!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahil Qasımov: “Ali Baş Komandana müraciətimizdə döyüşlərə qatılmağa hazır olduğumuzu bildirmişik” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Erməni Qriqorian kilsəsi dünya xristianlarına müraciət edərək onları Qarabağın dini müharibə getdiyinə inandırmağa çalışır”.

Yenicag.az Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovla müsahibəni təqdim edir.

– Hazırda davam edən Qarabağ müharibəsi Avropa ictimaiyyətini nə dərəcədə maraqlandırır?

– Avropa Azərbaycanlılar Konqresi xalqımızı və müzəffər Ordumuzu salamlayır, bu günlərdə Avropadakı diasporumuzun ürəyinin vətənlə bir döyündüyünü diqqətlərə çatdırır. Sualınıza cavab olaraq deyim ki, Avropa Qarabağda gedən müharibə ilə demək olar ki, heç də yaxından maraqlanmır, bəzi hallarda isə avropalıların maraq dairəsindən kənarda olan hadisə kimi qiymətləndirilir. Avropada pandemiyanın pik həddə çatması ilə bağlı hökumətlərə yönəlik qəzəb, Avropaya qaçqın dalğası və sair səbəblər Cənubi Qafqazda baş verən hərbi qarşıdurmanı ikinci plana keçirib.

– Müxtəlif Avropa ölkələrinin media orqanları və telekanallarının nümayəndələri döyüşlər başlayandan sonra müxtəlif vaxtlarda Azərbaycanda olublar və onların çoxunu prezident İlham Əliyev qəbul edib, geniş müsahibə verib. Dövlət başçısının bu istiqamətdə ardıcıl fəaliyyəti ümumilikdə Avropa ictimaiyyətinin regionumuz və Qarabağ müharibəsi haqqında indiyədək formalaşmış təsəvvüründə hansı dəyişiklik edib?

– Prezident İlham Əliyevin Avropanın müxtəlif media orqnlarına verdiyi müsahibələri hər kəs oxuyur və dinləyir. Bu müsahibələrdə İlham Əliyev faktlarla Qarabağ müharibəsinin və Ermənistanın işğalçı siyasətinin mahiyyətini açıqlayır, dünyaya sülh mesajı verir. Amma Avropa işğalçı Ermənistanı dəstəkləməyə hələ də davam edir, Azərbaycanın Vətən Müharibəsini sanki “xristian ermənilərə qarşı soyqırımı” kimi qələmə verməyə çalışır. Amma ermənilərin bu iddialarının Azərbaycanın birinci şəxsi tərəfindən puça çıxarılması uzunmüddətli erməni təbliğatını alt-üst edir.

– Ermənilər adətləri üzrə bütün çirkin metodlardan istifadə edərək, Qarabağdakı müharibəyə fərqli, dini məzmun verməyə çalışırlar. Əksəriyyəti xristian olan Avropa cəmiyyəti bu məsələyə hansı kontekstdən baxır?

– Ermənilər Qarabağda gedən müharibəni dini müharibə, dinlərarası qarşıdurma, mədəniyyətlərin toqquşması kimi göstərməkdə davam edirlər. Azərbaycanın erməni kilsələrini dağıtdığını, xristianları məhv etmək arzusunda olduqlarına dair yersiz təbliğatlarını davam etdirirlər. Erməni Qriqorian kilsəsi dünya xristianlarına müraciət edərək onları Qarabağın dini müharibə getdiyinə inandırmağa çalışır. Onu da deyim ki, buna müəyynə mənada nail ola biliblər.

– Erməni diasporunun fəaliyyəti hamımıza məlumdur. Bəs Avropadakı Azərbaycan diaspor təşkilatları hərbi əməliyyatların yenidən başlamasından sonra ölkəmizin haqlı mövqeyini dünyaya çatdırmaq yönündə nə kimi işlər görürlər?

– Avropadakı Azərbaycan təşkilatları sentyabrın 27-dən bu yana Azərbaycanda gedən döyüşləri diqqətlə izləyir, yaşadıqları ölkələrdə Qarabağ müharibəsinin mahiyyətini bütün platformalarda izah edirlər. Demək olar ki, Avropanın əksər ölkələrində müxtəlif mitinqlər və başqa aksiyalar təşkil olunur, layihələr həyata keçirilir. Azərbaycan və Türkiyə diasporu hər zaman olduğu kimi indi də birlikdə hərəkət edir, müxtəlif siyasi müstəvilərdə səyləri birləşdirir. Beynəlxalq institutlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, NATO, Unesco, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, GUAM və başqa qurumlara bəyanatlar və məktublar ünvanlanır. Eyni zamanda, cəbhəyə və şəhid ailələrinə maddi və humanitar yardımlar göndərilir. Avropa Azərbycanlıları Konqresi adından Ali Baş Komandana müraciət ünvanlayaraq, bir nəfər kimi döyüşlərə qatılmağa hazır olduğumuzu bildirmişik.

Aqil Bəkir

www.yenicag.az

2517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv