli Məclisi 2019-cu ilin dekabr ayında TürkPA-ya Sədrliyi qardaş Türkiyə Böyük Millət Məclisindən təhvil almışdı.

Assambleya Şurasının iclasında mən Azərbaycan tərəfinin quruma sədrlik etdiyi dövrdə görülmüş işlər haqqında geniş məlumat verdim. TürkPA-ya sədrlik qardaş Qazaxıstan Parlamentinin Məclisinə təhvil verildi.

Təşkilatın 10-cu plenar iclası Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulinin 44 günlük Vətən müharibəsində Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik etməsi və bizim şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik sükut elan olunması ilə başlandı.
Daha sonra iclasda dost və qardaş ölkələrin parlament məclisi çərçivəsində iş birliyinin inkişafı məsələləri müzakirə edildi. Öz çıxışımda mən digər məsələlərlə yanaşı, 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi qələbədən sonra regionda yaranmış yeni əməkdaşlıq imkanları barədə məlumat verdim.

İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji-nəqliyyat layihələri ilə birlikdə yaradılacaq Zəngəzur dəhlizinin türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açdığını bildirdim.

Tədbirin yekunu olaraq Türküstan Bəyannaməsi imzalandı.

Hörmətli həmkarlar!

Sentyabrın 28-də Milli Məclisin nümayəndə heyəti rəsmi səfər çərçivəsində Nur-Sultan şəhərinə yola düşdü.
İlk tədbirimiz Azərbaycanın Qazaxıstandakı Səfirliyində keçirildi. Orada biz Ulu öndər Heydər Əliyevin büstü önünə təzə güllər qoyduq, xatirəsini dərin ehtiramla yad etdik.

44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin anım gününü də orada qeyd etdik.

Xalq və Vətən yolunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ehtiramımızı ifadə etdik.

Hörmətli həmkarlar!

Qazaxıstana rəsmi səfər gedişində Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, ölkə Prezidenti Kasım-Jomart Tokayev, Qazaxıstan parlamentinin hər iki palatasının sədrləri Maulen Aşımbayev və Nurlan Niqmatulin, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçirildi. Həmin görüşlərdə iki dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə edildi, əməkdaşlıq əlaqələrinin, o cümlədən parlamentlər arasında iş birliyinin inkişaf perspektivləri, digər məsələlər müzakirə olundu.

Sentyabrın 29-da Milli Məclisin nümayəndə heyəti Nur-Sultan şəhərində böyük alim, tarixçi-etnoloq Lev Qumilyovun adını daşıyan Avrasiya Milli Universitetində oldu. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin fəxri professoru olduğu həmin universitetin Elmi Şurasında mühazirə ilə çıxış etməyə dəvət olunmağımı mən həm yüksək şərəf, həm də çox böyük məsuliyyət hesab edirəm.

Öz çıxışımda mən Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, o cümlədən 44 günlük Vətən müharibəsinin səbəbləri və nəticələri haqqında məlumat verdim, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti, xalqımızın mədəni və mənəvi zənginliyi, bəşər sivilizasiyasına verdiyi töhfələr, dünyaya bəxş etdiyi böyük insanlar haqqında düşüncələrimi bölüşdüm.

Milli Məclisin nümayəndə heyəti Qazaxıstanda bir sıra digər tədbirlərdə də iştirak etdi. Bütün keçirdiyimiz görüşlərdə biz gələn il Xocalı soyqırımının 30 illiyi ilə bağlı məsələ qaldırdıq və qeyd etdik ki, Qazaxıstan parlamentində də Xocalı soyqırımına münasibət bildirilməsi yaxşı olardı.

Hörmətli həmkarlar!

Sessiyalar arasındakı dövrdə Milli Məclisdə mühüm bir tədbir də baş tutmuşdur. “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilmişdir. Konfransda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin, komitə və komissiyaların rəhbərliyi, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak etmişlər.
Öz çıxışımda mən bildirdim ki, 44 günlük Vətən müharibəsində şanlı zəfər Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur.

Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələr və hədəflər bu il yanvarın 6-da möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox aydın şəkildə ifadə edilmişdir.

Konfransda bildirildi ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Ölkədə iqtidar-müxalifət dialoqu qurulmuş, siyasi partiyalarla iş yenidən təşkil edilmişdir. Dövlət başçısının islahat və inkişaf konsepsiyasına uyğun olaraq altıncı çağırış Milli Məclisdə yeni demokratik mühitin formalaşdığı, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğu qeyd edildi. İcra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi yollarına nəzər salındı.

Diqqətinizə görə təşəkkür edirəm!”

www.yenicag.az

157
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100